Məhkəmə qərarları › İş №3(001)-1312/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1312/2021

21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1312/2021 21.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AP № ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin (hakim V.Tağıyev) 05.08.2020-ci il tarixli 3(001)-1948/2020 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 300 (üç yüz) məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.08.2020-ci il tarixli 3(001)- 1948/2020 saylı sözügedən qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış hüquqi şəxs Şəxs nümayəndəsi X2 apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25.02.2021-ci il tarixli 3(103)-448/2021 saylı qərarı ilə Şəxs nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəxs barəsində olan inzibati xəta haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.08.2020-ci il tarixli 3(001)-1948/2020 saylı qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında material 03.03.2021-ci il tarixində yenidən Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən 10.06.2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi (“Lexus RX350” minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı) tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı bu günə kimi göndərməmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə 18 iyun 2020-ci il tarixdə MMC barəsində AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işlər üzrə icraatın İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X2 iş materiallarına əlavə edilmiş sorğunun və müvafiq xəbərnamənin surəti ilə tanış olmuş, MMC-yə sorğu təqdim edilmədiyini bildirmişdir. Sorğuda göstərilən imza isə nə ona, nədə ki, cəmiyyətin digər əməkdaşlarına məxsus deyildir. Əlavə olaraq bildirmişdir ki, 6 saylı poçt filialı tərəfindən verilmiş sorğuya cavabda SS ********* AZ saylı poçt göndərişinin 10.06.2020-ci il tarixində ünvançının poçt qutusuna salındığı müəyyən edilmişdir. Odur ki, protokolun əsassız olaraq tərtib edildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 18 iyun 2020-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 25.02.2021-ci il tarixli 3(103)-448/2021 saylı qərarından görünür ki, birinci instansiya məhkəməsi hüquqi şəxs olan Şəxs və X4i şöbəsinin nümayəndələrinin iştirakını təmin etmədən və nümayəndələrin iştirakı olmadan işə baxmaqla, faktiki olaraq iş üzrə formal araşdırma aparmaqla və yalnız təqdim olunmuş sənədlərlə kifayətlənməklə yekun nəticəyə gəlmişdir. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə işin bütün faktiki hallar tam, hərtərəfli və obyektiv araşdırılmadığı qənaətinə gəlmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 6 saylı poçt filialı tərəfindən sorğuya cavabdan görünür ki, Binəqədi RPİ X4 Şöbəsindən ünvan 1 ünvanında fəaliyyət göstərən hüquqi şəxs Şəxs MMC-nin adına göndərilən SS ********* AZ saylı poçt göndərişi 108 saylı poçt şöbəsinin poçtalyonu tərəfindən 10.06.2020-ci il tarixində ünvançının poçt qutusuna salınmışdır. Belə olduğu təqdirdə xəbərnamədə poçtalyon tərəfindən məktubun Babayev soyadlı şəxsə təqdim edilməsi həqiqəti əks etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsi tərəfindən göndərilmiş sorğunu 10.06.2020-ci il tarixdə Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən alınmaması müəyyən edildiyindən, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 53, 110-112, 552-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən daxil olmuş 18 iyun 2020-ci tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar