Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-127/2025 17.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nümayəndəsi X2 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhəri İdarəsinin məsləhətçisi, əmək müfəttişi X3 tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.1-ci maddəsi ilə tərtib edilmiş 25 dekabr 2024-cü il tarixli, MN ******* saylı “inzibati xəta haqqında” protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X6 Xidməti tərəfindən "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 25 dekabr 2024-cü il tarixli, MN ******* saylı “inzibati xəta haqqında” protokol baxılması üçün 07 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulmaqla, X4 onunla bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi izahatında göstərdi ki, protokolda göstərilənləri müdafiə edir. Belə ki, X4 çoxsaylı ərizələrlə X6 Xidmətinə müraciət edərək, 2022-ci ilin mart ayından 2024-cü ilin mart ayınadək "xxxx" MMC-də ştatdankənar əsaslarla işlədiyini bildirmiş, aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Zahir Mövsümovla MMC arasında əmək müqaviləsi bildirişi “əmək və məşğulluq” altsisteminə (bundan sonra - sistem) 06 aprel 2024-cü il tarixdə daxil edilməsinə baxmayaraq, həmin bildirişdə Z.Mövsümovun işə başlama tarixi 06 mart 2024-cü il qeyd edilmişdir. Beləliklə, işçinin əmək müqaviləsi qüvvəyə minmədən 1 ay müddətinə işə cəlb edilməsi faktı öz təsdiqini tapdığından, hazırki protokol tərtib edilmişdir. Sonda N.C.Bəhərçinov məhkəmədən göstərilənləri nəzərə alıb, MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi izahatında göstərdi ki, X4 06 mart 2024-cü il tarixdə şirkətə müraciət edərək, işlə təmin olunmasını xahiş etmiş, lakin həmin ayda iş günlərinin sayı az olduğundan və şirkətin maddi durumu yeni işçi qəbul edilməsinə imkan vermədiyindən, onunla əmək müqaviləsi 06 aprel 2024-cü il tarixdə bağlanmış, həmin tarixdən də Zahir Mövsümov işlərin görülməsinə cəlb edilmiş, onun adına bank hesabı açılaraq əmək haqqı həmin karta köçürülmüşdür. Lakin, 02 sentyabr 2024-cü il tarixdən 29 dekabr 2024-cü il tarixədək Zahir Mövsümov heç bir səbəb göstərmədən işə gəlməmiş, bununla əlaqədar 03 dekabr, 06 dekabr, 08 dekabr və 28 dekabr 2024-cü il tarixlərdə onun ünvanına yarana biləcək hüquqi nəticələrlə bağlı bildirişlər göndərilsə də, sonuncu bu bildirişlərə məhəl qoymadığından, 29 dekabr 2024-cü il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. X10 MMC barəsində verdiyi şikayətlərdən imtina etmiş, bu barədə inzibati protokol tərtib etmiş orqana həm notarial, həm də adi qaydada ərizələr ünvanlamış, həmin ərizələrdə MMC-də işə başlama tarixi kimi 2024-cü ilin aprel ayını göstərmiş, daha öncə həmin MMC-də işləmədiyini bildirmiş, hətta onunla MMC arasında mediasiya qaydasında barışıq sazişində də Z.Mövsümovun MMC-də işlədiyi müddət 06.04 -xx.xx.2024-cü il tarixi kimi təsbit edilmişdir. Elektron sistemdə Zahir Mövsümovun işə başlama tarixinin 06 mart 2024-cü il göstərilməsi isə tamamilə texniki səhvlə bağlıdır. Belə ki, həmin dövrdə əmək müqavilələrinin elektron sistemə manual qaydada yerləşdirilərkən Z.Mövsümov ilə əmək müqaviləsinin bağlanma tarixi və onun işə başlama tarixi səhvən xx.xx.2024-cü il kimi qeyd edilmişdir. Həmin dövrdə sözügedən sistem yeni tətbiq olunduğundan, sistemdə boşluqlar olduğundan işə başlama tarixinin müqavilənin sistemə daxil edildiyi tarixdən öncəki dövrə barədə qeydi sistem təhlil etmədən qəbul etmişdir. Sistemə bir dəfə daxil edilən məlumatların səhv olsa belə dəyişdirməm imkanı nəzərdə tutulmadığıdan, Z.Mövsmov barədə qeydləri də dəyişdirərək real vəziyyətə uyğunlaşdırmaq mümkün olmamışdır. Hazırda həmin sistem tam təkmilləşdirildiyindən, geri tarixə işə başlama qeydinin edilməsi mümkün deyil. Digər tərəfdən, Zahir Mövsümovun MMC-də 06 aprel 2024-cü il tarixdə işə başlaması onun öz ərizələri ilə də təsdiqini tapır. Sonda A.S.Tağıyev məhkəmədən göstərilənləri nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Verilən suallara cavab olaraq inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi bildirdi ki, həqiqətən də “əmək və məşğulluq” altsisteminə daxil edilmiş məlumatların sonradan istifadəçi tərəfindən dəyişdirilməsi mümkün deyildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Əmək müqaviləsi bildirişi”ndən görünür ki, həmin bildiriş sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmiş və bildirişdə Z.Mövsümovun işə başlama tarixi “xx.xx.2024” kimi qeyd edilmişdir. İş materiallarında olan yazılı qaydada bağlanmış və "xxxx" MMC-nin direktoru X5 ilə X4 tərəfindən imzalanmış əmək müqaviləsindən görünür ki, həmin müqavilə tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmışdır. 9 saylı Mediasiya Təşkilatında "xxxx" MMC-nin direktoru X5 ilə X4 arasında bağlanmış “Barışıq Sazişi”nə əsasən Z.Mövsümov etiraf etmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də işlədiyi müddətdə həmin şirkətdən heç bir narazılığı, tələbi və şikayəti yoxdur. Yaranmış anlaşılmazlıqlar səbəbindən Əmək Müfəttişliyinə və digər dövlət qurumlarına etdiyi şikayətləri geri götürəcəyini, MMC ilə hər hansı mübahisəsinin olmaması barədə həmin qurumlara müraciət edəcəyini öhdəsinə götürmüşdür. X4 məhkəməyə ünvanladığı və notarial qaydada təsdiq edilmiş ərizədə göstərmişdir ki, o, 06 aprel 2024-cü ildə yazılı əmək müqaviləsi imzaladıqdan sonra "xxxx" MMC-də işə başlamış, mart 2024-cü ildə həmin MMC-də hər hansı bir iş və xidmətlərə cəlb olunmamışdır (işləməmişdir). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. "xxxx" MMC ilə X4 arasında əmək münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranması nəzərdə tutulurdu. Həmçinin, həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır, 3-cü hissəsinə müvafiq olaraq əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Göründüyü kimi "xxxx" MMC ilə X4 arasında əmək müqaviləsi həmin dövrdə qüvvədə olmuş tələblərə uyğun olaraq yazılı formada xx.xx.2024-cü il tarixdə bağlanmış və həmin tarixdə də sistemə daxil edilmiş, yəni tərəflər arasında əmək münasibətləri həmin tarixdən yaranmışdır. Yuxarıda sadalanan hallar əsasında məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun Z.Mövsümovun xx.xx.2024-cü il tarixdən işə cəlb edilməsi ilə barədə dəlilləri öz təsdiqini tapmır və iş üzrə mövcud olan çoxsaylı sübutlarla təkzib olunur. Həmçinin məhkəmə əmək müqaviləsi barədə elektron bildirişdə Z.Mövsümovun işə başlama tarixi kimi 06 mart 2024-cü il göstərilməsini texniki səhv olaraq qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığından, onun barəsində İXM-in 192.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 75-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibait xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. - 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallrdan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 53.2, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun olaraq tərtib edilmiş 25 dekabr 2024-cü il tarixli, MN ******* saylı “inzibati xəta haqqında” protokol üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-127/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-127/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver