Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-14/2025 07.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-də direkor vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 529.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar X2 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 17-5/2-55745/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Bununla da, Şəxs İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
2. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, ilk iclasda onun barəsində tərtib edilmiş protokolla özünü təqsirli bilməsə də sonradan X2 Xidmətində və özünün müraciət etdiyi hüquqşünas vasitəsilə ona məlum olmuşdur ki, o bu inzibati xətanı törətmiş və barəsində protokol düzgün tərtib edilmişdir. Ona görə də dərhal cəriməni ödəmiş və X2 Xidmətinin səlahiyyətli nümayəndəsinə və məhkəməyə təqdim etmişdir. Şəxs məhkəmədən baş verən anlaşılmazlığın üzürlü hesab edilməsini barəsində başlanılmış 529.1-1 maddə üzrə icraata xitam verilməsini xahiş etmişdir.
3. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X3 bildirmişdir ki, hal-hazırda Şəxs İXM-nin 192.3-cü maddəsi üzrə cərimə məbləğini tam ödəmişdir. Bununla bağlı ödəniş çekləri artıq səlahiyyətli orqana təqdim edilmişdir. Şəxs mövcud protokol üzrə cərimə tətbiq edilə biləcək səlahiyyətli şəxs ola bilməməsi iddiası olsa da sonradan X2 Xidmətində lazımı izahlar verilmiş, eyni zamanda şəxs özü də hüquqi yardım almaqla bu protokolun düzgün tərtib edildiyini başa düşmüşdür. X2 Xidmətinin məqsədi İXM-nin 192.3-cü maddəsi üzrə vətəndaşları və səlahiyyətli nümayəndələri məlumatlandırmaqdan ibarətdir. Mövcud vəziyyətdə qurum olaraq hesab edirik ki, tərəf hüquqlarını bilmədiyindən cərimə ödənişini gecikdirmiş, daha sonra öz ifadəsinə görə də inzibati xəta törətdiyini anlamış və onu ödəmişdir. Biz X2 Xidməti olaraq protokolu müdafiə etməkdən imtina edirik. Bu baxımdan hörmətli məhkəmə sizdən xahiş edirik ki, vətəndaş Şəxs barəsində başlanılmış 529.1-1 maddə üzrə icraata xitam verəsiniz. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:
4. X2 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-55745/2024 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Şəxs İXM-nin 192.3-cü maddəsi üzrə nəzərdə tutulmuş tədbirləri görməmişdir.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 529.1-1-ci maddəsi üzrə tənbeh tətbiq edilmişdir.
6. Ödəniş qəbzlərindən görünür ki, protokol üzrə cərimə məbləği və dəbbə pulu tam şəkildə ödənilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi
7. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
8. İXM-in 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri).
9. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenum Qərarı”nda göstərilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir. Lakin İXM-in 53-cü maddəsində nəzərdə tutulan bəzi halların müəyyən edilməsi yalnız inzibati xəta haqqında işə mahiyyəti üzrə baxıldıqda və müvafiq sübutlar qiymətləndirildikdən sonra mümkündür (məsələn 53.1.1, 53.1.2, 53.1.3-cü və s. maddələrdə göstərilən hallar).Burdan da belə qənaətə gəlmək olar ki, inzibati xətaya görə inzibat məsuliyyətin yaranıb-yaranmamasını, başlanmış icraata xitam verilməli halların olub-olmasını müəyyən etmək üçün məhkəmə sübutları qiymətləndirməklə yekun qənaətə gəlməlidir.
10. Sözü gedən Plenum qərarında o da qeyd edilir ki, inzibati Xətalar Məcəlləsinin qeyri-müəyyən, fərqli yanaşmalara səbəb olan normalarının onların konstitusiya hüquqi mənasına və hüquqi təyinatına uyğun şərhi vasitəsilə məzmununun birmənalı və aydın müəyyən edilməsi və vahid mövqeyin formalaşdırılması hüquq tətbiqedən orqanların fəaliyyətində qanunçuluq prinsipinin gözlənilməsinə imkan yaradaraq, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılmasına və son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ hissəsi ilə qorunan ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsinə xidmət edir.
11. İXM-in 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
12. Yuxarıda da qeyd edildiyi kimi İXM-in 529.1-1-ci maddə o vaxt tətbiq olunur ki, 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlər tətbiq edilməsin.
13. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
14. İXM-nin 10-cu maddəsi İnzibati xətaların qarşısının alınması prinsipi adlanır. Həmin maddə də qeyd edilir ki, dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər.
15. İXM-nin 114-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Məcəllə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi əsaslarından biri kimi İXM-nin 53-cü maddəsində nəzərdə tutulan halları sadalamışdır. İXM-nin 53.1.2-ci maddəsinə görə əməldə inzibati xəta tərkibi olmadıqda barəsində icraat aparılan şəxs inzibati məsuliyyətdən azad olunmalıdır.
16. Beləliklə məhkəmə İXM-nin prinsiplərini və məqsədini əldə rəhbər tutaraq hesab edir ki, Şəxs tərəfindən barəsində İXM 192.3-cü maddəsi üzrə tərtib edilmiş protokolla cərimə tam ödənildiyindən tənbeh tətbiq edən orqan öz məqsədinə tam nail olmuşdur.
17. Bununla da məhkəmə qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs ikinci əməlinə münasibətdə 529.1-1 maddə üzrə inzibati xəta tərkibi aradan qalxdığı üçün o, inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir.
18. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs cərimə borcunu tam olaraq ödədiyindən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova