Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1249/2025 28.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun icraata qəbulu məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon X1 Şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş İXP seriyalı № ******* saylı 21 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Cəmiyyət xx.xx.2024-cü il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı qanunla müəyyən edilmiş müddətdə göndərməmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş DİN-in DYP WEB portalından çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs MMC mülkiyyətində olan “ZİL 131” xüsusi təyinatlı markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü 14 noyabr 2024cü il tarixdə saat 00:29-da Hacıqabul-Bəhramtəpə-Mincivan yolu 108-ci km Hacıqabul istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsini müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə növündə Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşdə olan bildirişdən və onun ünvan sahibinə 27 noyabr 2024-cü il tarixdə rəsmi qaydada təqdim edilməsini təsdiq edən qəbzdən görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi hüquqi şəxs Şəxs MMC-yə müraciət edərək, mülkiyyətində olan “ZİL 131” xüsusi təyinatlı markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın sorğu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə görə nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İşin təsvir edilmiş hallarından görünür ki, “ZİL 131” xüsusi təyinatlı markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hüquqi şəxs Şəxs MMC-in mülkiyyətindədir. Mülkiyyətində həmin avtonəqliyyat vasitəsi olan hüquqi şəxs Şəxs MMC nəqliyyat vasitəsini müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməklə qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş) törətdiyi halda, Bakı şəhəri Binəqədi rayon X1 Şöbəsi hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmək əvəzinə, həmin hüquqi şəxsə bildiriş göndərərək avtonəqliyyat vasitəsini idarə etmiş sürücü barədə məlumat istəyib sözügedən inzibati xətaya görə protokolu sürücü barəsində tərtib etmək istəmişdir. Halbuki, hüquqi şəxsin mülkiyyətində olan avtonəqliyyat vasitəsini müəyyən edilmiş müddətdə texniki baxışdan keçirməməyə görə sürücü məsuliyyət daşımır. Burada məsuliyyət hüquqi şəxsindir ki, Bakı şəhəri Binəqədi rayon X1 şöbəsi bu məsələdə yanlışlığa yol vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş İXP seriyalı № ******* saylı 21 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 79-cu maddəsinə görə heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:... inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi;... Eyni Məcəllənin 109.1-ci və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:...protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;... İşin təsvir edilmiş hallarını və sadalanmış hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş İXP seriyalı № ******* saylı 21 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən onu tərtib etmiş orqana – Bakı şəhəri Binəqədi rayon X1 İdarəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş İXP seriyalı № ******* saylı 21 dekabr 2024cü il tarixli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən onu tərtib etmiş orqana – Bakı şəhəri Binəqədi rayon X1 Şöbəsinə geri qaytarılsın. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1249/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1249/2025
28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver