Məhkəmə qərarları › İş №3(001)-136/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-136/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-136/2023 01.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin böyük məsləhətçisi X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “İdrak” liseyində direktor vəzifəsində çalışır. Onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən MN ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında belə əsaslandırılmışdır ki, “İdrak” Liseyi ilə əvvələr liseydə işləmiş X5 arasında bağlanmış əmək müqaviləsi qanunvericiliyin tələbləri pozulmaqla Sürəyya Məmmədova əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə birtərəfli qayda xitam verilmişdir. Şikayətçi şikayət ərizəsi ilə bildirmək istəyir ki, X8 tərəfindən tərtib olunmuş MN ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tam əsassızdır və ləğv olunmalıdır. Belə ki, “İdrak” liseyində əvvələr fəaliyyət göstərmiş X5 ilə “İdrak” Liseyi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri gözlənilməklə tam əsaslı şəkildə xitam verilmişdir. Sürəyya Məmmədova xx.xx.2022-ci il tarixindən əmək müqaviləsinə xitam verilənədək liseyə heç bir məlumat vermədən işə gəlməmişdir. O, işə gəlməməsinin səbəbləri barədə izahat yazması üçün bir neçə dəfə yazılı və şifahi xəbərdarlıq olunsada bu heç bir nəticə verməmişdir. Daha sonra Sürəyya Məmmədova tərəfindən müəyyən tarixlərdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı arayışlar liseyə təqdim olunmuşdur. Qeyd olunan arayışlar xx.xx.2022-xx.xx.2022 tarixləri arasını və xx.xx.2022- xx.xx.2022-ci il tarixinədək nəzərdə tutulmuşdur. Lakin, o, xx.xx.2022-ci il tarixində və daha sonra xx.xx.2022-ci il tarixindən əmək müqaviləsinə xitam verilən tarixə qədər olan müddətdə işə gəlməməsi ilə bağlı heç bir arayış liseyə təqdim etməmişdir. Bundan başqa Sürəyya Məmmədovanın təqdim etdiyi əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı arayışların üzərində sonradan ağardıcı vasitəsi ilə düzəlişlər olunması qeyd olunan arayışların saxta olması ilə bağlı əsaslı şübhələr yaratmışdır. Əlavə olaraq, Sürəyya Məmmədova barəsində liseyin əməkdaşları və dərs dediyi siniflərin şagirdlərinin valideynləri tərəfindən dəfələrə liseyə şikayətlər olunmuşdur. Bunu liseyin əməkdaşları və valideynlər tərəfindən ünvanlanmış yazılı şikayətlər də təsdiq edir. X3 hərəkətləri nəticəsində liseyin valideynlər arasında işgüzar nüfuzuna xələl gətirməklə liseyin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Qeyd olunanlar liseyə əsas yaratmışdır ki, Sürəyya Məmmədova ilə bağlanmış əmək müqaviləsi vaxtından əvvəl birtərəfli qaydada xitam verilsin. Lakin, X8 qeyd edilən məqamları araşdırmadan, işə üzdən yanaşaraq əsassız şəkildə protokol tərtib etmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq barəsində tərtib olunmuş MN ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayət vermiş şəxsərəsmi qaydada məlumat verilsə də, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir, məhkəmə iclasının şikayət vermiş şəxsin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin böyük məsləhətçisi X7 şikayətin dəlillərinə münasibət bildirərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 şikayətin dəlillərini müdafiə edərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə əsassız şəkildə xitam verilmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bülletendə olduğu üçün işə gələ bilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə şikayət etmiş və sonuncu barəsində əsaslı olaraq X6 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 İXM-in 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, X6 İXM-in 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 1600(min altı yüz) manat məbləğində cərimə olunmuşdur. xx.xx.2022-ci il tarixli, 08/1984 nömrəli X2 ünvanlanmış xəbərdarlıqdan görünür ki, ondan xx.xx.2022-ci il tarixdə liseyin Bakı filialına gəlməyi, izahat yazmağı və xəstəliyi ilə bağlı arayış təqdim etməyi xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixli, 08/2014 nömrəli X2 ünvanlanmış xəbərdarlıqdan görünür ki, ondan xx.xx.2022-ci il tarixdə liseyin Bakı filialına gəlməyi, izahat yazmağı və tərtib olunmuş şikayət ərizələri və aktlarla tanış olmağı xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə onunla bağlanmış əmək müqaviləsinə qanunsuz xitam verilməsinə görə şikayət vermişdir. 02/153 nömrəli əmrdən görünür ki, “rus dili” müəllimi vəzifəsində işləyən X5 ilə bağlanmış 37DXBPD000300 nömrəli əmək müqaviləsinə “AR ƏM-in 70 nömrəli maddəsinin “ç” –işçi özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud da bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” bəndinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. SN 00007 seriyalı, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, X5 hipertoniya xəstəliyi ll dərəcəli diaqnozu ilə xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində işdən azad edilmişdir. Beləliklə, məhkəmə iclasında X1 şikayət ərizəsi iş materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, X5 həqiqətən 10 noyabr 2022-ci il tarixdən 02 dekabr 2022-ci il tarixinə qədər hipertoniya xəstəliyi İİ dərəcəli diaqnozu ilə əmək qabiliyyətini müvəqqəti olaraq itirmişdir. Lakin buna baxmayaraq işəgötürən tərəfindən işçinin əmək qabiliyyətini müvəqqəti itirməsinə baxmayaraq onunla bağlanılan əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X1 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, sözügedən qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X6 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin protokol əsasında qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar