Məhkəmə qərarları › İş №3(001)-1225/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1225/2021

21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1225/2021 21.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 fevral 2021-ci il tarixli, AP №0197012 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən 25.01.2021-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsinə («Hyundai HD72» yük markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı) dair inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı bu günə kimi göndərməmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tələbləri pozulmuş və 06 fevral 2021-ci il il tarixdə MMC barəsində AP №0197012 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Şəxs MMC-nin və İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə,inzibati xəta haqqında işlər üzrə icraatın iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə edilmiş 06 fevral 2021-ci tarixli, AP №0197012 saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs MMC-yə nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, onların iştirakı olmadan işə baxılmasını xahiş edərək, tərəflərindən Binəqədi Rayon Polis İdarəsinə dəfələrlə Şəxs MMC-nin mülkiyyətində olan avtonəqliyyat vasitələri haqqında məlumatlar (Marka, avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, sürücüsü və onun sürücülük vəsiqəsinin nömrəsi və s.) siyahı şəkilində təqdim olunduğunu bildirmişlər. Hər birində də xüsusilə qeyd olunmuşdur ki, siyahıda hər hansı dəyişiklik olduğu halda bu barədə yeni siyahı təqdim olunacaqdır. Eyni zamanda, Bakı şəhəri Binəqədi RPİ X2 göndərilmiş sorğular müəssisənin köhnə əməkdaşı X1 tərəfindən qəbul edilmişdir. Barəsində danışılan şəxslə 23.01.2021-ci il tarixli ərizəsi əsasında əmək müqaviləsinə 25.01.2021-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan Şəxs MMC-nin 17.11.2020-ci il tarixli siyahıdan görünür ki, həqiqətən MMC-nin balansında olan avtomobilləri idarə edən şəxslərin adı, soyadı, sürücülük vəsiqəsinin nömrəsi siyahı şəklində qanunla müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 göndərilmişdir. Siyahıda həmçinin, inzibati xəta haqqında protokolda qeyd olunan **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə lazımi məlumatlar vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarına əlavə olunmuş sənədlərdən məlum olur ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 MMC-yə məxsus olan avtomobilləri idarə edən şəxslər barəsində malumat göndərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 53, 110-112, 552-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən daxil olmuş 06 fevral 2021-ci il tarixli, AP №0197012 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar