Məhkəmə qərarları › İş №3(001)-1306/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1306/2022

06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1306/2022 06.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1985-ci il tarixdə Ermənistan SSR, Tumanyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. Material onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 01.00 radələrində xidmətdə olan polis əməkdaşları Eldar Babayev küçəsində olan zaman bir nəfər şəxsi oğurluq etməsi şübhəsi ilə saxlayaraq Binəqədi RPİ-nin 7-ci PB-nə gətirmişlər.Bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş, izahatı alınan paltar mağazasına qanunsuz daxil olaraq oğurluq etməsini etiraf etmişdir.Həmçinin, zərərçəkmiş şəxs X5 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən ona məxsus olan geyim mağazasından 3 ədəd paltarın oğurlanması ilə bağlı Binəqədi RPİ-nin 7-ci PB-nə müraciət etmişdir.Aparılmış araşdırma nəticəsində Binəqədi RPİnin 7-ci PB-də toplanmış material üzrə X4 dəymiş ziyanın 90 (doxsan) manat olduğu müəyyən edildiyi üçün xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona verilmişdir.Bu səbəblə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və tərəfindən sonuncu barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib edən inzibati orqan Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq özü və ya nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-nin 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-nin 7-ci PB-nə göndərilmişdir.Həmçinin, qeyd edilən qərarla müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən geyim mağazasından 3 ədəd paltarın oğurlanması nəticəsində zərərçəkmişə 90 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “İstanbul” ticarət mərkəzindən 3 ədəd paltar oğurlamış və 90 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 1306/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 ay müddətə inzibati həbs edilmişdir. Həmçinin,iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 1173/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi, Şəxs barəsində tətbiq edilmiş inzibati həbs tənbeh tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi qərara alınmışdır. Beləliklə, iş materialları ilə Şəxs tərəfindən protokolda qeyd edilmiş əməlin törədilməsi tutarlı faktlarla öz təsdiqini tapmır.Belə ki, PB-nin 7-ci Bölməsi tərəfindən natamam araşdırma aparılmışdır. Məhkəməyə daxil olmuş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinin rəisinə ünvanlanmış 29 aprel 2022-ci il tarixli, 3729 saylı məktubundan görünür ki, Şəxs dəfələrlə adı yuxarıda göstərilən xəstəxanada stasionar müalicədə olmuşdur. Sonuncu dəfə Şəxs 28 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”-na stasionar müalicəyə qəbul olunmuş, hal-hazırda müalicəsi davam edir.Diaqnozu: Narkotik vasitələrin istifadəsi nəticəsində psixi və davranış pozuntuları diaqnozu verilmişdir.Göründüyü kimi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək cəza təyin edilərkən kifayət qədər maneələr və yuxarıda qeyd edilən ziddiyyətli hallar mövcüddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür.Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Çünki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də, şübhələr şəxsin xeyrinə həll edilməlidir.Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. O cümlədən iş materialları ilə törədildiyi iddia edilən inzibati xəta nəticəsində dəymiş ziyanın məbləğinin nəyə əsasən 90 manat hesablandığını müəyyən etmək mümkün deyildir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Həmçinin, İXM-nin 227-ci maddəsinin dispozisiyasından da göründüyü kimi oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq xırda talama hesab edilir.Oğurlanmış əmlak olsa belə əməlin qeyd edilən şəxs tərəfindən törədilməsi və onun əməli nəticəsində ziyan vurulmadığından İXM-nin 227-ci maddəsi üzrə inzibati xəta tərkibi yaranmır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır.İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar