Məhkəmə qərarları › İş №3(001)-1202/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1202/2021

11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1202/2021 11.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8, şikayət vermiş şəxs «Xaçın çay» Tikinti Kooperativinin direktoru X6 iştirakları ilə, «Xaçın çay» Tikinti Kooperativinin direktoru X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: «Xaçın çay» Tikinti Kooperativinin direktoru X9 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməsini və təyin edilmiş cərimənin silinməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilib, 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarı poçt vasitəsilə xx.xx.2020-ci ildə almış və onu qanunsuz, əsassız hesab edir. Belə ki, xx.xx.2020-ci il tarixdə protokol və xx.xx.2020-ci il tarixdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş, ona məsələnin mahiyyəti barədə heç bir məlumat verməmişdir. Məqsəd iş yerini bağlatdırmaq, onu iflas etdirib uzun illər çalışdığı obyekti ələ keçirməkdir. Qeyd olunmalıdır ki, 30 ilə yaxındır ki, həmin ünvanda fasiləsiz fəaliyyət göstərmişdir. Hüquqşünas olmadığından təqdim edilən sənədləri oxumadan, mahiyyət və mənasını dərk etmədən imzalamışdır. Hətta protokolu tərtib edən əməkdaş ona bildirmişdir ki, “vəziyyətinin yaxşı olmağını istəyirsənsə, qol çək!” Sonra başqaları ona izah etmişlər ki, imzaladığı sənədlərin mahiyyət və mənası cərimələnməkdir. Ona görə də, qeyd olunan qərardan şikayəti yazıb Nazirliyə aparmış, lakin əməkdaşlar onu dilə tutub, təkrar aldadaraq nazirliyə şikayəti təqdim etməyə imkan verməmişlər. Cərimə yazılan məkan onun icarəsində olmaqla, Dövlət Əmlak Komitəsinin mülkiyyətindədir. O isə icarəçidir və müqavilə əsasında hər ay icarə haqqı ödəmişdir. Sex olan bina 1934-cü ildən mövcuddur. Əsasən taxta emalı ilə məşğul olurlar. 2-3 ailə həmin sexdə işləyib ailəsini dolandırır. Sexin ətrafı daş və dəmir lövhələrlə hasarlanmış, ətrafdan təcrid edilmiş, ayrıca girişi-çıxışı vardır. Heç kimə maneçilikləri yoxdur. Ekologiya İdarəsinə şikayəti verən vətəndaş A.Muradova taxta sexindən 70 metr kənarda Dövlət Neft Şirkətinə məxsus torpaq sahəsinin 0.50 ha. sahəsini özbaşına zəbt edərək fərdi ev inşa etmişdir. Bundan başqa DƏK-nə məxsus, lakin onun icarəsində olan torpaq sahəsinin 250kvm. torpaq sahəsini özbaşına zəbt etmişdir. Bu səbəb və əsasa görə A.Muradova və onun anası F.Muradova ilə aralarında 15 ildən çoxdur ki məhkəmə çəkişmələri davam edir. A.Muradova Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət edib ki, guya sexdə avadanlıq işləyəndə səs-küy və titrəmə yaranır və o, narahat olur. Halbuki, onun evi və iki mərtəbəli talvarı özbaşına tikilidir və sexin fəaliyyətinin ona heç bir maneçiliyi yoxdur. Hal-hazırda F.Muradova və A.Muradova ilə aralarında Binəqədi Rayon Məhkəməsində qanuni istifadəsində olan torpaq sahəsini zəbt etdiyinə və s. görə məhkəmə mübahisəsi davam edir. Bundan başqa, şikayətçi A.Muradova fərdi evini, yəni özbaşına tikilisini neft quyusunun üstündə inşa edib ki bu da kənardan görünür. Kiçik qığılcım onun sexini, sexdə olan avadanlığını da məhv edə bilər. Bunları nə FHN-yi, nə Dövlət Neft Şirkəti və nədəki hazırda onu 3000 manat cərimələyən Ekologiya Nazirliyinin 11 saylı Regional İdarəsi görməzdən gəlmişdir. O, qanunlar çərçivəsində fəaliyyət göstərir və istifadə edilən material qanunvericiliyə uyğun sənədləşdirilmişdir. İstehsalatda ekologiyanın korlanmasına və çirklənməsinə yol verilmir. Sexdə tullantı yandırılmır, ehtiyacı olan vətəndaşlar aparıb şəxsi təsərrüfatlarda istifadə edirlər. Binəqədi qəsəbə Bələdiyyəsi ilə rəsmi müqavilə bağlamışlar və müqaviləyə əsasən Bələdiyyə tullantıları daşıyıb istifadə edir. Belə olan vəziyyətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Fərid Piriyev barəsində (hüquqi şəxs olduğu halda) xx.xx.2020-ci il tarixdə ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi bu sahədə olan qanunvericiliyin mahiyyət və tələblərinə tamamilə ziddir. Çünki bir inzibati hüquqpozmaya görə bir cəza tətbiq edilə bilər. Eyni predmet üzrə iki inzibati qərarın qəbul edilməsi qanunla yolverilməzdir. Bundan başqa, ümumiyyətlə tərəfin qanuna görə hər hansı yoxlama aparmağa, protokol tərtib edib qərar qəbul etməyə hüququ yoxdur. Belə ki, Dövlət Başçısı Cənab İlham Əliyev bütün yoxlamaları və monitorinqi qadağan etmişdir. Yoxlama və monitorinq aparmaq üçün müvafiq icra orqandan icazə və reyestrdən çıxarış olmalıdır. Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi ölçüləri düzgün çıxarmamış, ölçü cihazları düzgün işləmir, lisenziya və sertifikatları yoxdur. Ölçülər avadanlığın yanında götürülmüş, halbuki ölçülər özbaşına tikilimiş fərdi evdən götürülməli idi. Qeyd etdiyi kimi avadanlıqlar 1934-cü ildən işləyir, sonuncu quraşdırılan avadanlıq daha az səs və vibrasiya çıxardığı halda normadan artıq səs-küy haradan yarana bilər? Ərazi istehsalat zonasıdır, yaşayış zonası və ya massivi deyildir. Bu ərazilərdə fərdi ev inşa etmək qanunla qadağandır. Çünki torpaq sahələri müqavilə əsasında neft istehsalı üçün xarici şirkətlərə istismara verilmişdir. Hazırda “xxxx” Təmir Tikinti Kooperativi mövcud deyildir. Çünki müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təşkilati-hüququ forması və adı dəyişdirilmişdir. Hazırda hüquqi şəxsin adı “xxxx” MMC-dir. Məhkəmə iclasında «Xaçın çay» Tikinti Kooperativinin direktoru X9 şikayət ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, məişət tullantıları ilə bağlı müqavilələri vardır. Sexin ərazisində və ya həmin ətrafda tullantı yığıla bilməz. Çünki tullantılar həftədə iki dəfə aparılır. Sexin fəaliyyəti ilə bağlı Dövlət Ekoloji rəyinin alınması üçün müraciət etmiş, lakin hazırkı vaxtadək onlara rəy verilməmişdir. Onun 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin məcburi göstərişində göstərilən 2-ci bənd barədə heç bir xəbəri olmamışdır. Ona görə də, məhkəmədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv olunması və təyin olunmuş cərimənin silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X11 bildirmişdir ki, «Xaçın çay» Tikinti Kooperativinin direktoru X9 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Çünki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən «Xaçın çay» Tikinti Kooperativinin nəzdindəki ağac emalı sexində qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti yoxlanılmış və xx.xx.2020-ci il tarixdə akt tərtib edilmişdir. Yoxlama zamanı Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 100 ünvanında yerləşən Xaçın çay» Tikinti Kooperativinin nəzdindəki ağac emalı sexində fəaliyyəti ilə bağlı Dövlət X5 rəyinin və İstehsalat nəticəsində formalaşan tullantıların idarə olunmasına dair müqavilənin olmaması müəyyən edilmişdir. Həmin pozuntu ilə bağlı «Xaçın çay» Tikinti Kooperativinin direktoru X7 xx.xx.2020-ci il tarixli Məcburi Göstəriş verilərək üç tapşırığın yerinə yetirilməsi xahiş edilmiş və həmin tapşırıqla bağlı idarəyə xx.xx.2020-ci il tarixədək məlumat verilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan qaydada vəzifəli şəxs qismində barəsində icraat aparılacağı haqqında xəbərdar edilmişdir. Bundan sonra qeyd olunan göstəriş üzrə «Xaçın çay» Tikinti Kooperativinin direktoru X9 tərəfindən bir tapşırıq icra olunsa da, digər tapşırıqlar barəsində qərar qəbul olunanadək icra edilməmişdir. 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən «Xaçın çay» Tikinti Kooperativinin direktoru X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilmişdir. Ona görə də, məhkəmədən şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2020-ci il tarixli, 62851 nömrəli aktından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 100 ünvanında yerləşən Xaçın çay» Tikinti Kooperativinin nəzdindəki ağac emalı sexində fəaliyyəti ilə bağlı Dövlət X5 rəyinin və İstehsalat nəticəsində formalaşan tullantıların idarə olunmasına dair müqavilənin olmaması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli, 17 nömrəli müqavilədən görünür ki, «xxxx» MMC-nin direktoru Quliyev Ağa Möhübbət oğlu ilə «Xaçın çay» Tikinti Kooperativinin direktoru X9 arasında xx.xx.2020-ci il tarixədək məişət tullantılarının daşınması ilə bağlı müqavilə bağlanmışdır. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2020-ci il tarixli, 51 nömrəli Məcburi Göstərişindən görünür ki, xx.xx.2020-ci il tarixli, 62851 nömrəli akt əsasında «Xaçın çay» Tikinti Kooperativinin direktoru X7 – 1) 20 gün müddətində Binəqədi rayonu, 2-ci mədən, korpus 100, ev 303 ünvanında yerləşən Xaçın çay» Tikinti Kooperativinin nəzdində fəaliyyət göstərən ağac emalı sexinin fəaliyyəti ilə bağlı Dövlət X5 rəyinin alınmasının təmin edilməsi; 2) 2021-ci ilin yanvar ayının 25-nə kimi hər hesabat ilinin sonunda müəssisədə formalaşan tullantılar ilə bağlı 2 TG- (hava, su, tullantı) dövlət statistik hesabatlarının razılaşdırılması üçün 11 saylı RETSİ-nə təqdim edilməsi; 3) 10 gün müddətində müəssisədə formalaşan istehsalat tullantılarının idarə olunması ilə bağlı aidiyyəti qurumlarla müqavilə bağlanmasının təmin edilməsi tapşırılmışdır. Eyni zamanda «Xaçın çay» Tikinti Kooperativinin direktoru X9 verilən tapşırıqların yerinə yetirilməsi barədə xx.xx.2020-ci il tarixədək idarəyə məlumat verilməsi, əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən 3000-4800 manat məbləğində cərimə olunacağı barədə xəbərdar edilmişdir. Dövlət X5 xx.xx.2020-ci il tarixli, 22/2025 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 100 ünvanında yerləşən ağac emalı sexinin fəaliyyətinə rəy verilməsi barədə müraciətə baxılmış, sözügedən obyekt mövcud istismar vəziyyətində olduğundan, eləcə də müvafiq sənədlər tam qaydada dövlət ekoloji ekspertizasına təqdim edilmədiyindən həmin müraciət rəy bildirilmədən geri qaytarılmışdır. xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «Xaçın çay» Tikinti Kooperativinin direktoru X9 tərəfindən 051 nömrəli Məcburi Göstərişin tələbləri yerinə yetirilməmişdir. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixli, 051 nömrəli icrası məcburi olan müddətli Məcburi Göstərişin tələbləri yerinə yetirilmədiyindən X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilinərək, barəsində 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını məhkəmədə toplanmış sübutlarla birlikdə əhatəli şəkildə araşdıraraq hesab edir ki, «Xaçın çay» Tikinti Kooperativinin direktoru X9 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 54cü maddəsinə əsasən istehsal, sosial, ticarət, ictimai iaşə və digər xidmət obyektləri, infrastruktur obyektləri və komplekslərinin layihələri, onların konservasiyası, ləğv olunması, yeni texnika ilə təchiz edilməsi və genişləndirilməsi üzrə layihələr, texniki-iqtisadi əsaslandırılmalar (TİƏ), ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) və transsərhəd konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləri Dövlət ekoloji ekspertizasının obyektləridir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ekoloji ekspertiza obyekti üzrə layihələrin həyata keçirilməsinin mümkünlüyü və ətraf mühitə təsirlərin yol verilə bilən həddi barədə əsaslı nəticələrdən ibarət ekoloji ekspertiza rəyi verir. Ekoloji ekspertiza rəyi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada 5 (beş) il müddətinə verilir. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələrdir. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən istismarı zamanı tullantıların əmələ gəldiyi bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvi zamanı fiziki və hüquqi şəxslər ətraf mühitin və insan sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ekoloji, sanitar və digər tələblərə əməl etməyə, əmələ gələn tullantıların istifadəsi, zərərsizləşdirilməsi barədə müvafıq icra hakimiyyəti orqanları tərəfindən müsbət rəy verilmiş texniki və texnoloji sənədlərə malik olmağa borcludurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin qeyd olunan tələbindən göründüyü kimi, ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti yaradır. X2 vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsinə səbəb ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin müddətli məcburi göstərişinin əvvəlcədən müəyyən edilmiş müddətə icra edilməməsi olmuşdur. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 100 ünvanında yerləşən Xaçın çay» Tikinti Kooperativinin nəzdindəki ağac emalı sexində fəaliyyəti ilə bağlı Dövlət X5 rəyi və İstehsalat nəticəsində formalaşan tullantıların idarə olunmasına dair müqavilə olmamışdır. Qeyd olunan qanun pozuntuları ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə akt tərtib edilmiş, həmin akt əsasında isə X7 xx.xx.2020-ci il tarixli, 51 nömrəli Məcburi Göstərişlə 20 gün müddətində Binəqədi rayonu, 2-ci mədən, korpus 100, ev 303 ünvanında yerləşən Xaçın çay» Tikinti Kooperativinin nəzdində fəaliyyət göstərən ağac emalı sexinin fəaliyyəti ilə bağlı Dövlət X5 rəyinin alınmasının təmin edilməsi, 2021-ci ilin yanvar ayının 25-nə kimi hər hesabat ilinin sonunda müəssisədə formalaşan tullantılar ilə bağlı 2 TG- (hava, su, tullantı) dövlət statistik hesabatlarının razılaşdırılması üçün 11 saylı RETSİ-nə təqdim edilməsi, 10 gün müddətində müəssisədə formalaşan istehsalat tullantılarının idarə olunması ilə bağlı aidiyyəti qurumlarla müqavilə bağlanmasının təmin edilməsi tapşırılmış, bununla yanaşı X9 verilən tapşırıqların yerinə yetirilməsi barədə xx.xx.2020-ci il tarixədək idarəyə məlumat vermədiyi halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd etməyi zəruri hesab edir ki, «Xaçın çay» Tikinti Kooperativinin direktoru X9 tərəfindən inzibati xətaya yol verilməməsi barədə şikayətdə göstərilən dəlillər əsasızdır. X3 tərəfindən sözügedən məcburi göstərişdə müəyyən edilmiş tarixədək yalnız istehsalat tullantılarının idarə olunması ilə bağlı müqavilənin bağlanması tapşırığı həyata keçirilmişdir. Dövlət X4 rəy alınması barədə tapşırığa dair isə X9 həm şikayətində həm də məhkəmə iclasında verdiyi izahatında ağac emalı sexinin fəaliyyəti ilə bağlı Dövlət X5 rəyinin alınması məqsədi ilə agentliyə müraciət etdiyini və hazırkı vaxtadək cavab verilmədiyini bildirsə də, iş materiallarında olan Dövlət X5 məktubundan müəyyən edilmişdir ki, «Xaçın çay» Tikinti Kooperativinin nəzdində fəaliyyət göstərən ağac emalı sexinin fəaliyyətinə rəy verilməsi barədə müraciətə agentlik tərəfindən baxılaraq, obyekt mövcud istismar vəziyyətində olduğundan və müvafiq sənədlər tam qaydada dövlət ekoloji ekspertizasına təqdim edilmədiyindən həmin müraciət rəy bildirilmədən geri qaytarılmışdır. Eyni zamanda X9 şikayət və izahatında müəssisədə formalaşan tullantılarla bağlı dövlət statistik hesabatlarının razılaşdırılması üçün təqdim edilməsinə dair tapşırıq barədə xəbərinin olmadığını bildirsə də, bu hal məhkəmədə öz təsdiqini tapmayaraq, iş materialları ilə təkzib edilmişdir. Yuxarıda sadalanan hallara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən «Xaçın çay» Tikinti Kooperativinin direktoru X9 barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı olmaqla, sonuncu barəsində aparılmış inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən «Xaçın çay» Tikinti Kooperativinin direktoru X6 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayətçi «Xaçın çay» Tikinti Kooperativinin direktoru X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar