Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1200/2023 17.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti baş inspektoru, polis kapitanı X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Masallı rayonu, Türkoba kəndindi qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X7 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə yol patrul xidmətinin raportu əsasında tərəfindən vətəndaş Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Çünki Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi “Opel” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, ona pozmuş olduğu qayda pozuntusu izah edildikdən sonra avtomobilə aid olan sənədləri təqdim etməyi tələb olunduqda yol patrul xidməti baş inpsketoru Zülfüqar Səfərliyev tərəfindən vətəndaşın yalan məlumat verdiyi müyyən olunmuş, dəfələrlə düzgün məlumat verməyi tələb olunsa da, buna məhəl qoymamış, hətta gizlin çəkiliş aparmışdır. Polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmadığına görə Şəxs avtopatrula əyləşdirilərək 4cü polis şöbəsinə gətirilmişdir. Elvin Cəfərov verilmiş suallara cavab olaraq Şəxs polis əməkdaşlarının qanuni tələblərinə əməl etməməsinin dəqiq olaraq raportda göstərildiyini, ona görə də İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib etdiyini, qeyd edilən raportu tərtib etmiş şəxsin izahatını almadığını, xx.xx.2023-cü il tarixdə saat 18:45-də inzibati qaydada tutulduğunu və tutma protokolunun tərtib edildiyini, şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı saatın 18:45 olduğunu, şəxsin birbaşa Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsindən Binəqədi Rayon Məhkəməsinə gətirildiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında , Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti baş inspektoru polis kapitanı X2 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi “Opel” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını, yəni 1.1 və 1.3 üfüqi nişanlanma xətlərinin tələbini pozduğuna görə tərəfindən saxlanılmış, Şəxs özünü təqdim etdikdən sonra pozduğu qayda pozuntusunu izah etmiş və avtomobilə aid olan sənədləri təqdim etməyi tələb etmişdir.Bundan sonra sürücü tərəfindən başqa bir şəxsə aid məlumatların söyləndildiyin aşkar etmiş, dəfələrlə düzgün məlumat verməyi tələb etsə də, vətəndaşın tələblərə məhəl qoymamış, hətta gizlin çəkiliş aparmışdır. Polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmadığına görə Şəxs avtopatrula əyləşdirilərək 4-cü polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Masallı rayonunda yaşayan xəstə anasına “20 Yanvar Dairəsi” kimi tanınan ərazidən təcili dərman göndərməli olduğundan dostu X3 məxsus “Opel” markalı, **-ZP-*** avtomobili idarə etmiş, yol patrul xidməti inspektoru tərəfindən saxlanıldıqdan sonra maddi vəziyyəti pis olduğundan cərimə yazılmasını istəməmiş, buna görə də yalandan dostuna məxsus məlumatları inspektora təqdim etmiş, gizli çəkiliş aparmadığını, sadəcə dostunun hadisədən xəbərdar olması, avtomobili polis əməkdaşları tərəfindən aparılmasından məlumatlı olması üçün dostuna göndərmək niyəti ilə çəkmək istədiyini bildirmişdir. Törətdiyi əməldən peşman olduğunu, heç yerdə işləmədiyini, tibb kollecindən yeni məzun olmasını, xəstə anasına təcili dərman göndərmək üçün özünə məxsus olmayan avtomobili idarə etdiyini bildirərək məhkəmədən barəsinə yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərardaddan görünür ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokola baxılaraq müəyyən edilmişdir ki, İXM-nin 535.1-ci maddəsin ilə törədilmiş inzibati xətalara baxılması məhkəmə orqanın səlahiyyətlərinə aiddir. Buna görə də, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Şəxs tərəfindən Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin rəisinə ünvanlanmış ərizədən görünür ki, Siyavuş Babayev məhkəmə prosessində hüquqlarının özü tərəfindən müdafiə ediləcəyini və bunun maddi vəziyyəti ilə əlaqədar olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Şəxs Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsində verdiyi izahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə dostu X3 məxsus “Opel” markalı, **-ZP-*** avtomobili hüququ olmadan götürüb idarə etdiyini, saat 18:00 radələrində yol hərəkəti qaydalarırını pozduğunu, bundan sonra yaşadığı binanın qarşısına gələn zaman yol patrul xidməti əməkdaşı tərəfindən saxlanıldığını, YPX əməkdaşının ona yaxınlaşaraq sənədləri tələb etdikdə portal vasitəsi ilə yoxladığını gördükdə dostunun ad, soyadını bildirdiyini, polis əməkdaşı tərəfindən yalnış şəxsə dair məlumatlar verdiyi aşkar edildikdə, öz ad soyadını deməkdən imtina etdiyini, sənədi olmadığını bildirdiyini və sonrasında polis bölməsinə gətirildiyini, törətdiyi əmələ görə peşman olduğunu, bir daha belə əməl törətməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti baş inspektoru polis kapitanı X2 tərəfindən Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi “Opel” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını, yəni 1.1 və 1.3 üfüqi nişanlanma xətlərinin tələbini pozduğuna görə saxlanılmış, X6 Əkbərliyə özünü təqdim etdikdən sonra pozduğu qayda pozuntusunu izah etmiş və avtomobilə aid olan sənədləri təqdim etməyi tələb etmişdir. Sürücü tərəfindən başqa bir şəxsə aid məlumatların söyləndildiyi Zülfüqar Səfərəliyev tərərfindən aşkar edilmiş, dəfələrlə düzgün məlumat verməyi tələb edilsə də, vətəndaş tələblərə məhəl qoymamış, hətta gizlin çəkiliş aparmışdır. Polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmadığına görə Şəxs 4-cü polis şöbəsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 2A ünvanında YPX əməkdaşlarına tabesizlik göstərmiş və özünü təqdim etməmişdir. Şəxs barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, onun qeyd edilən inzibati xətanı törətməsi öz izahatı və tərtib edilmiş raportla təsdiq edilir. İş materiallarında olan AZA seriyalı, 019043 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2023-cü il tarixdə saat 18:45-də inzibati qaydada tutulmuş, lakin məhkəmə baxışına qədər azad edilməmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan, inzinbati protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 18:00 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 2A ünvanında YPX əməkdaşlarına tabesizlik göstərmiş və özünü təqdim etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materillarına və şahid ifadələrinə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədildiyi tam şəkildə sübuta yetirilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etiraf edici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32-ci maddəsinə əsasən məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətaya görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bununla yanaşı həmin məcəllənin 31.4-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati qaydada tutma haqqında protokolda Şəxs tutulması xx.xx.2023-cü il saat 18:45 göstərilsə də, onun faktiki olaraq azadlığı saat 18:00-dan məhdudlaşdırılmış, məhkəmə baxışına qədər azad edilməmiş, məhkəmə iclasına da polis əməkdaşlarının müşayəti ilə gətirilmişdir. Ona görə də məhkəmə şəxsin məhkəmə baxışına qədər inzibati qaydada tutulmasını nəzərə alaraq cərimə cəzasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərinə uyğun tətbiq edilməsi və dərhal məhkəmə iclas zalından azad edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4 və 31.4-1-ci maddələri nəzərə alınmaqla 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclası zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1200/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1200/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver