Məhkəmə qərarları › İş №3(001)-1326/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1326/2021

20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1326/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, Şikayət vermiş şəxsin vəkili X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə qızının iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixdə tərtib edilmiş MN ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək 3000 manat miqdarında cərimə edilmişdir. Q.Dadaşov barəsində inzibati xəta haqqında protokol tərtib edilməsində və həmin protokola baxılmasında ifadə olunan hərəkətlər qanunsuz və əsassızdır. Həmin qərar qəbul edilərkən Q.Dadaşovun iştirakı təmin edilməmiş, nəticə etibarı ilə onun xəbəri olmadan və birtərəfli qaydada qanunsuz qərar qəbul edilmişdir. Q.Dadaşov barəsində inzibati xəta haqqında protokolun surətindən görünür ki, qeyd olunan prtokolun tərtib edilməsində heç bir sübut və işi mahiyyəti üzrə həll edə biləcək əsaslar qeyd edilməmişdir. Göründüyü kimi, nə protokolda, nə də inzibati tənbeh qərarında belə bir əsaslandırma yoxdur. İş materiallarında, protokolda və qərarda – ümumiyyətlə, inzibati xəta hadisəsinin olmasına, hətta, belə hadisənin olduğu təqdirdə, təqsirli hesab edilən şəxsin təqsirinin nədə ifadə olunmasına dair hər hansı bir sübut faktoru mövcud deyildir. İnzibati xəta hadisəsinin mövcudluğu və Q.Dadaşov vəzifəli şəxs olaraq təqsirli olmasını sübut etmək vəzifəsi birmənalı olaraq inzibati xətaya dair icraat aparmış səlahiyyətli şəxsin vəzifəsidir. Onun özünün təqsirsiz olduğunu sübut etməyə borclu deyildir. Bu vəzifə inzibati xətaya dair protokolu tərtib etmiş səlahiyyətli şəxsin üzərinə düşür ki, işdən göründüyü kimi, səlahiyyətli şəxsin tərtib etdiyi protokolda və digər səlahiyyətli şəxsin tərtib etdiyi qərarda belə sübutlar məcmusu mövcud deyildir. Hazırki iş üzrə inzibati qərar eyni orqanın vəzifəli şəxsi tərəfindən tərtib olunmuş protokolda göstərilənlər əsasında çıxarılmışdır. Yəni, inzibati qərarın mənbəyi tərtib olunmuş inzibati xəta haqqında protokoldur. Azərbaycan Respublikasının Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi və Milli Məclis tərəfindən qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sahibkarlıq subyektlərində aparılan yoxlamalar 2021-ci ilin noyabr ayınadək dayandırılmışdır. İdarənin əməkdaşları tərəfindən, həmçinin yuxarıda sözügedən maddi hüquq normalarının tələbləri də kobud şəkildə pozulmaqla qanunsuz yoxlama aparılmış və qanunsuz yolla əldə olunmuş məlumatlar əsasında xx.xx.2020-ci il tarixli protokol, qanunsuz sənədlər əsasında isə inzibati tənbehin tətbiqinə dair qərar qəbul olunmuşdur. Ona görə də Q.Dadaşov barəsində qəbul olunmuş qərarın qanuniliyindən söhbət gedə bilməz, bu qərarın qanunauyğunluğu onu qəbul etmiş səlahiyyətli şəxs tərəfindən əsaslandırılmamış, hazırki işdə də sübut olunmamışdır. Qərarda ümumiyyətlə qeyd edilən ərazi bəlli deyil, göstərişdəki sadəcə böyük şor gölü ərazisi bildirilməklə qeyri müəyyənliyə yol verilmişdir. Qeyd olunanlara əsasən X4 məhkəmədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv olunması və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, X4 məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından şikayət vermək üçün müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qərardan yalnız icra məmuru tərəfindən ona icra barədə məktub gələrkən məlumatı olmuş, bundan sonra dərhal Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət ilə müraciət etmişdir. Lakin şikayət imzalanmadığından təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-309/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-661/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-309/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilərək, inzibati xəta haqqında iş materialları yenidən baxılmaq üçün İ instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə ilk olaraq qeyd edir ki, İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-nin 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Bu səbəbdən iş üzrə şikayət vermə müddəti bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərardan şikayət vermiş şəxsin vəkili şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi bildirmişdir ki, inzibati araşdırma zamanı məsul şəxslərin iştirakı ilə keçirilən geniş miqyaslı monitorinq zamanı ətraf axarlardan götürülmüş su nümunəsində ətraf mühitə atılan, axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan X2 xx.xx.2020-ci il tarixli izahatından görünür ki, ona məxsus olan “Böyük Şor” gölü ətrafında yerləşən daş kəsim sexinin fəaliyyəti zamanı yaranan çirkab sular sexin ərazisində qazılmış quyuya dolur. Amma quyudan süzülən sular daşdan süzülərək gölə axıdılır. İş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin tələblərindən görünür ki, şəxs barəsində su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilərək su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hesab olunur. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 115.1, 115.1.3 və 115.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi və işə baxılarkən müəyyən edilmiş hallar göstərilir. Lakin tərtib edilmiş inzibati xəta haqqında protokolda və qərarda X2 fərdi identifikasiya nömrəsi göstərilməmiş, habelə onun əməlində iki, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların əlamətlərinin olduğu iddia edildiyi halda, inzibati xəta haqqında protokolda inzibati xətalardan yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin mahiyyəti göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasında aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, eləcə də yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, həmçinin sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunun 3.1-ci bəndinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 16.1-ci bəndinə əsasən bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır: .... 16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda;... Qanunun 16.4-cü bəndinə əsasən bu Qanunun 16.1.3-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya kütləvi informasiya vasitələrində yayılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları yoxlanılır. Qanunun 16.7-ci bəndinə əsasən bu Qanunun 16.1.3-cü maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır: 16.7.1. müraciət edən şəxsin əqli sağlamlığı, əvvəlki müraciətlərin doğruluğu; 16.7.2. eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması; 16.7.3. daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi; 16.7.4. yoxlanılması tələb edilən sahibkarın bu Qanunun 5.1-ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti. Qanunun 16.11-ci bəndinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Qanunun 37-ci maddəsinə əsasən bu qanun xx.xx.2014-cü ildə qüvvəyə minmişdir. Qeyd edilməlidir ki, istinad olunan Qanunun “qanunun tətbiq dairəsi” adlanan 2.1-ci maddəsinin tələbinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlamaların qanuniliyini ehtiva edən, yuxarıda sözügedən Qanunun 3-cü maddəsinin tələbinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 5.1-ci maddəsində ehtiva olunmuşdur ki, sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər Azərbaycan Respublikasının qanunları və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilir. Yoxlamanın predmeti sahibkarın məcburi tələblərə riayət etməsinin qiymətləndirilməsidir. Qanunun 8.4-cü maddəsinin tələbinə görə isə yoxlayıcı orqan məcburi tələblərin tətbiqi ilə bağlı səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verməyə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərməyə borcludur. Bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalara, müayinələrə. monitorinqlərə, müşahidələrə, təftişlərə, nəzarətlərə, xronometrajlara, reydlərə, baxışlara və digər bu cür tədbirlərə şamil edilməklə bu növ yoxlamaların aparılmasını tənzimləyən, yuxarıda sözügedən Qanunun 19.1-ci maddəsində təsbit olunmuşdur ki, yoxlama aktının tərkib hissəsi olan yoxlama suallarının siyahısının forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2014-cü il tarixli, 143 nömrəli qərarı ilə təsdiq olunmuş “Yoxlama suallarının siyahısının forması və tətbiqi qaydası”nın tələblərinə əsasən yoxlama suallarının siyahısına daxil edilən tələblər sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən aktlara (o cümlədən texniki normativ hüquqi aktlara) uyğun formalaşdırılmalı və hər bir tələblər qarşısında sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktın adı, tarixi, nömrəsi və struktur elementi göstərilməli, tələblərdə qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilməməlidir. Azərbaycan Respublikasının Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi və Milli Məclis tərəfindən qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sahibkarlıq subyektlərində aparılan yoxlamalar 2021-ci ilin noyabr ayınadək dayandırılmışdır. 2021-ci ilin noyabr ayınadək yalnız Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxxx 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısına əsasən Azərbaycan Respublikasının Səhiyyə, Kənd Təsərrüfatı, Fövqəladə Hallar və Maliyyə Nazirliklərinə, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Bankına bu siyahıda göstərilən hallarda yoxlamalar aparılmasına icazə verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə uyğun olaraq vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi olmadığndan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyətə cəlb dilə bilməz. İXM-nin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunsun və inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar