Məhkəmə qərarları › İş №3(001)-1314/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1314/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1314/2021 04.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barədə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, AZE ******** saylı, MN ******* nömrəli inzibati xəta protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 13:35 radələrində Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus 184 ünvan qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Protokolu Binəqədi RPİ 43-cü PB-nin sahə inspektoru polis baş leytenantı X1 tərtib etmişdir. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyildir. Ona görə ki, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati xəta kimi müəyyən edilmişdir. Protokolda polisin qanuni tələbinin nədən ibarət olması dəqiq göstərilməmişdir. Halbuki, İXM-in 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Digər tərəfdən, İXM-nin 90.2-ci maddəsinə əsasən protokol onu tərtib etmiş vəzifəli şəxs və tutulmuş şəxs tərəfindən imzalanır. Tutulmuş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda qeyd edilir. Tutulmuş şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Lakin protokoldan da göründüyü kimi, tutulmuş şəxsin protokolu imzalamaqdan imtina etməsinin səbəbləri göstərilməmişdir. Bundan əlavə, inzibati qaydada tutulma barədə tərtib edilmiş AZA 009422 nömrəli protokola əsasən İXM-nin 91.0.7-ci maddəsinin tələbi pozularaq Şəxs vəkillə təmin edilibedilməməsi və ya vəkildən imtina etməsinə dair hər hansı bir sübut iş materiallarına əlavə edilməmişdir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə geri qaytarılsın. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar