Məhkəmə qərarları › İş №3(001)-1390/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1390/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1390/2025 04.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, DSK-4 yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X5 tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 04 mart 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, 27 fevral 2025-ci il tarixdə, saat 11:30 radələrində Binəqədi rayonu, metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında Şəxs “Ravon” markalı avtomobildən sürücü X2 məxsus 360 manat dəyərində “Redmi Note 14” markalı mobil telefonu oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 bildirdi ki, vətəndaş X4 01 mart 2025-ci il tarixdə DİN-in 102 xidmətinə və 5-ci PB-yə ərizə ilə müraciət edərək, 27 fevral 2025-ci il tarixdə özünə məxsus “Redmi Note 14” markalı mobil telefonun naməlum şəraitdə naməlum şəxs tərəfindən oğurlandığını aşkar etdiyini bildirmişdir. Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən qəbul edilmiş 02 mart 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar əsasında cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxsin tapılaraq İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Araşdırma zamanı Ruslan Cəfərova məxsus mobil telefonun Şəxs olduğu aşkar edilmiş, Şəxs 02 mart 2025-ci il tarixdə inzibati qaydada tutulmuş və barəsində hazırki protokol tərtib edilmişdir. Sonda A.N.Musayev qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buxardığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahatında göstərdi ki, Şəxs onun faktiki ailə münasibətlərində yaşadığı şəxsdir. Əslində oğurlanması barədə polisə məlumat verdiyi telefonu o, kreditlə alaraq istifadə etməsi üçün Aidəgülə vermişdir. Aidəgüllə aralarında kiçik mübahisə olmuş, bu səbəbdən Aidəgül evi tərk etmişdir. Bir neçə gün ərzində Aidəgüldən xəbər almadığından və Aidəgül onun telefon zənglərinə cavab vermədiyindən, narahat olmuş və Aidəgülü tapmaq məqsədilə polisə məlumat vermişdir ki, guya Aidəgül onun telefonunu oğurlamışdır. Fikirləşmişdir ki, polis telefonun anten dairəsini müəyyənləşdirməklə Aidəgülü tuta bilər. Aidəgül onun telefonunu oğurlamamış, hadisə izahatında verdiyi kimi olmuşdur. Hazırda Aidəgüllə barışmışlar, ondan hər hansı şikayəti yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, 27 fevral 2025-ci il tarixdə, saat 11 radələrində faktiki ailə münasibətlərində yaşadığı X4 ilə arasında mübahisə olmuş və o, uşaq evində olan övladının yanına getmişdir. Ruslanla mübahisə etdiyinə görə onun telefon zənglərinə cavab verməmişdir. Oğurlandığı iddia olunan telefonu Ruslan kreditlə alaraq istifadə etməsi üçün ona vermişdir. Ruslan bir neçə gün ondan xəbər ala bilmədiyindən, onun tapılması üçün polisə guya telefonun oğurlanması barədə məlumat vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin: - 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. - 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, Şəxs X2 aid mobil telefonu oğurlaması müəyyən edilmədiyindən, inzibati xəta hadisəsinin olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Həmçinin, Şəxs 02 mart 2025-ci il tarixdən, saat 14:06-dan inzibati qaydada tutulduğundan, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-50, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 04 mart 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol əsasında başlanmış iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsi ilə, yəni inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar