Məhkəmə qərarları › İş №3(001)-1338/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1338/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1338/2022 10.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş 13.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 11440.00 ABŞ dolları məbləğində vəsaiti bank hesabından 03.03.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il keçsə də, 11440.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 04.03.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində 13.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. Şəxs barəsində tərtib edilmiş protokol əsasızdır. Belə ki, Şəxs ilə «X1 X5.İnş.Taah.Plas.San,ve Tic.LTD.ÇTİ» şirkəti arasında 05.11.2019-cu il tarixli, 13/19 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Şəxs istər nağd qaydada istərsə də, nisyə məhsul almaq hüququ olmuşdur. Buna görə də, həmin şirkətə portağal sifariş verilmiş və sifariş verilmiş mallar Azərbaycan Respublikası ərazisinə daxil olmazdan bir gün qabaq, yəni 03.03.2020-ci il tarixdə "xxxx" QSC vasitəsi ilə «X1 X5.İnş.Taah.Plas.San,ve Tic.LTD.ÇTİ» şirkətinin hesabına məhsulun tam dəyəri, yəni 11440.00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Həmin məhsul 04.03.2020-ci il tarixdə Azərbaycan Respublikası gömrük ərazisinə daxil olmuş və tərəflərindən 04.03.2020-ci il tarixli **********0870 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmişdir. Lakin 04.03.2020-ci il tarixli **********0870 nömrəli gömrük bəyannaməsinin 20-ci qrafasında mexaniki səhvə yol verilərək 100 (qabaqcadan ödəniş edilmiş) kodu əvəzinə 120 (qabaqcadan ödəniş edilməmiş) kodu qeyd edilmişdir. Göründüyü kimi, gömrük bəyannaməsi tərtib edilən zaman mexaniki səhvə yol verilmişdir. Ona görə də, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 03.03.2020-ci il tarixli “Köçürmə ərizəsi”ndən görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-də olan hesabdan 11440.00 ABŞ dolları məbləğində pul vəsaiti «X1 X5.İnş.Taah.Plas.San,ve Tic.LTD.ÇTİ» şirkətinin hesabına köçürülmüşdür. "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş 09.03.2022-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 11440.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin cəmiyyət tərəfindən iki il müddət tamam olmasına baxmayaraq mallar ölkəyə idxal olunmamış, xidmətləri göstərilməmiş və qabaqcadan ödənilmiş məbləğləri geri qaytarılmamışdır. 05.11.2019-cu il tarixli, 13/19 nömrəli müqavilədən görünür ki, Sitrus Store» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə «X1 X5.İnş.Taah.Plas.San,ve Tic.LTD.ÇTİ» şirkəti arasında alğı-satqı müqaviləsi bağlanmışdır. 04.03.2020-ci il tarixli **********0870 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, 03.03.2020-ci il tarixdə Şəxs tərəfindən «X1 X5.İnş.Taah.Plas.San,ve Tic.LTD.ÇTİ» şirkətinin hesabına köçürülmüş 11440.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar 04.03.2020-ci il tarixdə ölkəyə idxal olunmuş, həmin gömrük bəyannaməsinin 20-ci qrafasında 120 kodu qeyd edilmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən "xxxx" QSC -də olan hesabdan köçürülmüş 11440.00 ABŞ dolları məbləğində olan vəsait hesabına alınan malları 04.03.2020-ci il tarixdə ölkəyə idxal etməklə, həmin mallara dair gömrük bəyannamələrini rəsmiləşdirilməsi üçün göndərmiş, lakin **********0870 sorğu nömrəli Gömrük bəyannaməsinin 20-ci qrafasında mexaniki səhvə yol verilərək 100 (qabaqcadan ödəniş edilmiş) kodu əvəzinə 120 (qabaqcadan ödəniş edilməmiş) kodu qeyd edilmişdir. Göründüyü kimi, Şəxs tərəfindən 03.03.2020-ci il tarixdə "xxxx" QSC-də olan hesabdan köçürülmüş 11440.00 ABŞ dolları məbləğində vəsait hesabına olan malları 04.03.2020-ci il tarixdə ölkəyə idxal etməklə, həmin mallara dair gömrük bəyannamələrini rəsmiləşdirilməsi üçün göndərmişdir. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş 13.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan halları, eləcə də **********0870 sorğu nömrəli Gömrük bəyannaməsində mexaniki səhvə yol verilməsi iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 13.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 13.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar