Məhkəmə qərarları › İş №3(001)-1277/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1277/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1277/2025 27.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, zərərçəkmiş şəxs X6 iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına X2 İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 27 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X8 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-9/2020 saylı icra vərəqəsinə əsasən X1 121000 (yüz iyirmi bir min) ABŞ dolları məbləğində borc Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq X7 ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanmışdır. Borclu tərəfindən icra sənədi nəzərdə tutulmuş müddət ərzində könüllü icra edilməmişdir. Bundan sonra icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun adında əmlakların olub-olmaması ilə bağlı elektron icra sistemi vasitəsi ilə sorğu verilmişdir. Sorğu verildiyi zaman müəyyən olunmuşdur ki, borclunun adında Biləcəri qəsəbəsində yerləşən mənzil və nəqliyyat vasitəsi aşkar edilmişdir. Həmin nəqliyyat vasitəsinin üzərinə də Binəqədi Rayon Məhkəməsinin qərardadına əsasən həbs qoyularaq axtarışa verilmişdir. Nəqliyyat vasitəsi ilə bağlı müəyyən olunmuşdur ki, rəsmi olaraq onun adında olsa da, fakitiki olaraq onun istifadəsində və sahibliyində deyildir. Belə ki, avtomobil Lənkəran şəhərindədir, avtomobilin üzərinə də məhdudiyyət qoyulmuşdur və alqı-satqı aparılması mümkün deyildir. Mənzilin də üzərinə Binəqədi Rayon Məhkəməsinin 2(001)-1433/2016 saylı qərardadı ilə həbs qoyulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ölkədən getmək hüququ da məhdudlaşdırılmışdır. Tələbkar borclunun Sədərək ticarət mərkəzində maqazinləri olduğunu bildirsə də, həmin maqazinlər aşkar edilməmiş, sadəcə yaşadığı mənzil müəyyən edilmişdir. Torpaq sahəsi digər borclu olan Şahid mülkiyyətindədir. Torpaq sahəsinin auksiona çıxarılması hərrac elektronlaşması ilə bağlı dayandırılmışdır. Bu iş üzrə hər 2 şəxs borcludurlar, ayrı-ayrı borclardır. Şahid işi isə Sumqayıt İcra Şöbəsindədir. Borclu çağırılan zaman bir neçə dəfə icra şöbəsinə gəlmişdir, tələbkar tələb etdiyi üçün barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahat verərək bildirmişdir ki, 2024-ci il sentyabr ayından hazırki tarixədək icra sənədi üzrə 2400 manat pul ödəmişdir. Torpaq sahəsi hal-hazırda hərracdadır. Həmin əmlakın üzərinə də həbs qoyulmuşdur. Həmin sahədən başqa heç bir əmlakı yoxdur. Rafiq isə həmin torpağı qəbul etmək istəmir. Onun qaçmaq və borcunu ödəməkdən yayınmaq fikri yoxdur, hazırki pul borcu da sələmdən yaranmışdır. Tələbkar onun maqazinlərinin olduğunu bildirir, lakin onun heç bir maqazini yoxdur. Heç bir çağırışdan yayınmamışdır, icra məmuru nə vaxt onu çağırmışdırsa həmin zaman da çağırışa getmişdir. Qaçacağı yer yoxdur, yaşayış yeri bəllidir, ölkədən çıxışına da stop qoyulmuşdur. Bütün çağırışlara əməl etmişdir. Torpağı sataraq borcunu ödəyəcəkdir. Hal-hazırda Sədərək Ticarət Mərkəzində satıcı işləyir, günə 22-23 manat qazancı olur. 1000 manat da borc alaraq ödəmişdir. Məhkəmə iclasında Şahid bildirmişdir ki, icra şöbəsində də qeyd etmişdir və yenə də bildirir ki, torpaq sahəsi satılan kimi Rafiq Əmirovun borcunu ödəyəcəkdir. Torpağın qiymətləndirilməsi baş tutmuş və sonda ekspertizaya göndərilmişdir. Həmin torpaq sahəsi 481000 manat olaraq dəyərləndirilmişdi. Hərrac ilk səfərdə keçirilmişdir. Lakin, daha sonra Rafiq qiyməti mübahisələndirdiyi üçün hərracın keçirtilməsi dayandırılmışdır. Torpaq üzərində həbs olduğu üçün satılması mümkün deyil. Çünki, torpağı almaq istəyən şəxslər həbsdə olduğunu görüb torpağı almaqdan imtina edir. Torpağın rəsmi çıxarışı vardır. Sədərək Ticarət Mərkəzində nə onun, nə də Elsevər Abdulsalamovun mülkü yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək bildirmişdir ki, Şəxs ona 121000 ABŞ dolları borcu vardır. Həmin icra vərəqəsi icra məmuru Aqil Cəbiyevin icraatına daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin imkanı olsa da, hazırda borcunu ödəmir. Şəxs 30 ilə yaxındır ki, ticarətlə məşğul olur, Şahid da onun şərikidir, həm də hər ikisi qohumudur. Sədərək Ticarət Mərkəzində 7 maqazinləri vardır. Həmin maqazinlər 2016-cı ildən bu vaxtadək icarəyə verilmişdir və külli miqdarda icarə haqqı alırlar. Lakin bu torpağı ortaya atıblar, torpaq da bələdiyyənin mülkiyyətindədir. Özəlləşdirmək və satmaq mümkün deyildir. İmkanları olsa belə, ödəniş etməmişdirlər. Şəxs 2 dəfə müvafiq olaraq 8 ay və 6 ay olmaqla axtarışda olmuşdur. Hər iki dəfə məhkəmə qarşısına çıxaırlsa da, məhkəmə barəsində 500 manat inzibati cərimə tənbeh tədbiri tətbiq etmişdir. İki il ərzində ona cəmi 3600 manat pul ödənilmişdir. Bildirdikləri, torpaq sahəsi İcra Hakimiyyətinin əlavə fondundandır. Bələdiyyə isə həmin torpağı qeyri-qanuni istifadəyə vermişdir. Buna görə də, həmin torpağı 2 ilə yaxındır alan yoxdur. Həmin pul borc şəklində verilmişdir. Pulu ondan götürüb maqazinlər açmışdılar. Torpağın qiymətini mübahisələndirmişdir, çünki qiymət şişirdilmişdi. 2 nəfərin ona olan ümumi borcu 306000 manatdır. O, torpağın ona verilməsini istəmir, pulunu tələb edir. Hazırda məhkəmədəm X2 barəsində həbs inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 27 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-9/2020 saylı icra vərəqəsindən görünür ki, Şahid 56400 ABŞ dolları məbləğində borc, X1 121000 (yüz iyirmi bir min) ABŞ dolları məbləğində borc Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq iddiaçı X7 ödənilməlidir. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-9/2020 saylı icra vərəqəsinə əsasən icraata başlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-582/2023, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, X2 ölkədən getmək hüququ yaranmış borcun ödənilməsinədək məhdudlaşdırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-607/2023, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, X2 mülkiyyətində olan VAZ 21104 minik markalı **-ON-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(001)-5150/2024 saylı qərarından görünür ki, X3 İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2025, xx.xx.2025, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2023, xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, X3 tərəfindən müvafiq olaraq 1000 AZN, 1000 AZN, 150 AZN, 150 AZN, 150 AZN, 150 AZN, 100 AZN, 230 AZN, 220 AZN, 210 AZN, 200 AZN olmaqla ümumilikdə 3560 AZN pul vəsaiti X7 ödənilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, X3 barəsində İXM-in 528.1-1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X3 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 9/2020 saylı icra sənədi üzrə X7 121000 (yüz iyirmi bir min) ABŞ dolları məbləğində borc Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq ödəniş etməlidir. Lakin icra sənədi üzrə icraata başlanıldığı andan borclu tərəfindən cəmi 3560 AZN pul vəsaiti ödənilmişdir. Məhkəmə qeyd edir ki, X3 məhkəmə iclasında 121000 ABŞ dolları məbləğində borcunu torpağı satmaqla borcu ödəyəcəyini bildirmişdir. Nəzərə alınmalıdır ki, təqribən 2 il müddət ərzində borclu şəxs tərəfindən 121000 (yüz iyirmi bir min) ABŞ dolları məbləğində borcun müqabilində cəmi 3560 AZN pul vəsait ödənilməsi inzibati iş üzrə icraat aparılan şəxsin icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsinə dəlalət edir. Odur ki, X3 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-9/2020 saylı icra vərəqəsindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(001)-5150/2024 saylı qərarı ilə 500 manat məbləğində inzibati cərimə edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində sözügedən icra sənədinə münasibətdə İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətmişdir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 16 sentyabr 1963-cü il də Strasburqda qəbul edilmiş 4 saylı Protokolun 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-9/2020 saylı icra vərəqəsinə əsasən X1 121000 (yüz iyirmi bir min) ABŞ dolları məbləğində borc Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq iddiaçı X7 ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, X2 ödəməli olduğu pul vəsaiti müqavilə öhdəliyi ilə əlaqdar yaranmış borc olduğundan həmin borca görə şəxsin həbs edilməsi konvensiyanın qeyd edilən protokoluna zidddir. Qeyd edilənlərə əsasən də məhkəmənin gəldiyi qənaətə görə, X3 İXM-nin 528.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətəmkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasına uyğun olaraq barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə X2 icra sənədi üzrə qismən ödəniş etməsini, mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını, torpaq sahəsinin hərraca çıxarılmasını, hərracın tələbkar şəxsin qiyməti mübahisələndirməsi ilə əlaqdar yekunlaşmamasını nəzərə alaraq qeyd edir ki, onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. Beləliklə, məhkəmə X2 şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, X3 İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar