Məhkəmə qərarları › İş №3(001)-1285/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1285/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1285/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin səlahiyyətli nümayəndəsi X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs səlahiyyətli nümayəndəsi LGG Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin material əsasında X6 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan Şəxs MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Proses iştirakçılarının izahatları:

2. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X3, xx.xx.2025-ci il tarixində məhkəmə iclasında iştirak edən qurumun digər səlahiyyətli nümayəndəsi Nümayəndə2 ilə eyni məzmunda çıxış edərək, inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, cənab Prezidentin məlum Sərəncamından sonra ölkədə tikinti obyektlərində qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə mütəmadi olaraq yoxlamalar həyata keçirilir. Bu sahədə səlahiyyətli iki qurum müəyyən edilmişdir: Asan Xidmət və X12. MMC-nin cərimələnməsi üçün zəruri sənədləri yoxlamanı həyata keçirən Asan Xidmət göndərmişdir. X12 göndərilən sənədlər əsasında müəyyən etmişdir ki, X15 əmək müqaviləsi və mülki hüquqi müqavilə olmadan Şəxs MMC tərəfindən tikintidə işə cəlb edilmişdir. Hadisə zamanı ərazidə olan, audio-video lentdə də açıq-aşkar ifadə verərəkən görünən Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi İsrafilov Ceyhun da bunu da təsdiqləmişdir. Beləliklə, Asan Xidmət tərəfindən aşkarlanan bu fakt tərəflərindən öz təsdiqini tapmış, bu səbəbdən də MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Sonda nümayəndə qeyd edilənlərin nəzərə alınaraq protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Məhkəmə iclasında Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi LGG Vəkil Bürosunun vəkili Nümayəndə1 bildirmişdir ki, MMC-nin vəzifəli şəxsi barəsində də protokol eyni qaydada zəruri araşdırılma aparılmadan tərtib olunmuş, daha sonra qərar bizim tərəfimizdən mübahisələndirilmiş, həm birinci, həm də apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, araşdırma natamamdır və şikayətimiz təmin olunmuşdur. MMC barəsində isə tərtib edilmiş protokol bir dəfə zəruri araşdırılma aparılması üçün məhkəmə qərardadı ilə geri qaytarılmış, lakin X12 heç bir araşdırma aparmadan yenidən materialları məhkəməyə göndərmiş, məhkəmə bu dəfə İXM-nin 53-cü maddəsinə əsasən iş üzrə icrata xitam vermişdir. Qarşı tərəf apellyasiya şikayəti vermiş, bu dəfə də apellyasiya məhkəməsi iş üzrə adları keçən şahidlərin dindirilməsi və zəruri araşdırma üçün işi birinci instansiya məhkəməsinə geri qaytarmışdır. Artıq səkkizinci iclasdır ki, proses davam edir. Müfəttişliyin məsuliyyətsizliyi MMC-nin vaxt itkisinə səbəb olmuşdur. Müfəttişliyin topladığı sənədlərdən görünür ki, o ərazidə tikinti fəaliyyətini “A Class Construction” həyata keçirir. Hətta səlahiyyətli nümayəndə kimi təqdim edilən, ancaq videoda "xxxx" MTK-nin işçisi kimi özünü təqdim edən İsrafilov Ceyhunun da iştirakı ilə tərtib edilən AKT-da da “A Class Construction” adı qeyd edilmişdir. “A Class Construction” ərazidə tikinti ilə bağlı "xxxx" MTK ilə podrat müqaviləsi bağlamışdır. "xxxx" MTK ilə Şəxs MMC arasında 2022-2023-cü illərdə xidməti müqavilə olmuş, onlar birgə işlər görmüşlər. Lakin "xxxx" MMC 2023-cü ildən Qarabağ İqtisadi zonasında fəaliyyət göstərir və Akt tərtib edilən zaman nə ərazi ilə, nə də tikinti ilə əlaqəsi olmamışdır. Bununla bağlı zəruri təsdiqedici sənədlər də iş materiallarına əlavə edilmişdir. Nümayəndə sonda qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitma verilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında şahid X15 çıxış edərək bildirmişdir ki, o Şahid2 başqa heç kimi tanımır. Onu işə Zahir dəvət etmişdir və etibarnamə ilə Zahirə məxsus texnikanı idarə etmişdir. Zahirlə aralarında əmək müqaviləsi olmamışdır. Gündəlik əmək haqqına razılıq əldə etmişlər. Sonda videoçəkiliş zamanı orda olduğunu, o zaman da eyni məzmunda ifadə verdiyini bildirmişdir.

5. Məhkəmə iclasında Şahid2 bildirmişdir ki, o həm "xxxx" MTK, həm də Şəxs MMC ilə işləmişdir. Hər iki şirkəti də tanıyır. Lakin onun Şəxs MMC ilə münasibəti 2022-2023-cü illərdə olmuşdur. O zaman "xxxx" MTK ilə Şəxs MMC arasında işgüzar münasibətlər, hətta xidməti müqavilə də var idi. Lakin hadisə baş verən vaxt ərazidə "xxxx" MTK ilə işləmək üçün gəldiyini, VÖEN-i olmadığı üçün müqavilə bağlaya bilmədiyini, elə həmin vaxt da yoxlama gələrək onun "xxxx" MTK üçün qazma işlərini həyata keçirməyə, gündəlik əmək haqqı ilə razılıq əldə etdiyi Kamilov Elvini aşkarladıqlarını ifadəsinə əlavə etmişdir. Onu da bildirmişdir ki, 2025-ci ildən yenidən Şəxs MMC ilə işləmişdir. Onun kimi digərləri də həmişə Şəxs MMC ilə "xxxx" MTK-nın əvvəllər birgə işlədiklərini gördükləri üçün ola bilər ki, hələ də bu münasibətin davam etdiyini zənn etsinlər. Ancaq təkrarən bildirmişdir ki, hadisə baş verən gün aşkarlanan qanunsuzluq onun "xxxx" MTK üçün müqavilə bağlamadan apardığı işlə bağlı olmuşdur. Bunun da səbəbini artıq izah etmişdir ki, VÖEN həmin vaxt olmadığından ona görə müavilə bağlaya bilməmişdir. Amma sonradan VÖEN almış və "xxxx" MTK ilə münasibətlərini rəsmiləşdirmişdir. X8 işçisi olduğunu, qazma üçün texnikanı etibarnamə ilə Elvinə özünün verdiyini, həmin vaxt özünəməxsus texnika ilə "xxxx" MTK üçün qazma işləri gördüyünü ifadəsinə əlavə etmişdir.

6. Məhkəmə iclasında şahid X2 bildirmişdir ki, yoxlama gələn zaman bildirmişlər ki, “A Class Construction” yoxlamaq üçün gəlmişlər. O, özü isə "xxxx" MTK-nın işçisi olmuş, əmək müqaviləsi ilə anbardar vəzifəsində çalışmışdır. Video materialdan da görünür ki, o, özünü "xxxx" MTK-nın işçisi kimi tanıdır. Bəli o ifadə verərkən səhvən Kamilov Elvini Şəxs MMC-nin işçisi kimi təqdim etmişdir. Lakin o yanılmışdır. Çünki əvvəllər "xxxx" MTK ilə Şəxs MMC arasında müqavilə olmuş, birgə işləmişlər. Elvini isə "xxxx" MTK-nın belə bir işçisi olmadığını bildiyi üçün zənn etmişdir ki, yəqin "xxxx" MMC-nin işçisidir. Lakin sonradan bilmişdir ki, ümumiyyətlə X16 Zahir adlı şəxs gətirmişdir əraziyə. Zahir isə ərazidə "xxxx" MTK üçün qazma işləri həyata keçirir. Bunları o, bilə bilməzdi. Zəruri araşdırma apararaq aydınlaşdırmaq səlahiyyətli qurumun üzərinə düşür. O, özü ümumiyyətlə Şəxs MMC –nin səlahiyyətli nümayəndəsi deyildir, ola da bilməz, çünki "xxxx" MTK-nın işçisidir. Əgər alt sistemdə əmək müqaviləsini müfəttişlik yoxlasa idi dediklərinin doğruluğunu müəyyən etmiş olardılar. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X15 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan Şəxs MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir.

8. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X4 Aktı ilə əmək müqaviləsi olmadan işə cəlb edilmiş işçilər olduğu müəyyən edilmişdir.

9. xx.xx.2022-ci il tarixli, 11F/2022/ŞV/11/01 nömrəli Şəxs MMC ilə "xxxx" Mənzil Tikinti Korporativi arasında xidmət müaviləsi bağlanmışdır

10. Şəxs MMC ilə "xxxx" Mənzil Tikinti Korporativi arasında hesablaşma hesabını təsdiq edən 3 ədəd Forma 2-dən müəyyən edilir ki, tərəflər arasında axırıncı hesablaşma 30 may 2023-cü il tarixində olmuşdur.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol zəruri araşdırılma aparılmadan tərtib edildiyindən Binəqədi Rayon Məhkəməsinin 3(001)-8/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərardadı ilə geri qaytarılmışdır.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində tərtib edilmiş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol zəruri araşdırılma aparılmadan tərtib edildiyindən inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, işə yenidən baxılması üçün X7 göndərilməsi barədə Binəqədi Rayon Məhkəməsinin 3(001)- 566/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərarı qəbul edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsində mübahisələndirilən hər iki yekun akt (3(001)- 8/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərardad və 3(001)-566/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərar) apellyasiya şikayətinə münasibətdə 3(103)-490/2025 nömrəli, 0xx.xx.2025ci il tarixli qərarla qüvvədə saxlanılmışdır.

14. Binəqədi Rayon Məhkəməsinin 3(001)-1285/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsassız olduğundan iş üzrə icraata xitam verilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1093/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərarı ilə Binəqədi Rayon Məhkəməsinin 3(001)-1285/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərarı ləğv edilərək zəruri araşdırılmanın aparılması, işə yenidən baxılması üçün inzibati xətaya dair material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

16. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.

17. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

18. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

21. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

22. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. Belə ki, səlahiyyətli orqan tərəfindən toplanmış sübutlar Şəxs əməlində İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətinin olması üçün kifayət etmir. Çünki, səlahiyyətli orqan tərəfindən Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılmış olsa da, X6 Şəxs MMC tərəfindən əmək müqaviləsi və ya mülki müqavilə olmadan işə cəlb edilməsi halı toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, Binəqədi Rayon məhkəməsi tərəfindən iki dəfə protokol üzrə sənədlərin yenidən araşdırılması üçün materiallar X7 göndərilsə də Müfəttişlik heç bir araşdırma aparmadan həmin qərar və qərardadları apellyasiya qaydasında mübahisələndirmiş, Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyərək 3(103)-490/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə birinci instansiyanın hər iki yekun aktını qüvvədə saxlamışdır. Bununla da zəruri araşdırılmanın aparılmalı olduğu, iş materiallarının natamam olduğu təsdiqlənmişdir. Lakin X12 yenidən heç bir araşdırma aparmadan iş materiallarını məhkəməyə göndərmiş, bu dəfə təqsirin sübuta yetirilməməsi əsası ilə Binəqədi Rayon Məhkəməsi 3(001)-1285/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərarı ilə iş üzrə icraata xitam vermişdir. X12 birinci instansiya məhkəməsinin qərarını apellyasiya qaydasında yenidən mübahisələndirmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1093/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərarı ilə Binəqədi Rayon Məhkəməsinin 3(001)-1285/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərarı ləğv edilərək zəruri araşdırılmanın aparılması, işə yenidən baxılması üçün inzibati xətaya dair materialı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar İbrahimovun sədrliyi ilə keçirilən iclasda tərtib edilmiş aktda yoxlayıcılardan biri olan X9 dindirilmiş, o ifadəsində bildirmişdir ki, akt yalnız verilmiş ifadələr əsasında tərtib edilmiş, zəruri araşdırılma aparılmamışdır. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsi iş üzrə adları keçən şahidlərin İsrafilov Ceyhun və Şahid2 çağırılaraq dindirilməsinin, Şahid2 xx.xx.2024-cü il tarixində akt tərtib edildiyi tarixdə kimə işləməsinin müəyyən edilməsi üçün həm apellyasiya, həm də birinci instansiya məhkəməsində araşdırılan məsələlərin müqayisə edilməli olduğunu xüsusilə vurğulamışdır. Birinci instansiya məhkəməsi qeyd edilən halların araşdırılması üçün iş üzrə adları keçən Kamilov Elvin, Şahid2 və İsrafilov Ceyhunu məhkəmədə şahid qismində dindirmiş, Şəxs MMC tərəfindən təqdim edilmiş sənədləri ifadələrlə birgə nəzərdən keçirərək müəyyən etmişdir ki, Kamilov Elvin Şəxs MMC-nin işçisi olmamışdır. Belə ki, məhkəmə iclas zalında ifadə verən X16 Zahirin işçisi olduğunu gündəlik əmək haqqı müqabilində ona etibarnamə əsasında Şahid2 tərəfindən verilən texnika ilə ərazidə qazma işləri apardığını, həmin gün ərazidə təzə olduğunu, ümumiyyətlə Zahirdən başqa heç kimi tanımadığını bildirmişdir ki, bu da iş üzrə materiallara əlavə edilmiş video materialla da öz təsdiqini tapır. Bundan başqa məhkəmə iclas zalında dindirilmiş Şahid2 Kamilov Elvinlə eyni məzmunlu ifadə verməklə yanaşı hər iki şirkəti də tanıdığını, dost münasibətində olduqlarını, özünəməxsus texnika ilə zaman-zaman hər iki şirkət üçün də qazma işləri həyata keçirdiyini, lakin akt tərtib edilərkən ərazidə artıq Şəxs MMC olmadığından "xxxx" MTK-nın dəvəti ilə onlar üçün qazma işləri həyata keçirdiyini, bu zaman VÖEN-ni olmadığından müqavilə bağlaya bilmədiyini elə həmin vaxtda da yoxlamanın keçirildiyini ifadəsinə əlavə etmişdir. Daha sonra onu da bildirmişdir ki, o problemi tezliklə aradan qaldırmış və "xxxx" MTK ilə aralarında müqavilə bağlanmışdır. Məhkəmə iclas zalında şahid kimi dindirilmiş İsrafilov Ceyhun isə Şahid2lə eyni məzmunda ifadə verərək bildirmişdir ki, o, sonradan bilmişdir ki, Şahid2 "xxxx" MTK üçün qazma işlərini yerinə yetirir. X20 Zahir, həm də Kamilov Elvin ərazidə təzə olmuşlar. 2022-2023-cü illərdə Şəxs MMC "xxxx" MTK ilə birlikdə işlədiyindən Zahir və Elvini isə tanımadığından zənn etmişdir ki, onlar Şəxs MMC-nin işçiləridir. O "xxxx" MTK-nın anbardarı olduğunu, özünü qətiyyən Şəxs MMC-nin nümayəndəsi olduğunu iddia etmədiyini, belə bir səlahiyyəti belə olmadığını bildirərək, oranın tikinti meydançası olduğunu subpodratçıların çoxluğunu nəzərə alaraq hamını tanıya bilməməsinin nəzərə alınmasını bildirmişdir. Məhkəmə iclas zalında X5 səlahiyyətli nümayəndələrinə sual verilərkən müəyyən edilmişdir ki, onlar heç bir zəruri araşdırma aparmamışlar. Ancaq ASAN Xidmət tərəfindən tərtib edilmiş AKT və video materiala baxış keçirərək inzibati xəta ilə bağlı protokol tərtib etmişlər. Hətta protokol tərtib etməmişdən əvvəl MMC-nin səlahiyyətli nümayəndəsini Xidmətə dəvət etməmiş, portal üzərindən şəxslərin hansı MMC-nin işçisi olduqlarını müəyyən etməmişlər. Bu hallara həm birinci, həm də apellyasiya Məhkəməsində də hüquqi qiymət verilərək inzibati işin yenidən araşdırılması əsası ilə iş X7 geri göndərilsə də məhkəmənin zəruri qərar və qərardadlarına, məhkəmə aktlarında qeyd edilən xüsusatlara diqqət yetirilmədən, iş araşdırılmadan təkrar-təkrar yenidən baxılması üçün məhkəməyə təqdim edilmişdir. Halbuki, səlahiyyətli qurum vaxtında zəruri araşdırmanı aparıb səlahiyyətli nümayəndələr və aktın tərtibində iştirak edən digər şəxsləri dindirmiş olsa idi, X14 Zahir tərəfindən işə cəlb edildiyini, Şahid2 isə müqavilə olmadan ərazidə "xxxx" Mənzil Tikinti Korporativi üçün qazma işləri apardığını müəyyən etmiş olardı və protokolu təqsiri sübuta yetirilən şəxs(lər) barəsində tərtib edərək məhkəməyə təqdim edərdi.

23. Məhkəmə bildirmək istəyir ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 7.1-ci bəndində süründürməçiliyin qarşısının alınması məqsədilə xüsusilə vuğulanmışdır ki, məhkəmələrin......qərarlarının qanunla müəyyən edilmiş müddətdə icrası təmin edilməlidir. İnsan və vətəndaşın pozulmuş hüquq və azadlıqlarının qarşısı vaxtında alınmalıdır. Həmin Fərmanla bir daha həm inzibati orqanların, həm də məhkəmələrin üzərinə əsas vəzifə kimi ədalətin vaxtında təmin edilməsi qoyulmuş, bundan irəli gələn zəruri addımların atılmalı olması vurğulanmışdır.

24. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə müvafiq olaraq hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ olmaqla, onun işinə qərəzsiz yanaşılması və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılması hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edirlər.

25. Beləliklə məhkəmə hesab edir ki, X11 tərəfindən toplanmış sübutlar, Şəxs İXMin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini şübhə altına alır və qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir və sübutetmə yükü səlahiyyətli orqanın üzərinə düşür. Lakin səlahiyyətli orqan tərəfindən göstərilən hallarla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmiş, əksinə qarşı tərəf isə protokolda qeyd edilən halı təkzib edəcək sübutları məhkəməyə təqdim etmişdir.

26. Həmçinin qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.

27. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.

28. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

29. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

30. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

31. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

32. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.

33. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar