Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1302/2025 17.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi qismində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin (RPİ) Dövlət yol polisi şöbəsinin (DYPŞ) yol patrul xidməti inspektoru, polis serjantı X1 iştirakı ilə Şəxs barəsində Binəqədi RPİ-nin DYPŞ tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 343-1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Binəqədi RPİ-nin DYPŞ Yol patrul xidməti baş inspektoru, polis leytenantı X4 tərəfindən 03 dekabr 2024-cü il tarixdə İXM-nin 329.3 və 343-1.1-ci maddələri ilə İXP ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilmişdir. İXM-nin 329.3-cü maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. İXM-nin 343-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 333-1.1-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında Binəqədi RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X2 protokolu müdafiə etdiyini bildirərək, əlavə olaraq qeyd etdi ki, 02 dekabr 2024cü il tarixdə, gecə saatlarında Şəxs idarə etdiyi “Kia Rio” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə tərəflərindən saxlanılmış, sürücünün narkotik vasitə və ya psixotrop maddələrin təsiri altında olduğundan şübhələnərək onu tibbi müayinəyə dəvət etmiş, lakin “Respublika Narkoloji Mərkəzi”ndə sürücü yoxlanışdan imtina etmişdir. Buna görə də, barəsində hazırki protokol tərtib edilmişdir. Barəsində protokol tərtib edilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Məhkəmə işə barəsində protokol tərtib edilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 02 dekabr 2024-cü il tarixli, 1/1280 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs analiz verməkdən və narkoloji müayinədən imtina etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokolla, yol patrul xidməti əməkdaşının izahatı, eləcə də digər iş materialları ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 343-1.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-1302/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1302/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver