Məhkəmə qərarları › İş №3(001)-1249/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1249/2021

15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1249/2021 15.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti idarəsinin rəisi müavininin, cənab Orxan Hüseynzadənin qərarı ilə o, «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru qismində vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətala Məcəlləsinin 192.1-ci maddəsi ilə 4500 manat məbləğində cərimə olunmuşdur. Həmin qərar əsasız və qanunsuzdur. Belə ki, Bakı şəhəri Əmək Müfəttişliyindən icraatda poçt bildirişi onlara gec verilmiş və onlar həmin araşdırmada iştirak edə bilməmişlər. Bununla bağlı isə heç bir araşdırma da olmamışdır. Onun cəmiyyətin sabiq dəstə rəisi vəzifəsində işləmiş Şahin İbrahimovun avtobusun Emin Məstiyevə verməsi barəsində məlumatı olmamışdır. O, dediklərini məhkəmədə və aparılan istintaqda da həmin şəxslər etiraf etmişlər. Lakin Əmək müfəttişliyi heç bir araşdırma aparmadan qanunsuz və əsassız cərimə qərarı qəbul etmişdir. Bakı şəhəri Xətai rayon prokurorluğundan daxil olan inzibatı icraat özü heç bir sübuta və əsasa uyğun gəlmir. Bu hadisə ilə bağlı bir nəfər də olsun işdə sübut ola biləcək izahatı yoxdur. Bunun adı var qərəzli münasibətdir. Binəqədi Rayon Məhkəməsinə qərarı ləğv etmə barəsində göndərdikləri ərizə məhkəmənin qərardadına əsasən geri qaytarmışdır. Qərardadda məhkəmə əsaslanmışdır ki, guya onlar şikayəti vaxtında verməyərək müddətin bərpası üçün vəsatət təqdim etməmişlər. Lakin onlar prosessual müddəti pozmamışlar. Əmək Müfəttişliyindən qərar 70 saylı Yasamal Poçt məntəqəsinin poçtalyonu X6 tərəfindən xx.xx.2020 tarixində verilmişdir. Bunu həmin poçt işçisinin xidməti forma 8 saylı kitabçasının çıxarışından və möhürlə təsdiq olunub və həmin sənəd ərizəyə əlavə olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X8 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Xətai rayon prokuroru Sərdar İmanovun xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında icraatın başlanması haqqında qərarından görünür ki, «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyəti X7 ilə əmək müqaviləsi bağlanmadan onu avtomobil sürücüsü kimi işə buraxmışdır. Ona görə də, hüquqi şəxs «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında Azərbaycan Respublikasının İnzibati Xətala Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 əmək müqaviləsi bağlamadan X3 avtomobil sürücüsü qismində işə cəlb etmişdir. Nəticədə «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 Azərbaycan Respublikasının İnzibati Xətala Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib hüquqi şəxs qismində 4500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(001)-17/2021 nömrəli bildirişindən görünür ki, məhkəmənin icraatında «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətala Məcəlləsinin 192.1-ci maddəsi ilə Xətai rayon prokuroru Sərdar İmanovun xx.xx.2020-ci il tarixli qərarı əsasında toplanmış inzibati xəta haqqında material olmuşdur. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmayaraq, şəxsin hüquqlarının pozulması ilə müşayiət edilən hazırda mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Çünki Xətai rayon prokurorluğu tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyəti X7 ilə əmək müqaviləsi bağlanmadan sonuncunu avtomobil sürücüsü kimi işə buraxmışdır. Bu səbəblə də, Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olduğundan Xətai rayon prokuroru Sərdar İmanovun xx.xx.2020-ci il tarixli qərarı əsasında hüquqi şəxs «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətala Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Bundan sonra isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 barəsində qeyd olunan xəta üzrə inzibati xəta haqqında protokol tərtib edilərək, sonuncu xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla vəzifəli şəxs qismində 4500 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş üzrə düzün araşdırma aparılmadan şəxsin eyni xətaya görə iki dəfə inzibati məsuliyyətə cəlb oluna biləcəyi, eləcə də şəxsin konstitusion hüququnun pozulması ilə müşayiət edilə biləcək nöqsana yol verilmişdir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 barəsində araşdırma aparılan zaman icraat barəsində şəxsin sübutlar təqdim etməsinə, öz fikir və mülahizələrini bildirməsinə və sair hərəkətlərin yerinə yetirilməsinə şərait yaradılmadan cəmiyyətin direktorunun və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmədən icraat aparılmışdır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən barəsində icraat aparılan şəxsə başlanmış icraat, eləcə də hansı inzibati xətaya dair icraatın aparılması və aparılan icraat üzrə hüquq və vəzifələri bildirilməlidir. Qeyd olunan halın baş verməsi isə «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 icraatda iştirak etmək, etiraz etmək, icraatla tanış olmaq, hər hansı sübut təqdim etmək və digər bu kimi hüquqlarının pozulması deməkdir ki, bu da öz növbəsində səlahiyyətli vəzifəli şəxsin inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən şəxsi iş materialları ilə lazımi qaydada tanış etməyərək səthi araşdırma aparmaqla onun hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul edilməsini göstərir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: «Azlənd Plaza» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar