Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1337/2023 10.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialın baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİM: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol ondan ötrü tərtib edilmişdir ki, Şəxs əvvəllər barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11652815 nömrəli protokola əsasən İXM-in 469.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilib, lakin həmin cərimə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə hesab edir ki, həmin inzibati xəta haqqında protokol üzrə şəxs aşağıdakılara əsasən inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Lakin, məhkəməyə daxil olmuş İXM-nin 529.3-cü maddəsi ilə protokolun tərtib edilməsinə əsas olmuş və 3 ay müddətində icra edilməmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar İXM-nin 469.3-cü maddəsinə əsasən qəbul edilmişdir. Halbuki, İXM-nin 469.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta deyil. Belə ki, "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar" İXM-nin 29-cu Fəslinin tənzimlədiyi İXM-nin 327-348-ci maddələrində olan inzibati xətalardır. Bununla yanaşı hazırkı iş üzrə cərimə qərarının qüvvəyə mindiyi gündən 03 ay əvvəl şəxsə çatdırılması iş üzrə sübut edilmir. İş materiallarına cərimə qərarının ümumiyyətlə şəxsə çatdırılmasına dair hər hansı bir sübut, poçt sənədi, elektron kabinet vasitəsilə və ya SMS vasitəsilə çatdırılmışdırsa, bunu təsdiq edən sübut, ümumiyyətlə hər hansı bir formada çatdırılmanı təsdiq edəcək sübut mövcud deyildir, bu barədə əsaslandırma aparılmamışdır. Bununla da İXM-nin 529.3-cü maddəsi ilə hazırkı protokol tərtib edilməzdən 03 ay əvvəl cərimə qərarlarının şəxsə çatdırılmasına dair hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Səlahiyyətli orqan belə bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İXM-nin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir Lakin hazırkı iş üzrə cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan sonra İXMnin 125-ci və 57-ci maddəsində göstərilmiş qaydalarda, yəni elektron kabinetinə yerləşdirmə, mobil telefon nömrəyə SMS göndərmə vasitəsilə və ya kağız daşıyıcıda çap olunaraq çatdırılması sübut edilmir, bu barədə sübutlar mövcud deyildir. Cərimə qərarı barədə 3 ay əvvəl məlumatlandırma İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilən ana qədər mövcud olmalıdır. Çünki protokol tərtib edilənə qədər şəxsin əməlində inzibati xəta tərkibi mövcud olmalıdır. Protokol tərtib edilən anda məlumatlandırmadan 3 aylıq müddətin keçməməsi, lakin həmin protokola məhkəmədə baxılarkən, artıq cərimə qərarı barədə məlumatlandırmadan 3 ay vaxtın keçməsi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas ola bilməz. İnzibati xəta tərkibinini bütün əlamətləri protokol tərtib edilən anda mövcud olmalıdır. Ona görə də 3 aylıq məlumatlandırmanın əhəmiyyəti protokol tərtib edilən ana qədərdir, bundan sonra əhəmiyyətə malik deyil. Protokol tərtib edildikdən sonra məlumatlandırmaya dair 3 aylıq müddətin tamam olması şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas ola bilməz. Beləliklə, hazırkı protokolda və əlavə edilmiş materiallarda İXM-in 529.3-cü maddəsinin tərkibinin yaranmasını təsdiq edən məlumat kimi şəxsin əvvəl törətdiyi inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərardan 3 ay əvvəl xəbərdar olması, qərarın ona İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsini, onun həmin qərarı almasını, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsində qanunla müəyyən edilmiş əsasların olmaması, icra etməmənin üzürsüz səbəbləri barədə məlumatları özündə əks etdirən sübutlar hazırkı protokola əlavə edilməmişdir. Halbuki, qərarın icra edilməsi üçün o qanuni qüvvəsini almalıdır. Bunun üçün ilk növbədə qərar İXM-in 125 və 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməli, bundan sonra İXM-in 130-cu maddəsində nəzərdə tutulmuş 10 günlük şikayət vermə müddəti keçməlidir ki, İXM-in 138-ci maddəsinə əsasən qərar qanuni qüvvəsini alsın. Yalnız İXM-in 57, 125, 130, 138-ci maddələrinə əməl edilməklə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsi İXM-in 529.3-cü maddəsinin tərkibini yaradır. Bunun üçün isə cərimə qərarının İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada çatdırılması barədə sübut hazırkı protokola əlavə edilməlidir. Hazırkı protokola nəinki belə bir sübut, ümumiyyətlə cərimə qərarının 3 ay əvvəl göndərilməsini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın törədilməsinə dair səlahiyyətli orqanın məhkəməyə təqdim etdiyi sübutlarla şəxsin təqsiri sübuta yetirilmir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirsiz hesab edilsin.Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya təqsirsizliyini sübut etmək barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini sübuta yetirmək səlahiyyətli orqanın vəzifəsidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsiri müəyyən edilmədi. Belə ki, tərtib edilmiş protokolun dəlilləri inzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən olundu ki, Şəxs barəsində xx.xx.2022ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Həmin protokol üzrə qərar qanuni qüvvəyə mindikdən 3 ay ərzində icra edilməməsi səbəbi ilə Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin İXM-nin 529.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyəti nəzərdə tutduğundan İXM-nin 469.3cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta olmadığından Şəxs İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinməsi əsassızdır. Həmçinin İXM-nin 529.3-cü maddəsi şəxs barəsində qəbul edilmiş qərarın qanuni qüvvəsini aldıqdan sonrakı 3 ay müddət ərzində icra edilməməsinə görə inzibati məsuliyyəti müəyyən edir. Qərarın qanuni qüvvəsini alması üçün ilk növbədə qərar İXM-in 125 və 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməli, bundan sonra İXM-in 130-cu maddəsində nəzərdə tutulmuş 10 günlük şikayət vermə müddəti keçməlidir ki, İXM-in 138-ci maddəsinə əsasən qərar qanuni qüvvəsini alsın. Hazırki iş üzrə İXM-nin 469.3-cü maddəsi ilə qəbul edilmiş qərarın Şəxs rəsmi qaydada verilməsi də sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə Şəxs əməlində İXM-in 529.3-cu maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Binəqədi Rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 529.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-1337/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1337/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver