Məhkəmə qərarları › İş №3(001)-123/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-123/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-123/2025 28.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları

1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 529.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.

2. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

3. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci madəsinin tələblərini pozaraq işçiyə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı ödəmişdir. Bu səbəbdən barəsində protokol tərtib olunmuş və bununla bağlı ona xəbərdarlıq məktubu göndərilmiş, lakin ünvanda natamamlıq olduğundan məlumat məktubları poçt tərəfindən geri qaytarılmışdır. Məlumat əldə edilmişdir ki, Şəxs barəsində olan cinayət işi ilə əlaqədar istintaq təcridxanasında saxlanılır. Tərəflərindən ünvanlanmış xəbərdarlığın Şəxs tərəfindən alınıbalınmamasından məlumatları yoxdur. Buna baxmayaraq hesab edirlərki, müvafiq inzibati cərimə ödənilməli idi. Həmin məbləğ ödənilmədiyi üçün İXM-in 529.1-1-ci maddəsinə əsasən protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:

4. X3 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-56008/2024 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Şəxs müraciət göndərilərək inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar X3 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-56008/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Bununla da, Şəxs İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

6. X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs ünvanlanmış məktubların təqdim qeydlərindən görünür ki, X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs ünvanlanmış məktublar ünvanın düzgün olmaması səbəbi ilə geri qaytarılmış və sonuncuya məlumat məktubları çatdırılmamışdır. Məhkəmənin əsaslandırması və mövqeyi

7. Məhkəmə, müçayəndəni dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.

8. Belə ki, məhkəmədə toplanmış sübutlardan X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlamasına səbəb olmuş xx.xx.2024-cü il tarixli, 3-17-5/2-56008/2024 nömrəli məktubun icrası ilə əlaqədar göndərilmiş xəbərdarlıq xarakterli məlumatların Şəxs çatdırılması müəyyən edilmir. Çünki X3 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-56008/2024 nömrəli məktubu ilə Şəxs müraciət göndərilərək inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar müvafiq tədbirlərin görülməsi, əks halda İXM-in 529.1-1-ci maddəsi ilə sonuncu barəsində inzibati icraatın başlanacağı göstərilsə də, poçt sənədlərindən görünür ki, qeyd olunan xəbərdalıq xarakterli məlumatlar müəyyən səbəblərə ünvan sahibinə, yəni Şəxs çatdırılmamışdır. Həmçinin məhkəmədə, Şəxs barəsində olan cinayət işi ilə əlaqədar istintaq təcridxanasında saxlanılması müyyən edilmişdir.

9. Həmçinin qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.

10. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 529.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.

11. İXM-in 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

12. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenum Qərarı”nda göstərilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir. Lakin İXM-in 53-cü maddəsində nəzərdə tutulan bəzi halların müəyyən edilməsi yalnız inzibati xəta haqqında işə mahiyyəti üzrə baxıldıqda və müvafiq sübutlar qiymətləndirildikdən sonra mümkündür (məsələn 53.1.1, 53.1.2, 53.1.3-cü və s. maddələrdə göstərilən hallar).Burdan da belə qənaətə gəlmək olar ki, inzibati xətaya görə inzibat məsuliyyətin yaranıb-yaranmamasını, başlanmış icraata xitam verilməli halların olub-olmasını müəyyən etmək üçün məhkəmə sübutları qiymətləndirməklə yekun qənaətə gəlməlidir.

13. Sözü gedən Plenum qərarında o da qeyd edilir ki, inzibati Xətalar Məcəlləsinin qeyri-müəyyən, fərqli yanaşmalara səbəb olan normalarının onların konstitusiya hüquqi mənasına və hüquqi təyinatına uyğun şərhi vasitəsilə məzmununun birmənalı və aydın müəyyən edilməsi və vahid mövqeyin formalaşdırılması hüquq tətbiqedən orqanların fəaliyyətində qanunçuluq prinsipinin gözlənilməsinə imkan yaradaraq, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılmasına və son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ hissəsi ilə qorunan ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsinə xidmət edir.

14. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

15. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

16. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

17. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.

18. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 529.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

19. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar