Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1308/2025 02.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi ilə Şəxs (MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXMnin 430.4-cü maddəsi ilə 24 fevral 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin həmin maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Tərtib edilmiş protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən 162004,54 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 31 yanvar 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 105539,99 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 01 fevral 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru Rəşid Xəlilov məhkəməyə ərizə ünvanlayaraq, göstərmişdir ki, MMC tərəfindən ödənişlər edilmiş və invoys üzrə mallar ölkəyə daxil olmuşdur. Buna görə də, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Türkiyə Cumhuriyyəti qanunlarına uyğun olaraq yaradılan “ASTAS ENDUSTRİ TEKSTİL MAKİNALARİ SANAYE VE TİCARET” şirkəti (“satıcı”) ilə Şəxs MMC (“alıcı”) arasında bağlanmış 17 yanvar 2023-cü il tarixli, 006/2023 nömrəli “satış müqaviləsi”nə əsasən, “satıcı” satış işini həyata keçirməyi, “alıcı” iisə müqaviləyə əlavələrdə göstərilmiş avadanlıqları almağı öhdəsinə götürmüşdür. Müqavilə məbləği 162004,54 ABŞ dolları olaraq müəyyənləşdirilmişdir. - Həmin müqaviləyə əlavə edilmiş 13 yanvar 2023-cü il tarixli, 112501 nömrəli fakturada göstərilən malların dəyəri 17900 ABŞ dolları, 19 yanvar 2024-cü il tarixli, 112627 nömrəli fakturada göstərilən malların dəyəri 19040 ABŞ dolları, 112626 nömrəli fakturada göstərilən malların ümumi dəyəri 105540 ABŞ dolları, 112501 nömrəli fakturada göstərilən malın dəyəri 17900 ABŞ dolları, 20 yanvar 2023-cü il tarixli, UC22/0200C nömrəli fakturada göstərilən malların ümumi dəyəri isə 19524,55 ABŞ dolları olaraq müəyyənləşdirilmişdir. - 31 yanvar 2023-cü il tarixli, OX3 nömrəli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən həmin tarixdə 162004,54 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" ASC vasitəsilə Türkiyə Respublikasında fəaliyyət göstərən “ASTAS ENDUSTRİ. TEKSTİL. MAKİNA. SANAYE VE TİCARET” şirkətinə göndərilmişdir. - 02 fevral 2023-cü il tarixli **********2630 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, 112626 nömrəli fakturada göstərilən, ümumi dəyəri 105540 ABŞ dolları təşkil edən, dörd müxtəlif adda, cəmi 6 sayda mal “alıcı”ya çatdırılmışdır. - 07 fevral 2023-cü il tarixli **********8610 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, UC22/0200C nömrəli fakturada göstərilən, ümumi dəyəri 19524,55 ABŞ dolları təşkil edən mallar “alıcı”ya çatdırılmışdır. - 03 aprel 2023-cü il tarixli **********4359 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, 112501 nömrəli fakturada göstərilən, dəyəri 17900 ABŞ dolları təşkil edən mal “alıcı”ya çatdırılmışdır. - 20 iyun 2023-cü il tarixli **********6673 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, 112627 nömrəli fakturada göstərilən, dəyəri 19040 ABŞ dolları təşkil edən mal “alıcı”ya çatdırılmışdır. - Şəxs MMC-nin direktoru tərəfindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixli, **********2630 sorğu nömrəli gömrük bəyannaməsinə dəyişiklik edilməsi ilə bağlı müraciət edilmişdir. Məhkəmə iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, təqdim olunan sənədlərlə Şəxs MMC tərəfindən qabaqcadan ödəniş edilməklə 162004,54 ABŞ dolları məbləğində vəsait hesabına alınmalı malların ödəniş aparıldığı gündən 02 ildən artıq müddət keçmədən ölkəyə idxal olunması təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 24 fevral 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində İXM-in 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 24 fevral 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 51.1.1-ci (inzibati xəta hadisəsi olmadıqda) maddəsində nəzərdə tutulan əsasla xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edə Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-1308/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1308/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver