Məhkəmə qərarları › İş №3(001)-1329/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1329/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1329/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 253.3.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 253.3.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs tərəfindən ofis binası tikintisi aparılacaq ərazidə olan köküstə yaş 7 ədəd müxtəlif yaşıllıq qanunsuz kəsilərək məhv edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək, Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, ünvan 1 ünvanında olan 0.725535 ha. torpaq sahəsi və torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış sahəsi X2 və X5 məxsus olmuşdur. X7 özünə məxsus olan əmlakı notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi ilə “Fostanpak" MMC-yə satmışdır. ünvan 1 ünvanında olan 0.725535 ha. torpaq sahəsi və torpaq sahəsində olan qeyri-yaşayış sahəsi bərabər paylarla X2 və “Fostanpak" MMC-yə məxsusdur. "xxxx" MMC tərəfindən ofis binasının tikintisinə icazə verilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli 3-35/3-3-87/2023 nömrəli sərəncamı ilə Şəxs MMC-nin ünvan 1 ünvanında 5 mərtəbəli istehsalat və ofis binası layihələndirilməsi təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitənin "Şəhərsalmanın əsaslandırılmalarının təsdiq edilməsinə haqqında" xx.xx.2023-cü il tarixli, 3-35/2- 5460/2023 nömrəli məktub ilə “Fostanpak" MMC-yə, o cümlədən digər qurumlara məlumat verilmişdir.Bütün aidiyyatı orqanlar tərəfindən rəylər verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-35/3-3-87/2023 Sərəncamı qanunla müəyyən olunmuş qaydada elektron portalda yerləşdirilsə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsi tərəfindən rəy verilməsi gecikdirilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarənin əməkdaşları müxtəlif bəhanələrlə razılıq verməkdən yayınmışlar. İdarənin əməkdaşları dəfələrlə əraziyə gələrək baxış keçirsələr də razılıq verilməsindən nə imtina edilmiş, nə də razılıq verilmişdir. Sonuncu dəfə 19 dekabr 2024-cü il tarixdə İdarənin əməkdaşlarından olan Tərlan adlı şəxs X10 zəng vuraraq əraziyə gələrək araşdırma apacaqlarını bildirmişdir.Ancaq, özlərini təqdim etməmişlər, nəyi araşdırdıqları barədə heç bir izahat verməmişlər.Onlar “Fostanpak" MMCnin direktoru Nümayəndə ilə görüşmək niyyətlərini bildirməmiş, hər hansı sənəd istəməmişlər və hər hansı sənəd təqdim etməmişlər. Eyni zamanda hər hansı akt tərtib edilməmişdir. Süründürməçiliyə yol verməsi ilə bağlı "xxxx" MMC-nin direktoru Nümayəndə 09 yanvar 2025-ci il tarixdə həmin İdarəyə gedərək şikayət etmək istəmiş, lakin 11 saylı Regional İdarəsinənin rəisi və rəis müavini onunla görüşməkdən imtina etmişlər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsinin əməkdaşları 19 fevral 2025-ci il tarixdə "xxxx" MMC-nin ünvan 1 ünvanınına gəlməmişlər. “Fostanpak" MMC tərəfindən ünvan 1 ünvanında aparılacaq tikinti işlərinə dair ekoloji rəyin veriləcəyi gözlənildiyi halda Bakı şəhəri, Binəqədi rayon Məhkəməsindən ünvanlarına Cəmiyyətin direktoru Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair bildiriş daxil olmuşdur. İnzibati işin materialları ilə tanış olduqda məlum olmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsinin əməkdaşları tərəfindən 19 fevral 2025-ci il tarixli, 89137 nömrəli saxta akt tərtib edilmiş, həmin akt əsasında Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 19. 02. 2025-ci il tarixli, MN ******* 47/19. 02. 2025 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 19 fevral 2025-ci il tarixli, 89137 nömrəli aktdan göründüyü kimi akt “Fostanpak" MMC-nin direktoru Nümayəndə tərəfindən Azərbaycan Respublikası '‘Yaşıllıqların mühafizəsi haqqında" Qanunun və “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun tələblərinin pozulmasına dair tərtib olunmuşdur. Tərtib olunmuş akt qanun pozuntularının törədildiyi yerdə tərtib edilməmiş və aktın tərtibi zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”Qanunun tələblərinə əməl edilməmiş, aşağıdakı pozuntulara yol verilmişdir: - Aktın girişində komissiyanın üzvləri və ya aktın tərtib olunmasında iştirak edənlər şəxslərin vəzifələri, familyaları, adları, ata adları qeyd olunmamışdır; - Aktı tərtib edən şəxsin adı, familyası, ata adı, vəzifəsi qeyd olunmamışdır; - Aktı tərtib edən komissiya üzvlərinin sıralanmasından sonra aktın tərtib olunduğu qanun pozuntusunu törətmiş şəxsin vəzifəsi, adı, familyası, ata adı aktın girişində qeyd olunmamışdır. - Aktın mətnində aktın tərtib olunmasına əsas verən situasiyanın, faktın inkişafı əks etdirilməli, sonda nəticələr çıxarılmalıdır. - Aktı bütün komissiya üzvləri və ya onun tərtibində iştirak edən bütün iştirakçılar imzalamalıdırlar. İmzalar aktın mətnindəki aradıcıllıqla verilməlidir. 19 fevral 2025-ci il tarixli, 89137 nömrəli akt Şəxs MMC-yə məxsus ünvan 3 ünvanında tərtib olunmadığından Cəmiyyətin direktoru Nümayəndə aktın tərtib olunmasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsinin əməkdaşları T.Məmmədov. İ.Məmmədov və R.Dədələrzadə tərəfindən saxta akt tərtib olunmaqla göstərmişlər ki, guya akt V. Quliyevin iştirakı ilə tərtib olunmuş və o, aktı imzalamaqdan imtina etmişdir. Faktiki olaraq isə 19 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsinin əməkdaşları T.Məmmədov, İ.Məmmədov və R.Dədələrzadə “Fostanpak" MMCyə və F.Məmmədova məxsus ünvan 4 ünvanında olmamışlar və qeyd olunan aktı V. Quliyevin iştirakı ilə tərtib etməmişlər. Yuxarıda qeyd etdikləri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsinin əməkdaşları tərəfindən 19 fevral 2025-ci il də ünvan 4 ünvanında olmadıqlarını, akt tərtib etmədiklərini təsdiq edir. İnzibati xətanın törədilməsinə dair 19 fevral 2025-ci İİ tarixli, MN ******* nömrəli protokolda qeyd edilmişdir ki, “Fostanpak" MMC-nin ünvan 5 ünvanda yerləşən ərazidə baxış keçirilərkən 19 fevral 2025-ci il tarixli ,89137 nömrəli akt əsasında müəyyən olunmuşdur ki, “ölçüsü və cinsi məlum olmayan 7 ədəd yaşıllığın götürüldüyü müəyyən edildi". Həmin aktda bu nəticələrin peyk görüntülərinə əsasən müəyyən edildiyi göstərilmişdir. Göründüyü kimi aktda ağac və ya kolun olması belə göstərilməmişdir.Eyni zamanda yaşıllığın mövcud olduğu yerin F.Məmmədova və ya “Fostanpak" MMC-yə aid olduğu ümumi şəkildə belə ifadə olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsinin vəzifəli şəxsləri tərəfindən araşdırma aparılarkən ərazinin mülkiyyət hüquqlarının kimə məxsus olmasına dair kadastr məlumatlarını, “ölçüsü və cinsi məlum olmayan 7 ədəd yaşıllığın" nədən ibarət olduğunu, nə zaman və kim tərəfindən əraziyə gətirildiyini, nə zaman götürüldüyünü və digər sübutları müəyyən edərdilər. Faktiki olaraq ünvan 1 ünvanında olan 0.725535 ha. torpaq sahəsində hər hansı bir yaşıllıq sahə olmamışdır. Cəmiyyətə məxsus olan torpaq sahəsində yaşıllığın olmaması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib etdiyi Əmlak kompleksi kimi müəssisənin Texniki Pasportundakı 4-cü qrafada torpaq sahəsinin təsnifatında təsdiqini tapmışdır. Torpaq sahəsinin təsnifatında ərazidə yaşıllıq örtüklü sahənin olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsinin vəzifəli şəxsləri tərəfindən tərtib olunmuş 19 fevral 2025-ci il tarixli, 89137 nömrəli akt əsasında çıxarılmış MN ******* 19 fevral 2025-ci il tarixli Protokolu “Fostanpak" MMC-nin nümayəndəsi dəvət edilmədən tərtib edildiyindən, sübutlar toplanmadan, yalnız hüquq pozuntusunun törədilməsini iddia edən tərəfin dəlillərinə əsasən qəbul edilmişdir. Mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, aktı və protokolu tərtib edən şəxslər tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsaslarına görə ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsinin MN ******* 19 fevral 2025-ci iİ tarixli Protokolu ilə “Fostanpak" MMCnin direktoru Nümayəndən inzibati xətalar Məcəlləsinin 253.3.1 -ci maddəsi ilə inzibati hüquq pozuntusu hesab edilən pozuntunu törətməsi əsassızdır. Nazirliyin 11 saylı Regional İdarəsinin vəzifəli şəxsləri öz vəzifə borclarını yerinə yetirmiş olsaydılar müəyyən edərdilər ki, ünvan 6 ünvanda yerləşən həmin ərazidəki torpaq sahəsi yararsız olmaqla, xx.xx.2021-ci il tarixli, **********421-12301 nömrəli reyestr qeydiyyatı ilə, fiziki şəxslər X2 və X4 xüsusi mülkiyyətində olmuşdur. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq.,10 may küçəsi., 395 ünvanda olan fərdi yaşayış evində X1 əmisi oğlu ailə üzvləri ilə birlikdə yaşayır. Göründüyü kimi “Fostanpak" MMC-nin direktoru Nümayəndə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsinin vəzifəli şəxsləri tərəfindən tərtib olunmuş 19 fevral 2025-ci il tarixli, 89137 nömrəli akt və 19 fevral 2025-ci il tarixli, MN ******* nömrəli Protokol əsasızdır və ciddi qanun pozuntuları ilə tərtib olunmuşdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin ünvanda inşaat işlərinin aparılması ilə bağlı tərtib olunmuş layihəni 2022-ci ilin fevral ayından başlayaraq müvafiq ekspertizalardan keçirmişdir. Layihə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-35/3-3-87/2023 Sərəncamı ilə ünvan 6 ünvanda layihələndirilən 5 mərtəbəli istehsalat və ofis binasına dair tərtib olunmuş şəhərsalma əsaslandırmaları təsdiq edilmişdir. Komitənin “Şəhərsalmanın əsaslandırılmalarının təsdiq edilməsinə haqqında» xx.xx.2023-cü il tarixli, 3-35/2- 5460/2023 nömrəli məktub ilə “Fostanpak" MMC-yə, o cümlədən digər qurumlara məlumat verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-35/3-3-87/2023 Sərəncamı qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsinə təqdim olunaraq müvafiq qaydada razılıq verməsi xahiş edilmişdir. Digər dövlət qrumları tərəfindən müvafıq razılıqların verilməsinə baxmayaraq Regional İdarənin əməkdaşları müxtəlif bəhanələrlə razılıq verməkdən yayınmışlar. Həmçinin, ünvan 1 ünvanında olan 0.725535 ha. torpaq sahəsi X2 və X5 məxsus olmuşdur.2021-ci ilin may ayınadək X4 xüsusi mülkiyyətində olan torpaq sahəsini Şəxs MMC-yə satılmış, torpaq sahəsinin digər hissəsi isə X1 mülkiyyətindədir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsinin əməkdaşları faktiki olaraq torpaq sahəsinə mülkiyyət hüququ araşdırılmamışlar. 11 saylı Regional İdarənin vəzifəli şəxsləri müvafiq qaydada razılıq verməsi ilə bağlı süründürməçiliyə,hakimiyyətdən və qulluq mövqeyindən sui-istifadəyə yol vermələrini ört-basdır etmək üçün öz tabeliyində olan işçilərinə 19 fevral 2025-ci il tarixli,89137 nömrəli akt, 19 fevral 2025- ci il tarixli,MN ******* nömrəli Protokol tərtib etdirmişlər. Aktda yoxlamanın 5 mərtəbəli istehsalat və ofis binasının tikintisinə rəy verilməsi ilə bağlı aparılmasını qeyd etmələrinə və onlarda müvafiq materialların olmasına baxmayaraq qərəzli şəkildə Nümayəndə Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilməsinə dair protokol tərtib etmişlər. Halbuki ağaclar müvcud olsaydı belə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.6.maddəsinə görə ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda götürülə bilərdi.Həmin ağac və kolların dəyərinin ödənilməsi Azərbaycan Respublikas Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsinin əməkdaşları Fostanpak” MMC-yə məxsus ünvan 8 ünvanda 19 dekabr 2024-cü il tarixdə olduqları halda 19 fevral 2025-ci il tarixdə 89137 nömrəli akt və həmin tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişlər. Odur ki, göstərilənlərin nəzərə alınaraq, "xxxx" MMC barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Şəxs MMC-yə məxsus əraziyə baxış keçirilmiş və ofis binası tikiləcək sahənin əvvəlki vəziyyətini əks etdirən peyk görüntüləri ilə hazırki vəziyyəti yerində təhlil edilərkən, ofis binasının tikintisi aparılacaq sahədə ölçüsü və cinsi məlum olmayan 7 ədəd yaşıllığın götürüldüyü müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli ******* nörməli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X9 ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 0.725535 ha olan torpaq sahəsini Şəxs MMC-yə satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli texniki pasportdan görünür ki, “Torpaq sahəsinin təsnifatı” adlı 4-cü qrafada 0.725535 ha olan torpaq sahəsinin yaşıllıq örtükdən ibarət olmadığı qeyd olunmuşdur. X8 Agentliyinin xx.xx.2025-ci il tarixli strukturdaxili qurumlara göndərilən məktubların qeydiyyat vərəqəsinə əlavə olunmuş sxemdən görünür ki, ofis binasının tikintisinin aparıldığı ərazi yaşıllıq sahə kimi deyil, layihələndirilən bina sahəsi kimi nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilmiş peyk görüntüsündən görünür ki, yaşıllığın qanunsuz kəsilərək məhv edildiyi nəzərdə tutulan ərazi Şəxs MMC-nin mülkiyyətində deyildir. Məhkəmə, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 0.725535 ha olan torpaq sahəsi ofis binasının tikintisi üçün layihələndirilmiş və sözügedən ərazidə yaşıllıqlar məhv edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş, köküstə 7 ədəd müxtəlif yaşıllığın qanunsuz kəsilərək məhv edildiyi iddia edilən ərazi, peyk görüntüsündən də göründüyü kimi, Şəxs MMC-nin mülkiyyətində deyildir. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-cü maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 253.3.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar