Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-130/2023 26.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X18 katibliyi ilə, X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X11 şikayətini onunla əsaslandırmışdır ki, o, 28 dekabr 2022-ci il tarixində, saat 10:30 radələrində mülkiyyətində olan ** CY *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ TUCSON” minik marklı avtomaşınla Ziya Bünyadov prospektində Azərbaycan Respublikası DİN-nin hospitalı ilə üzbəüz körpünün sağ tərəfindəki yolla üzü Ayna Sultanova istiqamətində hərəkətdə olarkən sol cinahında hərəkət edən “Toyota Prius” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobil gözlənilmədən onun hərəkətdə olduğu birinci sıradakı yola təhlükəli manevr edərək çıxan zaman onun hərəkətdə olduğunu unudaraq avtomobilinin sol bufer və fara hissəsini vuraraq mülkiyyətində olan ** CY *** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” minik marklı avtomaşınına ziyan vurmuşdur. O, avtomaşının ziyan görmüş hissələrinin qopmaması və küləkdən qorunması üçün həmin yerlərə skoç vurmuşdur. Daha sonra həmin sürücü avtomobilindən düşərək sol tərəfdən onu kiminsə avtomaşınla sıxışdırdığını və bu səbəbdən özünü itirib onun qarşısına çıxdığını bildirmişdir. O, dərhal bu barədə DİN-in 102 xidmətinə və sığortaçısı "xxxx" Şirkətinə məlumat vermişdir. Hadisə yerinə Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort bölüyünün YPX baş inspektoru, polis kapitanı X9 gəlmişdir. O, hadisə yerində heç bir müayinə və müşahidə aparmadan, qarşı tərəfin mənə bildirdiyi fikirləri ona da bildirdi. Bu vaxt polis əməkdaşı onun sənədlərini götürüb oradan uzaqlaşdı və “Azər Sığorta”dan 055 *** ** ** mobil nömrəsi olan şəxs gələrək maşınların şəklini çəkərək hadisə yerindən getdi və mənə bildirdi ki, polisdən forma 4 arayışı gətirilməlidir ki, sığortanı qiymətləndirib ödəsinlər. Növbəti gün o, Bakı şəhər DYPİ-nə getmiş və orada YPX-nın baş inspektoru Rəşad Rüstəmli ona bildirmişdir ki, günah sizdədir və sizin barənizdə protokol tərtib etmişəm. O, həmin protokola qeyd verməklə bildirmişdir ki, hadisə yeri müayinə edilmədən, hadisə yerinin sxemi çəkilmədən, ətrafdakı olan təhlükəsiz şəhər kameralarına baxış keçirilmədən və ən əsası ekspertiza təyin edilmədən əsassız olaraq onu günahkar çıxarmaqla protokol tərtib edilmişdir. O, Rəşad Rüstəmlidən qərarı da tələb etsə də ona bildirmişdir ki, tərtib edilmiş protokol elə qərarı əvəz edir. Protokolda onun tərəfindən yolayrıcını keçmə qaydalarını pozulması qeyd edilməklə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etmişdir. Halbuki, İXM-nin 100-cü maddəsində deyilir ki, tərtib edilmiş protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddə olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Göründüyü kimi Bakı şəhər DYPİ-nin əməkdaşı Rəşad Rüstəmli tərəfindən İXM-nin müvafiq maddələrini kobud surətdə pozmuşdur. Bir daha qeyd etmək istəyir ki, həmin hadisədə onun heç bir təqsiri yoxdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şikayətçi X11 şikayətin məzmununa uyğun çıxış edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin müşayiət eskort bölüyü YPX baş inspektoru, polis kapitanı Rəşad Rüstəmli çıxış edərək bildirmişdir ki, şikayət vermiş şəxs X11 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsaslı olaraq tərtib edilmişdir. Belə ki, X11 xx.xx.2022-ci il tarixdə İXM-in 327.2-ci madəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və nəticədə yol-nəqliyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Bu səbəbdən, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X11 tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X11 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X11 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X11 İXM-in 327.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətmişdir. AC 065800 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsi verilmişdir. AE 824156 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsi verilmişdir. AD 872355 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Tucson” minik markalı, ** CY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Hyundai Tucson” minik markalı, ** CY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Toyota Prius” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində “Hyundai Tucson” minik markalı nəqliyyat vasitəsinin qabaq sol künc hissəsi, “Toyota Prius” markalı nəqliyyat vasitəsinin sağ yan hissəsi əzilmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 2/42356 nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X11 yol-nəqliyyat hadisəsi zamanı ayıq vəziyyətdə olmuşdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 2/42370 nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X10 yol-nəqliyyat hadisəsi zamanı ayıq vəziyyətdə olmuşdur. xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X8 xüsusi mülkiyyətindədir. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X12 “Toyota Prius” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnu X6 etibar etmişdir. Beləliklə məhkəmə iclasında verilmiş şikayət inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edildi ki, yol-nəqliyyat hadisəsi **-CY-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ TUCSON” minik markalı avtomobili idarə edən X3 Bünyadov prospektində Azərbaycan Respulikası DİN-in hospitalı ilə üzbəüz körpünün sağ tərəfindəki yolla üzü Ayna Sultanova istiqamətində hərəkətdə olarkən, həmin vaxt sol cinahında hərəkət edən “Toyota Prius” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində baş vermişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolun surətindən görünür ki, həmin inzibati xəta haqqında protokolda şikayətçi X11 yol-nəqliyyat hadisəsinin “Toyota Prius” markalı avtomobilin sol tərəfdən gözlənilmədən sağ tərəfə onun qarşısına avtomobili qaçırtması səbəbindən baş verməsini, onun təqsirinin olmadığını, inzibati xəta haqqında protokolun yol-nəqliyyat hadisəsi yerinin sxeminin çəkilmədən tərtib edilməsini bildirmişdir. “Yol-patrul xidməti haqqında” Təlimatın 10.5-ci bəndinə əsasən inzibati xəta törədilməsi nəticəsində nəqliyyat vasitələri, yüklər, yollar, yol qurğuları və digər əmlakın zədələnməsinə səbəb olmuş və yalnız maddi ziyanla nəticələnən hallarda hadisənin rəsmiləşdirilməsi zamanı YPX inspektoru patrul avtomobilində quraşdırılmış məsafədən səs ötürən mikrofonu işlək vəziyyətdə saxlamaqla videokamera vasitəsilə hadisə yerinin görüntüsünü qeydə almaqla nəqliyyat vasitələrinin sürücülərindən və şahidlərdən zəruri məlumatlar alır. Yazılı izahatlar alınanda hadisə vaxtı nəqliyyat vasitəsinin yeri və vəziyyəti, hərəkət sürəti, görünüşü, hadisəni törədənlərin hadisəyə qədər və hadisə zamanı hərəkətləri və sair suallar dəqiqləşdirilir. “Yol-patrul xidməti haqqında” Təlimatın 10.6-cı bəndinə əsasən hadisə yerinə baxış keçiriləndən və hadisəni törətmiş şəxslər, habelə şahidlər dinlənəndən sonra aşağıdakı sənədlər tərtib olunur: inzibati xəta haqqında protokol; yol-nəqliyyat hadisəsi yerinin sxemi; hadisə iştirakçılarının və şahidlərin izahatları; yol-nəqliyyat hadisəsinin uçot qaydaları ilə müəyyən edilmiş qeydiyyat vərəqəsi; hadisə yerindən sürücünün nəqliyyat vasitəsi ilə birgə yayındığı halda onun axtarışı üçün keçirilmiş ilkin tədbirlər barədə sənədlər və raport. İş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin müşayiət eskort bölüyü YPX baş inspektoru, polis kapitanı Rəşad Rüstəmli tərəfindən “Yolpatrul xidməti haqqında” Təlimatın tələbləri pozulmuş, X11 baş vermiş yol nəqliyyat hadisəsinin onun təqsiri olmadan baş verməsini bildirməsinə, özünü təqsirli bilmədiyinə baxmayaraq yol-nəqliyyat hadisəsinin baş verməsini görmüş şəxslər-şahidlər müəyyən edilməmiş, onların izahatları alınmamışdır. Belə ki, məhkəmə iclasında şikayətin dəlilləri araşdırılarkən yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazidə kameraların da olmadığı müəyyən edilmişdir. Belə olduğu halda, inzibati xəta haqqında protokol tərtib edilən zaman yalnız X5 və ilə “Toyota Prius” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X4 izahatları ilə kifayətlənməməli, eyni zamanda həmin hadisəni görmüş şəxslər müəyyən edilməli, onların da şahid kimi izahatları alınmalı idi. Bundan əlavə X11 onun İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibari xətanın onun təqsiri üzündən baş verməsi ilə razılaşmamış və bu barədə də inzibati xəta haqqında protokol tərtib edilən zaman izahatında qeyd etmişdir. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin müşayiət eskort bölüyü YPX baş inspektoru, polis kapitanı Rəşad X2 baş vermiş inzibati xəta hadisəsi ilə razılaşmamasına baxmayaraq, X11 tərəfindən həmin inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana göndərilməli olduğu və inzibati tənbeh vermə haqqında qərar yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməli olduğu halda, şəxsin İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar da onun tərəfindən qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X11 barəsində İXM-in 327.2ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılması üçün müvafiq orqana geri göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, X11 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X11 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Daxili İşlər Nazirliyi Baş X21 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-130/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-130/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver