Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1367/2025 07.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X3, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, "xxxx" MMC-də işləyən, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən 03 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1570/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 14:00-dan bazar günü saat 11:00-dək gecə qalmaq şərti ilə, “Yeni il”, “Novruz”, “Ramazan”, “Zəfər” və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” bayram günləri iki gündən artıq davam edərsə, bayram gününün birinci günü saat 14:00-dan ikinci günü saat 12:00-dək, orta məktəbdə tətil günləri iki gündən artıq davam edərsə iki gün gecə qalmaq şərti ilə ananın iştirakı olmadan görüş vaxtı müəyyən edilmişdir. İcra vərəqəsi xx.xx.2024-cü ildə Səbail rayon İcra şöbəsinə daxil olmuş və icraata qəbul edilmişdir. Borclu Şəxs icra sənədi üzrə icraata başlama haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada verilmişdir. Sonradan icra işi borclu Şəxs yaşayış yeri üzrə Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Bir neçə dəfə azyaşlı uşaqların ataları ilə görüşü təşkil edilsə də, sonradan Şəxs uşaqların ataları ilə görüşmək istəmədiklərini, gecə atanın evində qalmaq istəmədiklərini bildirmişdir. Bundan sonra özü də azyaşlı uşaqlarla söhbət etmiş, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra edilməli olduğu üçün borclu Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, icraata başlama haqqında qərarı və tələbin könüllü icrası üçün bildirişi almışdır. Azyaşlı uşaqları əvvəllər ataları ilə görüşsələr də, Zərərçəkmiş şəxs uşaqlara psixoloji təsir və təzyiq göstəmiş, uşaqları ona qarşı yönəltmiş, ikinci dəfə ailə qyrduğu qadına ana demələrini uşaqlardan tələb etmişdir. Bu səbəbdən uşaqlar artıq ataları ilə görüşmək istəmədiklərini, gecələr darıxdıqlarını, bəzən isə ağladıqlarını ona bildirmişlər. O, uşaqların ataları ilə görüşmələrinə qarşı deyil, lakin uşaqların gecə atanın yanında qalmaları uşaqların mənafeyinə uyğun gəlmir, uşaqlar özləri bunu istəmirlər. Bu səbəbdən icra tədbirləri baş tutmur. Odur ki, bu məsələdə təqsiri olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs məhkəmədə izahatında bildirdikləri doğru deyil. Azyaşlı uşaqlarına heç bir psixoloji təsir və təzyiq göstərməmiş, uşaqları analarına qarşı qoymamışdır. Əksinə Şəxs uşaqları öyrədərək onunla görüşdən yayındırır. Odur ki, borclu Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X3 iştirakı ilə fikri dinlənilmiş xx.xx.2016-cı il təvəllüdlü X6 bildirmişdir ki, atası ilə görüşmək və gecə atasının yanında qalmaq istəmir. Məhkəmədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X3 iştirakı ilə fikri dinlənilmiş xx.xx.2016-cı il təvəllüdlü X5 bildirmişdir ki, atası ilə görüşmək və gecə atasının yanında qalmaq istəmir. Məhkəmədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X7 bildirmişdir ki, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 ilə söhbəti zamanı belə bir nəticəyə gəlmişdir ki, uşaqlara anaları və ya sonuncunun birgə yaşadığı ailə üzvləri tərəfindən ataları ilə görüşdən yayınmaq kimi təsir edilmiş və bu təsir azyaşlı uşaqların ataları ilə görüşdən imtina etmələrinə səbəb olmuşdur. Belə ki, uşaqlarda həm atalarına, həm də analarına bağlılıq vardır. Bu bağlılıq ataya nisbətən, anaya daha çoxdur. Uşaqlar ataları ilə görüşmək istəmədiklərini bildirsələr də, bunun səbəblərini izah edə bilmirlər. Hiss olunur ki, ana uşaqlara ata ilə görüşün deyərsə, uşaqlar ataları ilə görüşə gedərlər. Bu da onu göstərir ki, uşaqlara anaları və ya sonuncunun birgə yaşadığı ailə üzvləri tərəfindən ataları ilə görüşdən yayınmaq kimi təsir edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun, tələbkarın və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını, məsləhətçi-psixoloqun rəyini dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1570/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 14:00-dan bazar günü saat 11:00-dək gecə qalmaq şərti ilə, “Yeni il”, “Novruz”, “Ramazan”, “Zəfər” və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” bayram günləri iki gündən artıq davam edərsə, bayram gününün birinci günü saat 14:00-dan ikinci günü saat 12:00-dək, orta məktəbdə tətil günləri iki gündən artıq davam edərsə iki gün gecə qalmaq şərti ilə ananın iştirakı olmadan görüş vaxtı müəyyən edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1570/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1570/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İşin qərarın təsviri hissəsində təsvir edilmiş hallarından görünür ki, azyaşlı uşaqların ataları ilə görüşünə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. İcra sənədinin verildiyi vaxtdan keçən bir ildən artıq müddətdə qətnamənin icrası ilə bağlı ciddi problem yaranmamışdır. Borclu bildirir ki, azyaşlı uşaqlar ataları ilə görüşmək və gecə onun yanında qalmaq istəmirlər. Tələbkar isə bildirir ki, azyaşlı uşaqlar onunla görüşmək və gecə onun yanında qalmaq istəyirlər, lakin anaları (borclu) onlara təsir etdiyi üçün bunu edə bilmirlər. Məhkəmədə fikri dinlənilmiş azyaşlı uşaqlar ataları ilə görüşmək istəmədiklərini və gecə onun yanında qalmaq istəmədiklərini bildirsələr də, bunun səbəbini izah edə bilməmişlər. İşə mütəxəssis kimi cəlb edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X7 bildirmişdir ki, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 ilə söhbəti zamanı belə bir nəticəyə gəlmişdir ki, uşaqlara anaları və ya sonuncunun birgə yaşadığı ailə üzvləri tərəfindən ataları ilə görüşdən yayınmaq kimi təsir edilmiş və bu təsir azyaşlı uşaqların ataları ilə görüşdən imtina etmələrinə səbəb olmuşdur. Borclu Şəxs uşaqların gecə atalarının yanında qalmasının onların mənafeyinə uyğun olmadığını bildirsə də, məhkəmə qeyd edir ki, uşaqlarla onlardan ayrı yaşayan valideynin ünsiyyəti davam edən münasibətlərdir və zaman keçdikcə bu münasibətlərdə dəyişiklik ola bilər. Lakin borclu Şəxs bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli və əvvəllər müəyyən edilmiş ünsiyyət qaydalarının hazırda uşaqların mənafeyinə uyğunluğu məsələsinin yoxlanılmasını tələb etməlidir. Borclu Şəxs isə belə bir tələblə məhkəməyə müraciət etməmiş, əksinə uşaqlara ataları ilə görüşməkdən yayınma şəklində təsir edərək, nəticədə azyaşlı uşaqların ataları ilə görüşdən imtina etmələrinə səbəb olmuş, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına maneçilik yaratmışdır. Ona görə də məhkəmə hesab edir ki, borclunun barəsində təsir tədbirləri görülməlidir. Çünki, icra sənədinin icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin real müdafiəsi müddətini uzadır, digər tərəfdən isə ata ilə uşaqları arasında olan ailə bağlarının zəifləməsinə səbəb olur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə görə himayəsində on dörd yaşınadək uşağı olan qadınlar barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Şəxs inzibati cərimə növündə tənbeh edilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV
Məhkəmə qərarları › İş №3(001)-1367/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1367/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver