Məhkəmə qərarları › İş №3(001)-1338/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1338/2021

09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1338/2021 09.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40cı PB-nin sahə inspektoru, polis leytenantı X4, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ermənistanın İcevan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Şəxs barəsində xırda talamaya görə Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən İXM-in 227-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında materiallar baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru, polis leytenantı X6 izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikası vətəndaşı X5 özünə məxsus “Samsung A7” markalı mobil telefonun oğurlanması barədə polis bölməsinə müraciət etmişdir. Həmin müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanılması xx.xx.2021-ci il tarixdə rədd edilmiş və oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona göndərilmişdir. xx.xx.2021-ci il tarixdə, saat təxminən 11 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsində xidmətdə olan zaman X2 mobil telefonun oğurlanmasında şübhəli bilinən Şəxs görüb ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra sonuncunun oğurluq törətməsi ehtimalını yoxlamaq üçün Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişdir. Bölmədə Şəxs izahatı alınmış, izahat verərkən həmin hadisəni törətdiyini etiraf etmişdir. Buna görə də, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, heç bir yerdə işləmədiyi üçün dolanmaq məqsədi ilə oğurluq törətmişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixdə əvvəllər yanında işlədiyi X2 yanına getmiş və orada X1 söhbət etdiyini görmüş və bundan istifadə edərək mətbəxə daxil olaraq stolun üstündə olan “Samsung A7” markalı mobil telefonu götürərək oradan uzaqlaşmışdır. Həmin telefonu “Sulu Təpə” qəsəbəsi adlanan yerdə tanımadığı bir şəxsin şəxsiyyət vəsiqəsi ilə mağazasına sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarıma xərcləmişdir. Həmçinin, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, maddi imkanı pis olduğu üçün zərərçəkmiş şəxsə dəymiş ziyan onun tərəfindən ödənilməmiş və zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir. Göstərilənləri nəzərə alıb məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, o, 2005-ci ildən Bakı şəhərində işləyərək yaşayır. Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən təkər təmiri sexində işləyir. xx.xx.2021-ci il tarixdə işdə olmuş, özünə məxsus “Samsung A7” markalı mobil telefonunu sexdə masanın üzərinə qoymuş və özü isə sexin qarşısında küçə tərəfdə dayanmışdır. Bu zaman həmin ərazidən tanıdığı Namil şəxs onun işlədiyi sexə gəlib 5 dəqiqə oralarda gəzişib getmişdir. Təxminən 10 dəqiqə sonra bir müştəri onun ikinci telefon kimi işlətdiyi “KENEKSİ” markalı mobil telefonuna zəng vuraraq ona təkər şəkili göstərmək üçün “Whatsapp” proqramını işlətdiyi telefon nömrəsini istəmişdir. O, sexə girib “Samsung A7” markalı mobil telefonunu götürmək istəyəndə telefonu qoyduğu yerdə tapmamışdır. Bir qədər oraları axtarmış lakin telefonu tapmamış və Namilin telefonunu oğurlamasından şübhələnmişdir. O, Namili tanıdığı üçün fikirləşmişdir ki, yəqin özü götürdüyü telefonu qaytarar və buna görə də, polisə məlumat verməmişdir. Bundan sonra bir neçə gün Naili axtarmış lakin tapmadığı üçün polisə ərizə yazmaq qərarına gəlmişdir. Baş vermiş oğurluq nəticəsində ona 400 manat məbləğində maddi ziyan dəymiş, dəymiş zərər Şəxs tərəfindən ona ödənilmmişdir və sonuncudan şikayətçidir. Odur ki, məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxs Şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən təkər təmiri sexindən X3 məxsus “Samsung A7” markalı mobil telefonun oğurlanması nəticəsində sonuncuya 400 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2021-ci il tarixli, AZA 009381 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 12:00-da inzibati qaydada tutulmuşdur. Şəxs barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində X2 oğluna məxsus “Samsung A7” markalı mobil telefonun oğurlanmasına görə İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokollar əsaslıdır. Beləliklə, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2 (iki) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar