Məhkəmə qərarları › İş №3(001)-128/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-128/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-128/2025 15.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 326-cı maddəsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:24-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində X1 idarə etdiyi Şəxs MMC-yə məxsus “İsuzu NRP66l” yük markalı, 10JZ389 dövlət qeydiyyat nişanlı avtomaşınla reysqabağı texniki müayinədən keçməməsi aşkar edilmişdir. Nəticədə Şəxs MMC barəsində İXM-nin 326-cı maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası qanununun 26.3-cü maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Buna nəzarət isə AYNA tərəfindən həyata keçirilir. Aynanın bu səlahiyyəti Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş AYNA-nın nizamnaməsində də öz təsdiqini tapmışdır. Həmçinin “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında da yalnız istisna kimi müəssisə daxili yüklərin daşınması göstərilmişdir. Digər bütün hallarda da avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil edilməlidir. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, habelə sürücünün reysqabağı tibbi müayinə edilməsinin məqsədi insan həyat və sağlamlığının qorunması və nəqliyyat vasitələrinin texniki vəziyyətinin saz olmasını təmin etməkdir. Hazırki iş üzrə Şəxs MMC tərəfindən İXM-nin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin inspektoru X2 tərəfindən aşkar edilmiş və bu barədə protokol tərtib edilmişdir. Hüquqi şəxslər barəsində inzibati tənbeh vermək məhkəmənin səlahiyyətlərinə aid olduğundan inzibati xəta haqqında protokol və iş materialları baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Bundan başqa Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılan analoji işlərdə də məhkəmə şirkətin öz məhsullarının daşınması zamanı da nəqliyyat vasitələrinin reysqabağı yoxlanılmalı olması və sürüclərin reysqabağı tibbi müayinədən keçirilməli olması qənaətinə gələrək digər şirkətlər tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını isə dəyişdirmədən qüvvədə saxlamışdır. Odur ki, məhkəmədən Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatla əlaqədar iki etiraz arqumenti mövcuddur. İlk növbədə qeyd etməlidir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman Şəxs MMC-yə bu barədə məlumat verilməmiş, hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında iş üzrə icraatda iştirakı təmin edilməmişdir. Bundan başqa “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsində göstərilmişdir ki, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydasının 1.2-ci bəndində göstərilmişdir ki, bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. Hazırki iş üzrə isə nümayəndəsi olduğu cəmiyyətə məxsus avtomobildə Şəxs MMC-nin özünün istehsal etdiyi məhsullar cəmiyyətin bir anbarından digər anbarına daşınmışdır. Həmin malların daşınmasında məqsəd satış deyil, yerdəyişmə olmuşdur. Həmin malların yerləşdiriləcəyi anbardan digər nəqliyyat vasitələri götürərək satış nöqtələrinə aparılacaqdı. Həmçinin həmin mallar satılmayaraq geri də qaytarıla bilərdi. Göründüyü kimi sözügedən qaydalar kommersiya məqsədli daşımalara aiddir və hazırki daşınma isə kommersiya məqsədli olmamışdır. Odur ki, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, həmçinin cəmiyyətin nümayəndəsinin inzibati xəta haqqında iş üzrə icraatda təmin edilməməsinə dair pozuntuya münasibət bildirilməsini xahiş etmişdir. Şəxs MMC-yə məxsus olan “İsuzu NRP66” yük markalı, 10JZ389 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin xx.xx.2024cü il tarixdə texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilibedilməməsi barədə verilmiş suala cavab olaraq cəmiyyətə məxsus nəqliyyat vasitələri ilə aparılan daşımaların kommersiya məqsədi ilə həyata keçirilmədiyindən qeyd edilən müayinələrin aparılmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində İXM-in 326-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” aktdan görünür ki, həmin tarixdə saat 15:24 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində Şəxs MMC-yə məxsus olan “İsuzu NRP66” yük markalı, 10JZ389 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin reysqabağı texniki müayinədən keçməməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokola əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, Avrora” MMC-yə məxsus olan “İsuzu NRP66” yük markalı, 10JZ389 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə qanunvericiliyin tələbləri izah edilmiş, nəqliyyat vasitəsinin sürücüsü özünün tibbi müayinədən keçdiyini bildirmiş, lakin nəqliyyat vasitəsininin reysqabağı texniki müayinədən keçmədiyini bildirmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın: 1.2-ci maddəsinə əsasən bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. 2.2-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının 1.7-ci bəndinə əsasən: 1.7. Bu Qaydalar aşağıda göstərilən avtomobil daşımalarına şamil edilmir: 1.7.1. kommunal və təcili tibbi yardım xidmətlərə məxsus, həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təxirəsalınmaz təcili xidmətlərə aid edilmiş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 1.7.2. müdafiə, ictimai asayişin qorunması və fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan avtomobil daşımalarına; 1.7.3. dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, büdcədənkənar dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi və xidməti istifadəsi üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 1.7.4. hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına; 1.7.5. fiziki şəxslərin mülkiyyətində, yaxud istifadəsində olan avtonəqliyyat vasitələri ilə şəxsi ehtiyaclar üçün yerinə yetirdikləri daşımalara. İXM-in 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən özünə məxsus olan “İsuzu NRP66” yük markalı, 10JZ389 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə istehsal etdiyi məhsulları bir anbarından digər anbarına daşımışdır. Keçirilmiş yoxlama zamanı həmin nəqliyyat vasitəsinin reysqabağı texniki müayinədən keçməməsi aşkar edilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş, diskdə olan video-görüntü, həmçinin foto-görüntülər, “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” akt və digər iş materialları ilə öz təsdiqini tapır. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 da bu halı təkzib etməmiş, nəqliyyat vasitəsinin reysqabağı yoxlanılmasının aparılmadığını qeyd edərək, reysqabağı texniki müayinənin kommersiya məqsədli daşımalara aid olduğunu bildirmiş, Şəxs MMC tərəfindən hazırki iş üzrə həyata keçirilmiş daşımanın kommersiya məqsədli olmadığını bildirməklə protokolun əsassız tərtib olunmasını hesab etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının hansı avtomobil daşımalarına şamil edilmədiyi konkret olaraq qeyd olunmuşdur. Hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına həmin qaydaların şamil olunmadığı müəyyən edilir. Lakin qanunverici tərəfindən təsərrüfatdaxili dedikdə, müəssisələrin, obyektlərin daxilində olan daşımaların nəzərdə tutulması göstərilmişdir. Həmin qayda yalnız daşımaların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan həyata keçirildiyi hallar aiddir. Eyni zamanda Şəxs MMC-nin nümayəndəsi şirkətin istehsal etdiyi içki məhsullarının cəmiyyətin digər anbarına çatdırılması üçün həyata keçirilən daşımanın kommersiya məqsədli olmadığını hesab etmişdir. Qeyd edilməlidir ki, hazırki iş üzrə Şəxs MMC-yə məxsus olan “İsuzu NRP66” yük markalı, 10JZ389 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə istehsal etdiyi içki məhsullarını digər ünvanda yerləşən anbarına ümumi istifadədə olan avtomobil yollarından istifadə edərək kommersiya məqsədi ilə çatdırır. Bu hal xx.xx.2024-cü il tarixdə saat 15:24radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində AYNA əməkdaşları tərəfindən aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin əsasən ümumi istifadədə olan avtomobil yolları tabeliyindən asılı olmayaraq ölkə ərazisində avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları şəbəkəsindən ibarətdir. Göründüyü kimi, hazırki iş üzrə “Şəxs MMC-yə məxsus olan “İsuzu NRP66” yük markalı, 10JZ389 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cəmiyyətin istehsal etdiyi malları digər anbara daşıması təsərrüfatdaxili avtomobil nəqliyyatı ilə daşımalara aid edilə bilməz və kommersiya məqsədli daşıma hesab edilməlidir. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin həmin daşımanın kommersiya məqsədli daşıma olmaması ilə bağlı fikirləri ilə də razılaşmır və hesab edir ki, həmin daşıma məhz kommersiya məqsədli yük daşımadır. Belə ki, həmin şirkət tərəfindən istehsal edilmiş içki məhsulları cəmiyyətin digər anbarına qeyri kommersiya məqsədləri üçün deyil, kommersiya məqsədi, yəni istehsal etdiyi məhsulları sataraq gəlir əldə etmək məqsədi ilə daşınılır. Odur ki, Şəxs MMC-yə məxsus olan “İsuzu NRP66” yük markalı, 10JZ389 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması təmin edilməmişdir. Bununla da, cəmiyyət tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs MMC tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” akt və iş materiallarında olan foto-şəkilər və disklə tam sübuta yetirilmişdir. Bundan başqa Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 cəmiyyətin səlahiyyətli şəxsinin inzibati xəta haqqında iş üzrə icraatda iştirakının təmin edilməməsinə dair pozuntuya münasibət bildirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, İXM-ninin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İş materiallarından da görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs MMC tərəfindən İXM-nin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi aşkar olunaraq elə həmin gün də cəmiyyətin barəsində MN seriyalı ******* saylı “İnzibati xəta haqqında” protokol tərtib edilərək, xx.xx.2024-cü il tarixli 21-632 saylı məktubla həmin protokolun surəti cəmiyyətin hüquqi ünvanına göndərilmişdir. Bundan başqa cəmiyyətin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilərək tərtib edilmiş protokola öz etirazlarını bildirlməlrinə şərait yaradılmışdır. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin tələblərinə əməl edilmiş və heç bir prosessual pozuntuya yol verilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İXM-in 9.1 -ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və digər halları nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar