Məhkəmə qərarları › İş №3(001)-1330/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1330/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1330/2025 12.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, xx.xx.1989-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində aparıcı mütəxəssis vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

3. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 vəsatətini onunla əsaslandırmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025- ci il tarixli TP ******* saylı qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Lakin həmin maddə ilə özünü təqsirli bilmir. Çünki o, xx.xx.2025-ci il tarixdə **-RJ-*** dövlət qeydiyyat nişanlı “Hyundai AVANTE” markalı avtomobillə Bakı şəhəri X4 4,4 ünvanında olarkən YPX əməkdaşı onu saxladaraq sağ tərəfdən gələn avtomobilə yol vermədiyini bildirmişdir. O isə öz Yol hərəkəti haqqında qanunun 1-ci Fəslinin 1-ci maddəsinin 41-ci bəndinə əsasən sağ tərəfdən gələn avtomobilin onun yola çıxmağısa görə qəflətən hərəkət sürətini və istiqamətini dəyişdirmədiyini və aralarızda kifayət qədər məsafə olduğunu bildirmişdir. İnspektorun ona şamil etdiyi qayda pozuntusu ilə razılaşmadığından barəsində İXP ******* nömrəli protokol tərtib edilmişdir. Ona görə də, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:

4. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 09:04-də X4 4 ərazisində “Hyundai Avante” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni “yolayrıcı keçmə” qaydalarını pozmuşdur.

5. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir.

6. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş inzibati xəta hadisəsinin görüntüləri əks olunmuş diskdən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 09:04-də X4 4 ərazisində “Hyundai Avante” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü köməkçi yoldan əsas yola doğru yolayrıcını keçərkən əsas yolla hərəkətdə olan digər sürücüyə yol verməyərək onun sürətini dəyişdirməsinə mane olmuşdur Məhkəmənin əsaslandırması və mövqeyi:

7. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.

8. Qeyd edilməlidir ki, şikayət vermiş şəxs X1 heç bir inzibati xəta törətməməsi kimi şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlər toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, mübahisələndirilən qərar üzrə səlahiyyətli orqan tərəfindən müvafiq araşdırma aparılmış və X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri, yəni onun yolayrıcı keçmə qaydalarını pozması halı sübuta yetirildiyindən barəsində həmin maddə ilə tənbeh tətbiq edilmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə toplanmış sübutlar daxilində müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 09:04-də X4 4 ərazisində “Hyundai Avante” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü köməkçi yoldan əsas yola doğru yolayrıcını keçərkən əsas yolla hərəkətdə olan digər sürücüyə yol verməyərək onun sürətini dəyişdirməsinə mane olmuşdur. Bu da sonuncunun yolayrıcı keçmə qaydaların pozmasını birbaşa sübut edir. Bununla yanaşı qeyd edilməlidir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini əsaslandırsa da, məhkəməyə bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. Qeyd edilən hallarla X2 şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlərdə təkidlə heç bir inzibati xəta törətmədiyini bildirməsi ilə inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığını sübut edir.

9. Göründüyü kimi, X2 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.

10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.

16. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.

17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar