Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1380/2024 13.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəis müavini X4 iştirakı ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi NRFTDA-nın NRFN şöbəsinin Tibb müəssisələrinə nəzarət sektoru tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X10 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi NRFTDA-nın NRFN şöbəsinin Tibb müəssisələrinə nəzarət sektoru tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə FHN Nüvə və X1 Dövlət Agentliyi (NRFTDA)-nin NRFN şöbəsinin tibb müəssisələrinə nəzarət sektorunun müdiri X7 tərəfindən protokol tərtib edilmişdir. Protokolda qeyd olunmuşdur kİ, "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdə keçirilmiş planlı yoxlama zamanı müəyyən olunmuşdur ki, X3 (İŞM) ilə iş zamanı radiasiya təhlükəsizliyi təmin edilmir, xüsusi icazə yoxdur və bununla AR Prezidentinin xx.xx.1998 tarixli 758 n-1 fərmanın 3-cü bəndinin tələbi pozulmuşdur. Sözügedən protokol əsasında FHN NRFTDA rəis müavini X11 - .xx.xx.2024cü il tarixdə qərar qəbul edərək İXM-nin 268.0.1-ci maddəsinidə nəzərdə tutulan inzibati xətanı törədilməsinə görə İXM-nin 114-cü və 115-ci maddəsini rəhbər tutaraq vəzifəli şəxs qismində onu 2500 (iki min beş yüz) manat məbləğində cərimə etmişdir. Anaoloji yoxlamalar 2017; 2018; 2019-cu illərdə də aparılmış və həmin dövrdə də müəssisədə bir ədəd rentgen aparatı olmuşdur. Lakin 2020-ci ildə "xxxx" MMC-nin direktoru Həsənova Zümrüd işləyən vaxt FHN əməkdaşları ona iki ədəd rentgen aparatı olmasına qol çəkdirərək rentgen aparatının birinin yararsız olması barədə akt təqdim edəcəklərinə söz vermişlər. Əslində isə "xxxx" MMC-də cəmi bir ədəd “SHİMADZU ACTENO C-arm” mobil rentgen aparatı olmuşdur və cavabdeh tərəfindən olmayan iki rentgen aparatına “ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radioloji-gigiyenik pasportu imzalanmışdır. Cavabdeh yalnız 2020-ci ildə keçirilmiş yoxlamanın nəticələrini əlavə etmişdir ki, həmin ildə iki rentgen aparatından söhbət gedir. Əgər cavabdehdən digər illərin yoxlamaları tələb edilərsə həqiqət ortaya çıxar və müəssisədə iki ədəd rentgen aparatı olmadığı öz təsdiqini tapar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X2 məhkəməyə dəftərxana vasitəsi ilə ərizə ilə müraciət edərək 28 fevral 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının 5 gün müddətinə təxirə salınmasını xahiş etmişdir. Şikayətçi tərəfindən verilmiş ərizə təmin edilmiş, məhkəmə iclası təxirə salınmışdır. Lakin, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq X2 məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəis müavini X5 şikayətin dəlillərinə etiraz edərək bildirmişdir ki,15 yanvar 2024-cü il tarixli qərara əsasən "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdən 25 yanvar 2024-cü il tarixə qədər planlı yoxlama aparılmış, yoxlama tədbiri həyata keçirilən zaman müəssisədə ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün xüsusi icazə və radioloji-gigiyenik pasport olmaması müəyyən olunmuşdur. Həmin pozuntunun aradan qaldırılması nəzərdə tutulan müddətdə aradan qaldırılmadığı üçün vəzifəli şəxsə bildiriş göndərilərək işin baxılmasında iştirak etməsi üçün Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinə dəvət olunmuşdur. Şikayət vermiş şəxs inzibati tənbeh vermə haqqında qərarın məzmunu ilə də tanış olaraq, cəriməni qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Şikayət ərizəsində şikayətçi tərəfindən qeyd edilən rentgen aparatının sayına münasibətdə isə bildirir ki, rentgen aparatının sayından aslı olmayaraq bunun üçün tələb olunan radiasiya təhlükəsizliyi normalarına riayət edilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi NRFTDA-nın Yoxlama tədbirlərinin nəticələri üzrə QN-24/015 nömrəli 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, 7 gün ərzində aşkar olunmuş pozuntuların aradan qaldırılması təmin edilmiş və pozuntuların aradan qaldırılması üçün görülməli tədbirlər kimi aşağıdakılar göstrilmişdir:
1. İonlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün Xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir
2. Müəssisə radioloji-gigiyenik pasport üçün NRFTDA-nə müraciət etməlidir. xx.xx.2024-cü il tarixli P-24/015 nömrəli yoxlama aktından görünür ki, İonlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün Xüsusi icazə və müəssisənin radioloji-gigiyenik pasportu yoxdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vəzifəli şəxs X10 İXM-in 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vəzifəli şəxs X10 İXM-in 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 2500 manat cərimə edilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənədləri verilmiş şikayətin dəlilləri ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, X10 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X6 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi NRFTDA-nın NRFN şöbəsinin Tibb müəssisələrinə nəzarət sektoru tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, sözügedən qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X10 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. X6 mübahisələndirdiyi barəsində səlahiyyətli orqan tərəfindən tətbiq edilmiş inzibati tənbeh tədbirinə həddinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1998-ci il tarixli Fərmanının 3-cü bəndinə əsasən “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” xx.xx.1997ci il tarixli Qanununun 10-cu maddəsində göstərilən ionlaşdırıcı mənbələrdən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 aprel tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş "İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən xüsusi icazə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra - ərizəçilər) bu Qaydaların 1.1-ci bəndində göstərilən fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən “Xüsusi icazə” almaq üçün ərizəçi Fövqəladə Hallar Nazirliyinə 2-ci bənddə sadalanan zəruri məlumatları təqdim etməlidir. Həmçinin 2.1.5-ci hissədə radioaktiv maddələrin hasilatı, istehsal, emalı və həmin maddələrdən istifadə ilə əlaqədar iş yerlərinin, radioaktiv maddələrin, radioaktiv mənbəli avadanlıq və cihazların saxlanması üçün binalar, məntəqə və anbarların fiziki mühafizəsinin təşkil edilməsi haqqında arayış və bu sahədə cavabdeh olan şəxs (şəxslər) haqqında məlumatı da təqdim etməlidir. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən Radiasiya təhlükəsizliyinin təmin olunmasında tələbləri yerinə yetirməyən və ya pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülki-hüquqi və cinayət məsuliyyətinə cəlb olunurlar. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlarda, habelə radiasiya nəzarəti aparılan ərazilərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərini həyata keçirir, onların effektivliyinin qiymətləndirilməsi (sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) işini aparır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0-cı maddəsinə əsasən Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni: 268.0.1. ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə- fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, vəzifəli şəxs X6 əməlində həqiqətən də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmuşdur və beləliklə onun həmin maddə ilə 2500 manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi NRFTDA-nın NRFN şöbəsinin Tibb müəssisələrinə nəzarət sektorunun MN ******* saylı 02 fevral 2024cü il tarixli inzibati xəta haqqında qərarı qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi NRFTDA-nın NRFN şöbəsinin Tibb müəssisələrinə nəzarət sektoru tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X10 tərəfindən verilmiş şikayət təmin edilməməli, inzibati cərimənin tətbiq edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
X10 tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi NRFTDA-nın NRFN şöbəsinin Tibb müəssisələrinə nəzarət sektoru tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aynurə Sadıqova