Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1192/2022 16.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X6, şikayət vermiş şəxs X5 iştirakları ilə, X5 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 “Bolluq” İK-nin sədridir. Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlar Xidmət və X4 xx.xx.2022-ci il tarixli, 00226 nömrəli yoxlama aktına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidməti tərəfindən 4500 manat məbləğində cərimə edilməyinə görə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, “Bolluq İK” tərəfindən əmək müqaviləsi olmadan bir nəfər fiziki şəxs işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Buna görə də Kooperativin rəhbəri kimi, onun və Kooperativ barəsində inzibati xətaya yol verildiyinə görə protokol tərib edilmişdir. O, protokolla razı deyildir. Belə ki, həm müəssisə, həm də vəzifəli şəxs kimi tərəfindən inzibati xətaya yol verilməmişdir. Onlar əmək müqaviləsi bağlamadan heç bir işçini, xidmət və işlərin yerinə yetirilməsinə cəlb etməmişlər. Müəssisədə çalışan bütün işçilərlə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi olmayan şəxlərin əməyindən heç bir vaxt istifadə etməmişlər. Müəssisəyə məxsus ərazidə aşkar edilmiş şəxsi tanımırlar, həmin adamın şəxsiyyəti onlara bəlli deyildir. Nə məqsədlə tikintiyə gəlməsinin səbəbini öyrəndikdən sonra onlara məlum olmuşdur ki, həmin şəxs müəssisədə işləyən hansısa qohumunu ziyarət etmişdir. Hesab edir ki, hərəkətlərində inzibati xəta hadisəsi baş vermədiyindən barəsində tərtib edilən Qərar ləğv edilməli, işin icraatına isə xitam verilməlidir. Məhkəmə iclasında X5 nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə şikayəti müdafiə edib, onun məzmununa uyğun çıxış etməklə əlavə olaraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi X5 əməlində inzibati xəta tərkibi yoxdur. Bununla yanaşı, X9 barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun aparılmamaqla, onun bir sıra hüquq və vəzifələri pozulmuşdur. Belə ki, X9 barəsində protokol və qərarın qəbul edilməsindən sonradan xəbəri olmuşdur. Halbuki barəsində icraat aparılması ilə bağlı ona məlumat verməli, bu braədə sübutu varsa təqdim etməli, sonda protokolla tanış etməli idi. Bu hərəkətlərin isə heç biri yerinə yetirilməmişdir. Bu isə onu göstərir ki, X5 hüquqları pozulur və özünü müdafiəsi üçün şərait yaradılmayaraq həm əsassız, həm də haqsız yerə cərimələnmiş olur. Bununla yanaşı, səlahiyyətli orqan tərəfindən işi hərtərəfli araşdırılması və həqiqətin ortaya çıxarılması məqsədi ilə lazımi tədbirlər görülməyərək müvafiq şahidlər dindirilməmişdir. Ona görə də, məhkəmədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X11 bildirmişdir ki, 11 fevral 2022-ci il tarixdə “Bolluq” İK-də yoxlama keçirilmişdir. Həmin tarixdə keçirilmiş yoxlama zamanı “Bolluq” İK-də işləyən 31 nəfər şəxs yoxlanılmış və onlardan 1 nəfərinin əmək müqaviləsinin olmaması faktı aşkar edilmişdir. Həmin fakt əsasında xidmət tərəfindən müvafiq araşdırma aparılmış və araşdırma zamanı qeyd olunan fakt öz təsdiqini tapmışdır. Bundan sonra isə X9 barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, sonuncu 4500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, “Bolluq” İK-də briqadir vəzifəsində çalışır. 11 fevral 2022-ci il tarixdə koorperativdə yoxlama keçirilmiş və bu zaman işçiləri X7 qardaşı X3 adlı şəxsin koorperativin iş gedən ərazisində olduğunu görüb onun da işçi kimi izahatı alınmışdır. X1 müəssisədə işləyən qardaşına çox oxşamış və təsadüfən həmin ərazidə olmuşdur. Xidmət tərəfindən səhvə yol verilərək X2 guya “Bolluq” İK-də əmək müqaviləsi olmadan işləməsi müəyyən edilmişdir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X9 tərəfindən verilmiş şikayət qismən təmin olunaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv, eləcə də qanunvericiliyin tələblərinə müvafiq araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X5 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Qeyd edilməlidir ki, məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən aparılmış araşdırma zamanı X5 hüquq və vəzifələrinin pozulması hallarının baş verməsi müəyyən edilmişdir. Bu barədə X5 nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmə iclasınd çıxışında qyd etmişdir ki, X9 barəsində protokol və qərarın qəbul edilməsindən sonradan xəbəri olmuş, ona barəsində icraat aparılması ilə bağlı məlumat verməmiş, bu braədə sübutu varsa təqdim etməsi, sonda protokolla tanış edilması üçün şəarit yaradılmayaraq, aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun aparılmamaqla, onun bir sıra hüquq və vəzifələri pozulmuşdur. Habelə müəyyən olunur ki, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, eləcə də ona barəsində icraat aparılacağı haqqında məlumat verilmədən, inzibati xəta haqqında aparılan araşdırmada iştirak edərək müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi və müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan X9 barəsində natamam araşdırma aparılmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X5 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bununla yanaşı, qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin qeyd olunan inzibati xətanı törətməsinə dair məhkəməyə heç bir tutarlı sübut təqdim edilməmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə, sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X9 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə, məhkəmə X5 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X5 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-1192/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1192/2022
16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver