Məhkəmə qərarları › İş №3(001)-1221/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1221/2024

16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1221/2024 16.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayətin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarının baxılmağa hazırlanması zamanı şikayəti nəzərdən keçirərək hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X3 barəsində hər hansı inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının, tənbeh vermə haqqında qərarın qəbul edilib-edilməməsinin, əgər qərar qəbul edilmişsə hansı səlahiyyətli orqan tərəfindən qəbul edilməsinin müəyyən edilməsi mümkün deyildir və sonuncu barəsində tənbeh tətbiq edilməsinə dair qərar varsa belə, həmin qərar iş materiallarına əlavə olunmamışdır. Bundan başqa, mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması və inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır. Eyni zamanda şikayət ərizəsinə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə əlavə edilmiş, lakin həmin ərizədə şəxsin barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın hansı tarixdə əldə edilməsi barədə heç bir məlumat göstərilməmiş və bunu təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. X3 barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar varsa, həmin qərar iş materiallarına əlavə olunmalı, bundan sonra məhkəməyə müraciət olunmalıdır. Bununla yanaşı şikayət ərizəsindən həmin inzati xətanın hansı ünvanda törədilməsi göstərilmədiyindən şikayətə baxılmasının hansı rayon məhkəməsinin səlahiyyətinə aid olmasını da müəyyən etmək mümkün deyildir. Çünki inzibati xəta Binəqədi rayonunun inzibati ərazi dairəsində törədilməmişdirsə, qəbul edilmiş qərardan şikayətə baxılması da Binəqədi Rayon Məhkəməsinin səlahiyyətinə aid olmayacaqdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş qərarın ləğv edilməsi barədə şikayəti geri qaytarılmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli qərarına görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayət vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar