Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-128/2023 05.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40cı PB-nin sahə inspektoru, polis sahə inspektoru, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, taksi sürücüsü işləyən, Ağdam rayonu, Güllücə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİnin 40-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən Şəxs barəsində İXM 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı X3 izahat verərək bildirmişdir ki, Binəqədi RPİ-nin PPX bölüyünün polis nəfərləri Ziya Budaqlı, Rəşad Qiyamov və Rəhman Rəcəbov xx.xx.2023-cü il tarixdə Bakı Beynəlxalq Avtovağzalın qarşısında xidmətdə olarkən həmin ərazidə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Şəxs yaxınlaşaraq müvafiq fəaliyyətlə məşğul olmaq üçün sənədlərinin olubolmamasını soruşmuşlar və sənədləri təqdim etməsini xahiş etmişlər. Lakin Şəxs qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğu üçün sənədlərini təqdim etməmiş və hay-küy salmağa, ətrafa kənar şəxsləri toplamağa cəhd göstərmişdir. Polis əməkdaşları ona sakit olmasını bildirsələr də o, sakitləşməmiş, polis əməkdaşlarını təhqir edib, müqavimət göstərmiş və polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün Binəqədi RPİ-nin 40-cı PB-yə gətirilmiş və bölmədə izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında Ağdam rayonuna sərnişin aparmaq üçün durmuşdur. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb sənədlərini tələb etmişlər. O, isə avtomobildə hamilə qadın olduğunu, tələsdiyini deyib, sənədlərini verməkdən imtina etmişdir. Polis əməkdaşları onu polis bölməsinə aparmaq istədikdə o, etiraz edərək polis bölməsinə getməkdən imtina etmişdir. Həmin vaxt onu zorla polis avtomobilinə əyləşdirib Binəqədi RPİ-nin 40-cı PB-yə aparmışlar. Binəqədi RPİ-nin 40-cı PB-də şəxsiyyəti müəyyən edilmiş, izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alıb barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri X4 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə polis nəfərləri X5 və X1 ilə xidmətdə olan zaman göstəriş əsasında Bakı Beynəlxalq Avtovağzalının qarşısına gəlmişlər. Həmin ərazidə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan adını sonradan bildiyi Şəxs yaxınlaşıb sənədlərini təqdim etməsini demişlər. Lakin Şəxs onlara sənədlərini verməkdən imtina etmiş və ha-küy salmağa başlamış, ətrafına kənar şəxsləri toplamışdır. Onlar Şəxs sakitləşməsini bildirsələr də sonuncu əksinə onları soyu təhqir etmiş, müqavimət göstərməyə başlamış və qanuni tələblərinə tabe olmamışdır. Şəxs sakitləşəməyərək onlara müqavimət göstərdiyi üçün onlar tərəfindən polis bölməsinə gətirilmişdir. Polis Bölməsinə Şəxs şəxsiyyəti dəqiqləşdirilmiş və raport yazılmışdır. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfərləri X5 və X1 digər şahid X4 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində raport tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, AZA 019125 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİnin 40-cı PB tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni sonuncunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə, Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində təyin edilmiş inzibati həbsin əvvəli 04 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 04 yanvar 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-128/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-128/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver