Məhkəmə qərarları › İş №3(001)-1375/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1375/2022

13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1375/2022 13.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 24.04.2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 24.04.2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunamsını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23.04.2022-ci il tarixdə saat 12:50-də etibarnamə əsasında idarə etdiyi **-MN-*** d.q.n., “Hundai Sonata” markalı avtomobillə Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yol kənarında dayandığıma görə Bakı Nəqliyyat Agentliyinin ******* saylı elektron protokolu əsasında həmin tarixdə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə cərimə edilməsi barədə eyni nömrəli elektron qərar çıxarılmışdır. Barəsində çıxarılmış elektron qərarı əsassız, sübutsuz və qanunsuz hesab edərək 25.04.2022-ci il tarixdə həm poçt vasitəsi ilə, həm də elektron qaydada BNA-nə şikayət göndərərək orada qeyd etdiyi əsaslara görə qərarın ləğv edilməsini, əks halda məhkəməyə müraciət etmək üçün qərarın rəsmi təqdim edilməsini xahiş etmişdir. 29.04.2022-ci il tarixdə elektron ünvanına BNA tərəfindən məktub, qərar və fotoşəkil göndərilmişdir. BNA-nın şöbə müdiri məktubunda şikayətdəki dəlillərin həqiqətə uyğun olmadığını əsaslandırmağa çalışmışdır. Məktubda göstərilir ki, guya yolun həmin hissəsi parklanma üçün nəzərdə tutulmamış, eyni zamanda avtomobilinin yolun kəsişən hərəkət hissəsindən guya 5 metrdən az məsafədə dayanmaqla hərəkət iştirakçılarına əhəmiyyətli dərəcədə maneə yaradır. Eyni zamanda məktubda İXM-in 122, 124.5 və 124.6-cı maddələrində istinad edilir. Lakin BNA, məktubunda qeyd etdiyi hallarla öz qanunsuz hərəkətlərinə haqq qazandırmaqla yanaşı Qanunun müddəalarını tam şərh etmir, istinad etdiyi maddələri özünə sərf etdiyi qaydada təhrif edir, yəni maddələrdə qeyd edilənləri tam göstərməmişdir. Əslində isə yolun həmin hissəsində dayanma-durmanı qadağan edən hər hansı bir yol nişanı yoxdur, avtomobil yolun kəsişmə hissəsindən kifayət qədər aralı və birinci cərgədə dayanmaqla nəqliyyatın hərəkətinə heç bir maneçiliyi yoxdur, ümumiyyətlə avtomobilin yolların kəsişmə hissəsindən həqiqətən məhz 5 metrdən az məsafədə dayanması ilə bağlı kamera vasitəsi ilə BNA tərəfindən necə ölçü aparması başa düşülməzdir. Hər hansı bir avtomobilin dayanma-durma qaydalarını həqiqətən də pozmasını Qanuni yolla sübut etmək üçün BNA və ya DYP əməkdaşları tərəfindən fakt yerində aşkar edilməli, avtomobilin həqiqətən qanunsuz yerdə dayanmasını sübut etmək üçün qeyd etdiyim qurumların əməkdaşları tərəfindən avtomobil bir neçə istiqamətlərdən, həmçinin yan şüşələrinin qaldırılmış görüntüsü ilə yanaşı mütləq salonunda hər hansı bir şəxsin olmadığını əks etdirən fotolar və ya video görüntü xüsusi planşet vasitəsi ilə çəkilməklə qəbul edilməlidir (dayanma-durmanı qadağan edən nişan, ikinci sırada dayanma, digər avtomobillərdən fərqli park edilmə, piyadalar üçün nəzərdə tutulan zolaqların üzərində dayanma və s.). Lakin, BNA otaqlarında kameralara baxıb monitor arxasından protokol tərtib edib qərar çıxarmaq qanunsuzdur. Dayanma-durma qaydasının pozulması ilə bağlı İXM-in 346.1, 346.2 maddələri üzrə xətanın olmasına dair cərimə yalnız bilavasitə yerində, yəni BNA və ya DYP əməkdaşlarına verilmiş planşet vasitəsi ilə avtomobilin foto, video görüntüsü çəkilməklə müəyyən edilməli, xəta edilməsini sübut etmək üçün sürücünün avtomobildə və ya onun yanında olmadığına səlahiyyətli şəxs əmin olmalıdır. Dayanma-durma qaydasının pozulması ilə bağlı hazırkı vəziyyətdə barəsində qanunazidd əldə edilmiş sübutdan istifadə edildiyindən İXM-nin 346.1-ci maddəsi ilə çıxarılmış qərar Qanuni sayıla bilməz. BNA-a öz məktubunda İXM-nin 124.5 və 124.6 maddələrin məzmununu qismən şərh etmişdir. Məlum olur ki, BNA-nin səlahiyyətli şəxsi yuxarıda qeyd edilən maddələrin yalnız özünə sərf (lazım olan) etdiyi hissəsinə istinad edib “xəta” ilə bağlı mötəbər və təkzibedilməz sübutu olmadığından vəziyyətdən çıxış yolu kimi həmin maddələri tam şərh etməməkdə görmüşdür. İstər internet resurslarında, KİVdə, sosial şəbəkələrdəki hüquqşünasların şərhləri və hüquqla bağlı saytlarda avtomobilin dayanma-durma qaydasını pozması halları BNA tərəfindən elektron qaydada, yəni yollarda quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmasının qanunsuz olması ilə bağlı hüquqşünasların əsaslı fikirləri və müsahibələri ilə bir daha öz təsdiqini tapmış olur. Hesab edir ki, İXM-in 53.1.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadığından və eyni zamanda İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirililiyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Ona görə də, Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 23.04.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 24.04.2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 24.04.2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 23.04.2022-ci il tarixdə saat 12:50:49-da Binəqədi rayonu, Atatürk prosepekti – S.Bəhlulzadə küçəsində “Hyundai Sonata” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı Nəqliyyat Agentliyinin 29.04.2022-ci il tarixli məktubundan görünür ki, X1 Bakı Nəqliyyat Agentliyinə ünvanladığı müraciətə əsasən səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma nəticəsində X1 23.04.2022-ci il tarixdə saat 12:50:49-da “Hyundai Sonata” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobili saxladığı Atatürk prosepekti – S.Bəhlulzadə küçəsindəki ərazinin parklanma üçün nəzərdə tutulmadığı və nəqliyyat vasitəsinin kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda saxlanılmasının digər hərəkət iştirakçılarının hərəkətinə əhəmiyyətli dərəcədə maneə yaratmsı müəyyən edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və ona əlavə edilmiş iş materiallarını bir-biri ilə əhatəli şəkildə araşdıraraq hesab edir ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X1 müraciətindən və məhkəmədə müraciəti ilə eyni məzmunda bildirdiyi izahatından barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilməməsi, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş qərar üzrə toplanmış sübutların qanunsuz olması, eləcə də avtomobili saxladığı ərazinin digər iştirakçılara maneə yaratmadığı və həmin yerdə avtomobili saxlamasının qanunsuz olmaması müəyyən edilmişdir. Lakin məhkəmədə toplanmış sübutlarla X1 göstərdiyi xüsusatlar təkzib edilmişdir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edilməlidir ki, X2 müraciətində onun inzibati məsuliyyətə cəlb edildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə başlanmış icraatın həmin Məcəllənin 122-ci maddəsinin tələblərinə əsasən aparılmalı olmasını bildirsə də, qanunvericilik qeyd olunan maddə ilə olan icraatın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinin tələbləri nəzərə alınmaqla aparılmalı olmasını müəyyən etmişdir. Bu isə X2 barəsində aparılan icraatın qanunvericiliyin tələblərinə uyğun şəkildə aparıldığını, yəni inzibati xətanın xüsusi texniki vasitədən istifadə etməklə aşkar edildiyini göstərir. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 52-ci maddəsinin 4-cü hissəsinin 6-cı bəndinə əsasən, 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlığında dayanmanı qadağan edir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş portal çıxarışından əldə edilmiş fotoşəkillərdən X1 23.04.2022-ci il tarixdə saat 12:50:49-da “Hyundai Sonata” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobili hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlığında saxlamasını göstərir. Göründüyü kimi, X2 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi, eləcə də aparılmış inzibati xəta haqqında iş üzrə icraatın qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmaması barədə müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsaslıdır və bu barədə 24.04.2022-ci il tarixli, BNA ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 24.04.2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 24.04.2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar