Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-13/2025 13.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndələri Nümayəndə, Şəxs nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 375.0.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən Şəxs barəsində İXM-in 375.0.2ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.
2. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, cəmiyyətin informasiya sistemində müştərilərin məlumatları vardır. Həmin informasiya sistemində müştərilərin şəxsi məlumatlarında sızıntı halı müəyyən olunmuşdur. Bununla bağlı da idarəyə müraciət daxil olmuşdur. Eyni zamanda ildə bir dəfə sistemlərin monitorinqləri aparılmaqdadır. Bu məqsədlə cari ilin aprel ayında da monitoriq aparılmış və hüquqi şəxsə sistemlərində boşluq olması, həmin boşluğun aradan qaldırılması barədə məlumat verilərək əvvəlcədən xəbərdalıq edilmişdir. Cəmiyyətlə telefon danışıqları olmuş və həmçinin kibertəhlükəsizlik əməkdaşları ilə əlaqə saxlanmışdır. Onu da qeyd etmək lazımdır ki, tərəfə aprel ayında boşluqla bağlı sorğu göndərilsə də, həmin boşluqlar aradan qaldırmamışdır. Kibertəhlükəsizlik əməkdaşları tərəfindən araşdırma aparılaraq məlumat verilmişdir ki, sızıntı hələ də mövcuddur. Belə ki, yoxlama aparılan zaman görümüşlər ki, sistemə parolu daxil etməklə rahatlıqla onda daxil olmaq olur. Cəmiyyətin sistemində ikili identifikasiya və digər təhlükəsizlik üsulları da mövcud deyildir. Bu da fərdi məlumatların görünməsinə gətirib çıxarır. Bu səbəbən 1 milyon 600 min vətəndaşın fərdi məlumatlarının sızma təhlükəsini nəzərə alaraq, həm metodiki dəstək göstərmək, həm də protokol tərtib etmək üçün cəmiyyəti xidmətə dəvət etmişlər.
3. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaşlarla bağlı məlumatları kompüterdə yükləyib baxmaq mümkündür. Bunu sübut üçün cəmiyyətin adresindəki məlumatlar bölməsinə tərəflərindən daxil olunmuş və bununla bağlı 28 oktyabr 2024-cü il tarixdə video görüntülər çəkilmişdir. 1 milyon 600 min vətəndaşın fərdi məlumatları təhlükə altında olduğuna görə, idarə təcili olaraq gün ərzində yaxınlaşıb hüquqi dəstək göstərilməsi məqsədi ilə məlumat vermiş, elə həmin tarixdə də cəmiyyət barəsində protokol tərtib edilmişdir. Xidmətin nümayəndəsi çıxışının sonunda onu daəlavə etdi ki, hətta məlumatlar teleqram kanallarında indi də açıq şəkildə yayınlanır.
4. Məhkəmə iclasında Şəxs nümayəndəsi X3 bildirmişdir ki, satış şirkəti olduqları üçün sahibkar olaraq müştərilər haqqında lazım olan müəyyən məlumatlar olur. Tərəflərindən sahibkar kimi onların mühafizəsi üçün mümkün olan tədbirlər görülmüşdür. Qeyd edilən hallar bank hesabı kimi daha ciddi məlumatlar deyil, onlar sahibkarlığa uyğun bütün mühafizə tədbirlərini həyata keçirmişlər. Qarşı tərəf fikir mübadiləsinin etdiyini, onlara məlumat verdiyini bildirir. Biz bu məlumatı aldıqdan sonra xidmətə getməmişik bu bizim öz hüququmuzdur gedə də bilərik, getməyə də. Ancaq lazımı mühafizə tədbirlərini görmüşük. Onlar sızıntı yox sistemdə boşluqla bağlı xəbərdarlıq etmişdilər. Əgər sızıntı olmasını demiş olsalardı, onu dərhal aradan qaldırardılar. Qarşı tərəf sızıntını görən kimi dərhal protokol tərtib etmişdir. Ona görə də, məhkəmədən cəmiyyət barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirik. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
5. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxsnə məxsus sifarişlərin idarə olunması sistemində fərdi məlumatlarının mühafizəsinin təmin olunmaması faktı aşkar edilmişdir. Bununla da, Şəxs İXM-in 375.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir.
6. DVD diskdən və internet resursundan əldə edilmiş fotoşəkillərdən görünür ki, “erp.abc-telecom.az” internet informasiya ehtiyatında müştərilərə dair fərdi məlumatların kənar şəxslər tərəfindən əldə edilməsi mümkündür. Məhkəmənin əsaslandırması və mövqeyi:
7. Məhkəmə, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 375.0.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 375.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və iş materialı ilə tam sübuta yetirilmiş və cəmiyyətin əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə qeyd olunan maddə üzrə vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.
8. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxsnə məxsus “erp.abc-telecom.az” internet informasiya ehtiyatında müştərilərə dair fərdi məlumatların kənar şəxslər tərəfindən əldə edilməsi mümkündür. Belə ki, müştərilərin fərdi məlumatları link vasitəsilə Telegram sosial şəbəkəsində yayımlanır ki, məhz o linklərə də istənilən şəxs daxil olmaqla asanlıqla fərdi məlumatları əldə edə bilir.
9. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa görə fərdi məlumatlar dedikdə şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat başa düşülür. ABC-Telecomun əsaslandırdığı kimi təkcə bank məlumatları deyil, anlayışdan da göründüyü kimi şəxsin kimliyini birbaşa və dolayı yolla müəyyənləşdirən istənilən məlumat fərdi məlumat hesab edilməklə qanunun mühafizəsi altına düşür.
10. Qanunun 4-cü maddəsinə görə fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması, onların informasiya sistemlərinin yaradılması Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə, qanunçuluq, konfidensiallıq, könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə uyğun həyata keçirilir. Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi prosesində insanın həyat və sağlamlığı üçün təhlükə yaradılmasına, onun şərəf və ləyaqətinin alçaldılmasına yol verilmir.
11. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: fərdi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır (5.5-ci maddə); mülkiyyətçi və ya operator fərdi məlumatların mühafizəsinin (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasının) təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməlidir (5.8-ci maddə); fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir (10.1 -ci maddə).
12. Fərdi məlumatların mühafizəsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur və bu subyekt informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların mühafizəsini tələb etmək hüququna malikdir.
13. İXM-in 375.0-cı maddəsinə əsasən fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, yəni: 375.0.2. fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
14. Göründüyü kimi, Şəxsnə məxsus sifarişlərin idarə olunması sistemində fərdi məlumatlarının mühafizəsinin təmin olunmaması faktı məhkəmədə öz təsdiqini tapır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs İXM-in 375.0.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir.
15. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
16. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
17. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
18. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
19. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.
20. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
21. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
22. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.
23. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 375.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.
24. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-50, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova