Məhkəmə qərarları › İş №3(001)-1290/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1290/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1290/2025 02.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-10285 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-10285 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verib bildirmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24612935 nömrəli inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət vermiş, həmin qərar məhkəmə tərəfindən ləğv edilərək yenidən baxılması üçün Baş X6 İdarəsinə göndərilmişdir. Lakin Baş X6 İdarəsində heç bir əlavə araşdırma aparılmadan, qayda pozuntusu ilə bağlı ona hər hansı sübut, görüntü təqdim edilmədən guya qayda pozuntusunun sübuta yetirilməsi səbəbi ilə xx.xx.2025-ci il tarixli, 16/1-10285 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında 150 manat cərimə olunmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-10285 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 6720/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24612935 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, 16/1-10285 nömrəli inzibati tənbeh vermə qərardan görünür ki, inzibati xəta haqqında işlərə yenidən baxılarkən yol hərəkəti qayda pozuntuları tam olaraq sübuta yetirilmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 150 manat məbləğində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X2 şikayəti təmin edilməli, onun barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-10285 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-6720/2024 tarixli qərarı ilə X3 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24612935 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilmiş, inzibati xəta haqqında işlərə yenidən baxılarkən X2 iştirakı təmin edilməmiş, sonuncuya qayda pozuntusu ilə bağlı görüntülər təqdim edilməmiş, məhkəmə qərarında qeyd edilmiş nöqsanlara qiymət verilmədən kifayət qədər əsaslanıdırılmamış xx.xx.2025-ci il tarixli, 16/1-10285 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla yanaşı, səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur və qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır. Bundan başqa, səlahiyyətli orqan tərəfindən X2 inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilsə də, sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-10285 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-10285 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar