Məhkəmə qərarları › İş №3(001)-1326/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1326/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1326/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X4 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyinin Xüsusi tağım Baş Yol Patrul Xidməti inspektoru polis-kapitanı X3 xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 346.4-ci maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. Həmin qərarı tam qanunsuz, əsassız və qərəzli hesab edir. Belə ki, qərardan görünür ki, etibarnamə ilə idarə etdiyi "Renault Megane" minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə tam qaydalara uyğun şəkildə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsi ərazisində dairədən Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edərkən dairənin içində olanda maşınının mühərrik soyutma sisteminin qəfildən sıradan çıxması nəticəsində idarə etdiyi nəqliyyat vasitəsini yolun sol tərəfində saxlamaq məcburiyyətində qalmışdır və maşınında yaranmış texniki nasazlığı aradan qaldırmağa çalışdığı zaman Daxili İşlər Nazirliyinin Xüsusi tağım Baş Yol Patrol Xidməti inspektoru polis-kapitanı X5 yaxınlaşaraq onun dayanma-durma qaydalarımı pozduğunu bildirərək ona inzibati qaydada protokol tərtib edəcəyini bildirmiş, o yol polisinə etirazını bildirərək maşının təhlükəli vəziyyətdə olduğunu ən azından evakuator çağırdığını və nasazlığı başqa ərazidə aradan qaldıracağını bildirmişdir. Lakin yol polisi buna məhəl qoymayaraq tərtib edilən X1 346.4-cü maddəsi ilə yanqoşqusu olmuyan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına qaydalarını pozduğuna görə onu 80 manat cərimə etmişdir. Halbuki, nəqliyyət vasitəsini bilərəkdən və qəsdən saxlamamışdır. Nə də yolun hərəkət hissəsi deyil tamamilə boş bir ərazidə saxlamışdır. Həmin protokolu tərtib edəndən sonra onu məcbur etmişlər ki, birtəhər maşını işə salıb cərimə meydançasına aparsın. Etiraz etdiyi təqdirdə Post-Patrul çağıracağı və barəsində tədbir görüləcəyi bildirilmişdir. O, əlacsız qalıb idarə etdiyi nəqliyyat vasitəsini cərimə meydançasına sürmüşdür. Göstərilənlərə əsasən, məhkəmədən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 izahatında bildirmişdir ki, onun avtomobilində nasazlıq olması üçün avtomobili boşluq bir yerdə saxlamışdır. Əslində problem ciddi olmamış, sadəcə maşın sürətlənə bilmirdi. Buna görə narahat olmuşdur. O, ikinci cərgədə avtomobili saxlamışdır, buna etirazı yoxdur. Əgər avtomobili ikinci cərgədə saxlamağı qayda pozuntusudursa, buna hər hansı bir etirazı yoxdur, cəriməni ödəməyə hazırdır. Lakin onun cərimə meydançasına aparılması qanunsuzdur. İkinci cərgədə dayanmaq cərimədirsə, yol polisi protokol tərtib etməli və getməli idi. Onun cərimə meydançasına aparılmağı tamamilə qanunsuz idi. O, şəkər xəstəsidir, həmin zaman ona qarşı olunmuş haqsızlığa əsəbləşərək şəkəri 400 həddinə qalxmışdır. Həmin əlverişsiz hava şəraitində ailə üzvlərini taksiyə göndərmiş, 3 manatlıq yola 15 manat gediş haqqı ödəmişdir. Bütün bunların hamısına səbəb yol polisinin etdiyi qanunsuzluq olmuşdur. Həmin zaman ondan başqa avtomobillər də həmin yerdə saxlamışlar, lakin cərimə meydançasına bir tək onun maşınını aparmışlar. Hazırda məhkəmədən tələbi həmin yol pozuntusuna yol vermiş polis əməkdaşının cəzalandırılması ilə bağlıdır. Verilmiş suallara cavab olaraq məhkəməyə təqdim edilən şikayət ərizəsini başqa şəxsə tərtib etdirərərk oxumadan imzaladığını, onun şikayətinin əsas məqsədi onu qanunsuz olaraq cərimə meydançasına aparmış inspektorun cəzalandırılması olmasını, avtomobili həqiqətən ikinci cərgədə saxladığını, avtomobili hərəkətə gətirə bilməməyinin səbəbi ayaqaltının qaz pedalına ilişməsi olmasını bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə İXM-nin 346.4cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanununun tələblərinə əsasən nəqliyyat vasitəsinin dayanması dedikdə adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsi başa düşülür. Nəqliyyat vasitəsinin durması dedikdə isə əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Həmin qanunun 52-ci maddəsinin İ bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Göründüyü kimi qanunverici tərəfindən nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilməsi müəyyən edilmişdir. Yolun hərəkət hissəsinin kənarında iki cərgədə isə yalnız yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər dayana və dura bilərlər. Bundan əlavə şikayətçi ərizəsində etibarnamə ilə idarə etdiyi "Renault Megane" minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə tam qaydalara uyğun şəkildə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsi ərazisində dairədən Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edərkən dairənin içində olanda maşınının mühərrik soyutma sisteminin qəfildən sıradan çıxması nəticəsində idarə etdiyi nəqliyyat vasitəsini yolun sol tərəfində saxlamaq məcburiyyətində qaldığını, maşınında yaranmış texniki nasazlığı aradan qaldırmağa çalışdığı zaman ona protokol tərtib edildiyini, protokol tərtib edildikdən sonra etiraz etdiyi halda post patrul çağırlacağı bildirldiyi üçün əlacsız nəqliyyat vasitəsini cərimə meydançasına apardığını göstərsə də, məhkəmə iclasında avtomobilini həqiqətən yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxladığını etiraf edərək avtomobili hərəkətə gətirə bilməməyinin səbəbinin ayaqaltının qaz pedalına ilişməsi olmasını, onun şikayətinin əsas məqsədinin əsassız olaraq onu cərimə meydançasına aparmış inspektorun cəzalandırması olduğunu bildirmişdir. Göründüyü kimi şikayətçinin məhkəməyə ünvanladığı şikayət ərizəsində göstərilənlərlə onun məhkəmə iclasında bildirdikləri ziddiyət təşkil etmişdir. Məhkəmə hesab edir ki, şikayət ərizəsində göstərilənlər qərarın ləğv edilməsinə yönəlmişdir. Məhkəmə iclasında da şikayətçi avtomobilini yolun hərəkət hissəsinin ikinci cərgəsində saxladığını etiraf etmişdir ki bu da onun şikayət ərizəsində göstərdiklərinin özünü müdafiə xarakterli olmasını təsdiq edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara və barəsində inzibati icraat aparılan şəxsin izahatına əsasən məhkəmə hesab edir ki, X4 idarə etdiyi “Renault Megane" minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlamış, bununla da İXM-nin 346.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X2 Аzərbаycаn Rеspublikаsı İХM-nin 346.4-cü mаddəsi ilə təqsirli bilinib, inzibаti tənbeh еdilməsinə dаir Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. Odur ki, iş üzrə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən və qərarda göstərilən inzibati xətanın şikayət vermiş şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən X2 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar