Məhkəmə qərarları › İş №3(001)-1206/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1206/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1206/2021 04.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, xx xxxxxx 2021-ci il tarixdə, “xxxx” MMC-nə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi “Daewoo BS 090” markalı, 10TG570 dövlət qeydiyyat nişanlı avtobusla Binəqədi rayonu, Elman Rüstəmov küçəsi 26a ünvanında hərəkətdə olarkən Binəqədi DYP əməkdaşları tərəfindən avtobus saxlanılmış və ayaq üstə sərnişin daşıdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə təqsirli bilinib (sərnişindaşıma qaydalarının pozulması) barəsində İXP3754241 nömrəli protokol tərtib edilərək, TP4166570 saylı inzibati tənbeh verimə barədə qərar qəbul edilmiş və həmin qərara əsasən ona 3 bal tətbiq ediləməklə, 60 manat məbləğində cərimə edilmişdir. Avtobusda ayaq üstə sərnişin daşımağın inzibati xəta olduğunu 20 illik sürücülük təcrübəsində ilk dəfə görmüşdür. Hər bir avtobus üçün oturacaq yeri və ayaqüstü yer olaraq avtomobilin pasportunda qeyd aparılır. “Daewoo BS 090” markalı avtobuslar da illərdir ölkə ərazisində sərnişindaşıma üçün geniş istifadə edilir və iritutumlu avtobus hesab edilir. Ümumiyyətlə avtobusda ayaq üstə sərnişin daşımağın inzibati xəta olmaması bir qırağa, idarə etdiyi avtobusda cəmi 10-12 nəfər ayaq üstə dayanıb və heç bir sıxlıq da olmamışdır. Ümumi nəqliyyat vasitələri ilə bağlı qanunvericiliyin heç bir yerində ayaq üstə sərnişindaşımağın inzibati xəta olduğu qeyd edilməmişdir. Ona görə də, hesab edir ki, barəsində qəbul edilmiş həmin qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, “xxxx” MMC-nə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi “Daewoo BS 090” markalı, 10TG570 dövlət qeydiyyat nişanlı avtobusun göstəriciləri 23 nəfərin oturması, 48 nəfərin isə ayaqüstü daşınmasına icazə verir. Həmin avtobuslar iri və genişdirlər. xx xxxxxx 2021-ci il tarixdə polis əməkdaşı tərəfindən saxlanılan zaman avtobusda 10-12 sərnişin ayaq üstə səyahət etmişdir. Qanunda isə bununla bağlı cərimə nəzərdə tutulmamışdır. Ona görə də, məhkəmədən barəsində qəbul edilmiş qərarın əsassız hesab edilərək ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanı ərazisində “Daewoo BS 090” markalı, 10TG570 dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən “Sərnişin daşıma qaydalarını pozmasına” görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X2 barəsində Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Çünki qanunvericilik tərəfindən şəhərdaxili avtobuslarda ayaqüstü sərnişinlərin daşınmasına görə məsuliyyət müəyyən edilməmişdir. İstər “Avtomobil nəqliyyatı haqqında”, istərsə də “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunlarında böyük avtobuslarda ayaqüstü sərnişin daşınmasının qadağan edilməsinə dair heç bir məhdudiyyət müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X2 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar