Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1188/2022 15.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Yol patrul xidməti inspektoru, polis baş serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Astara rayonu Şahağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, İİ qrup əlilliyi olan, fərdi əməklə məşğul olan, Astara rayonu Şahağac kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1 və 333.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbayca Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyü tərəfindən Şəxs barəsində İXM-in 327.1 və 333.3-cü maddələri ilə tərtib edilmiş 15.04.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Yol patrul xidməti inspektoru, polis baş serjantı X4 izahat verərək bildirmişdir ki, 15 aprel 2022-ci il tarixdə səhər saatlarında Bakı-Quba yolunun 8-ci km-də Xəzər markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin Toyota və Ford markalı avtomobillərlə toqquşması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında əraziyə yollanmış və orada müəyyən etmişdir ki, Xəzər markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs Bakı-Quba yolunun 8-ci km-də hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanmış Ford markalı ** BK *** dövlət qeydiyyat nişanlı və Toyota markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilləri vuraraq həmin avtomobillərin sahiblərinə və ərazidə yerləşən Rahat marketə maddi ziyan vurmuşdur. Hadisə nəticəsində yalnız avtomobillərə ziyan dəmiş və bədən xəsarəti alan şəxs olmamışdır. Bundan sonra tərəfindən baş vermiş hadisə üzrə araşdırma aparılması məqsədi ilə sürücülər sərxoşluq müayinəsinə aparlmış və müayinə nəticəsində Şəxs nakotik vasitələrin sərxoşluğu altında nəqliyyat vasitəsini idarə etməsi halı aşkar edilmişdir. Daha sonra izahatlar alınmış və tərəfindən Şəxs barəsində İXM-in 327.1 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, narkotik vasitədən istifadə etdiyindən və 15 aprel 2022-ci il tarixdə səhər saatlarında Bakı-Quba yolunun 8-ci km-də Xəzər markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında idarə edərək qəza törətmişdir. Hadisə nəticəsində avtomobilərə və marketə ziyan vurulmuş, heç kəsə xəsarət dəyməmişdir. İİ qrup əlil olduğunu və törətdiyi inzibati xətadan peşam olduğunu qeyd edib məhkəmədən ona köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 15.04.2022-ci il tarixli Yol-Nəqliyyat hadisəsinin sxemindən görünür ki, Şəxs idarə etdiyi Xəzər markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 15 aprel 2022-ci il tarixdə Bakı-Quba yolunun 8-ci km-də Rahat marketin qarşı tərəfindənSumqayıt şəhəri istiqamətində gedən yolda, yolun sağ tərəfində dayanmış Ford markalı ** BK *** dövlət qeydiyyat nişanlı və Toyota markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilləri vuraraq həmin avtomobillərin sahiblərinə və Rahat marketə maddi ziyan vurmuşdur. 15.04.2022-ci il tarixli, 1/1603 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin tarixdə Şəxs OPİ(+), MET(+) narkotik vasitə tərkibli maddələrin təsiri altında olmuşdur. 15.04.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 aprel 2022-ci il tarixdə Xəzər markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idrə edərək manevr qaydalarını pozub, dayanmış vəziyyətdə olan Toyota və Ford markalı avtomobilləri vurmuş və X1, X3 və Rahat marketə maddi ziyan vurmuşdur. Nəticədə, Şəxs İXM-in 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. 031533 nömrəli ƏƏSM Nazirliyi yanında DSMF-nin Astara rayon şöbəsinin vəsiqəsindən görünür ki, Şəxs İİ qrup əlilliyi vardır. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol İXM-in 333.3-cü maddəsi ilə olan xəta hadisəsi üzrə əsaslıdır. Lakin Şəxs İXM-in 327.1-ci maddəsi ilə olan əməlinə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Azərbayca Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünə həvalə olunmalıdır. Belə ki, Şəxs İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun həm məhkəmə iclasında verdiyi izahatı, həm də məhkəmədə toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Digər tərəfdən isə qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə şəxs tərəfindən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi üzrə inzibati araşdırmanın aparılması və onun həmin maddə ilə təqsirli bilindiyi təqdirdə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli məhkəmənin səlahiyyətinə deyil, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından onun səlahiyyətli orqanları tərəfindən həyata keçirilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları (İİ qrup əlilliyinin olmasını), onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılaqla inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, İXM-in 327.1-ci maddəsi ilə olan xətaya isə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünə həvalə olunmalıdır Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. 15.04.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə və yekun qərarın qəbul edilməsinə dair hissəsi üzrə araşdırmanın aparılması Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-1188/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1188/2022
15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver