Məhkəmə qərarları › İş №3(001)-122/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-122/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-122/2022 26.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs, AZ1147, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal, ev 143B, mənzil 238 (VÖEN - **********) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 464-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs barəsində İXM-in 464-cü maddəsi ilə tərtib edilmiş 16.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə auditi aparılmamışdır. Nəticədə Şəxs barəsində İXM-in 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, 16.12.2021-ci il tarixdə Şəxs barəsində MN ******* saylı inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçısı məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçısının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nümayəndəsi X1 izahatında bildirmişdir ki, 16.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, MMC “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına” əsasən mikro sahibkar subyekti olmaq üçün işçilərin orta siyahı sayı 1-10 nəfər arası müəyyən edilmişdir. “SKY RESİDENCE'’ MMC 2019-cu il üçün işçilərin sayı 2 nəfər olmuşdur. Bu təqdim edilmiş sənədlərdə öz təsdiqini tapır. Mikro sahibkarlıq subyektləri isə hər il audit aparılması vəzifəsindən azaddırlar. Deyilənlərin nəzərə alınaraq Maliyyə Nazirliyi tərəfindən MMC-in Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinin tələblərinin pozulmasına dair tərtib edilmiş protokol əsassız olduğundan inzibati xəta haqqında iş üzrə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 02.12.2021-ci il tarixli bildirişindən görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə auditi aparılmamasına görə inzibati xəta haqqında işə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağı barədə hüquqi şəxsə məlumat verilmişdir. Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu bu barədə işəgötürənə məlumat verilməsi barədə çıarışdan görünür ki, “SKY RESİDENCE'’ MMC 2019-cu il üçün işçilərin sayı 10 nəfərdən aşağıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına” əsasən mikro sahibkar subyekti olmaq üçün işçilərin orta siyahı sayı 1-10 nəfər arası müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki məcəlləsinin 91.4-cü maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası İXM-in 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir Məhkəmə, tərəfi dinləyərək iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, Şəxs İXM-in 464-cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göründüyü kimi Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti mikro sahibkarlıq subyekti oluğu üçün illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etmək vəzifəsindən azad olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İXM-in 464-cü maddəsi üzrə tərtib olunmuş 16.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata cəmiyyətin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar