Məhkəmə qərarları › İş №3(001)-1237/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1237/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1237/2023 10.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 452.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, 22 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2023-cü il tarixdə saat 15:00-da aptek təşkilatlarına dair tələblərin pozulması faktı müəyyən olunmuşdur. Bu əməli ilə Şəxs İXM-nin 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və barəsində protokol tərtib olunmuş Şəxs inzibati xəta haqqında işə baxılmasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq onların səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir.Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan inzibati materiala baxılmasını mümkün hesab etmişdir. İş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 452.3-cü maddəsi nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarından aydın olur ki, xx.xx.2023-cü il tarixli, 169 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Şəxs Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması üçün planlı yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan protokoldan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2023-cü il tarixdə saat 15:00-da aptek təşkilatlarına dair tələblərin pozulması faktı müəyyən olunmuşdur. İnzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, Şəxs barəsində İXM-in 452.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır.Məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və iş materialı ilə tam sübuta yetirilmiş və cəmiyyətin əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir.Həmçinin, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs inzibati xəta haqqında iş üzrə təqsiri tam sübuta yetirildiyinə görə qeyd olunan maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı bəndinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Həmin Qanunun 59-cu bəndinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. İXM-nin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs inzibati xəta haqqında iş üzrə təqsiri tam sübuta yetirildiyinə görə qeyd olunan maddələr ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmədə, Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini, onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinsin və 1 000 (min) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar