Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-140/2025 07.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Məmmədov Əli İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X3 izahat verərək bildirmişdir ki, 04 yanvar 2025-ci il tarixdə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4 bölməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə bir nəfər şəxs OBA marketdən yağ oğurlamışdır. Müraciətlə bağlı bölmə tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət təkibi olmadığından cinayət işinin başlanması rədd edilərək əməli törətmiş şəxs barəsində İXMin 227-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq bölməyə gətirilmişdir. İş üzrə Şəxs izahatı alınmış və o, törətdiyi əməli etiraf etmişdir. Bundan sonra Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, qardaşı şəkər xəstəsidir. Oğurluğu da onun üçün törətmişdir. Onu mağazada oğurluq edərkən Umudlu Nihad tutmuş, dərhal da yağı təhvil vermişdir. Başqa oğurluq hərəkəti olmamışdır.
4. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixində işlədiyi OBA marketdən oğurluq edərkən Şəxs tutmuş, dərhal bu barədə polisə məlumat vermişdir. Umudlu Nihad ifadsəsinə onu da əlavə etdi ki, bir neçə müddətdir ki, işlədiyi mağazada yağ satılmadığı halda müəmmalı şəkildə yoxa çıxırdı. Sistemdə yoxladıqda məlum olurdu ki, yağ vitrindədir, amma yoxladıqda isə görürdük ki, yağ yoxdur. Bu hadisədən dərhal sonra təhlükəsizlik kamerasına baxdıq və Şəxs müxtəlif vaxtlarda eyni əməli törətdiyini aşkarladıq. Həmin videonu polisə də təqdim etmişik, hal-hazırda telefonundadır məhkəmə fasilə elan edərsə video materialı təqdim edə bilər. Umudli Nihad məhəkəməyə bildir ki, Şəxs müxtəlif vaxtlarda etdiyi oğurluq əməlinə görə marketə ümumilikdə 350 AZN ziyan dəymiş, hazırda ziyanla bağlı heç bir məbləğdə pul ödənilməmişdir və bu səbəbdən sonuncudan şikayətçidirlər. Ona görə də, məhkəmədən Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmiş, xx.xx.2025-ci il tarixdə saat 17:00-da inzibati tutmadan azad edilmişdir.
6. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, hadisə nəticəsində dəymiş maddi ziyan 350 manat olaraq müəyyən edilmişdir.
7. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, ərazisində yerləşən OBA marketdən 350 manat məbləğində oğurluq etməklə İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.
8. Şəxs 3 (009)-747/2024 nömrəli xx.xx.2024-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Qərarı ilə İXM-nin 206 və 227-ci maddələri üzrə təqsirli bilinərək 01 (bir) ay müddətinə barəsində inzibati həbs tətbiq edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi
9. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xəta məhkəmədə də öz təsdiqini tapmışdır. Şəxs oğurluq əməlini əvvəlcə dansa da, sonradan məhkəməyə təqdim edilmiş video materialla tanış olarkən videoda görünən oğurluq edən şəxsin özü olduğunu etiraf etmişdir. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən İXM-in 227-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirimişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.
10. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
11. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətaya münasibətdə bildirir ki, Şəxs məsuliyyətini ağırlaşdıran hal mövcuddur. Belə ki, Şəxs 3(009)-747/2024 nömrəli xx.xx.2024-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Qərarı ilə İXM-nin 206 və 227-ci maddələri üzrə təqsirli bilinərək 1 (bir) ay müddətinə barəsində inzibati həbs tətbiq edilmişdir.
12. İXM-nin 33.1.2-ci maddəsinə görə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar sırasına daxildir.
13. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair 08 iyun 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, 33.1.2 və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır.
14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətalar qanunvericiliyində müəyyən edilmiş bu qayda inzibati məsuliyyətə cəlbetmənin tərbiyəedici, xəbərdaredici məqsədlərinə nail olmağa yönəlmişdir. Belə ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin bu müddət ərzində təkrarən eyni pozuntunu törətməsi halı inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir və bu, hüquqpozuntusuna təkrarən yol vermiş şəxs üçün hüquqi xarakterli mənfi nəticələrə, yəni inzibati məsuliyyətin ağırlaşdırılmasına və daha ciddi inzibati tənbehin tətbiq olunmasına səbəb olur.
15. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Lakin onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrarən eyni xarakterli inzibati xəta törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır.
16. Məhkəmə, Şəxs şəxsiyyətinə münasibətdə isə onu bildirir ki, onun talamaya meyilli olması, xırda talamaya görə bir neçə dəfə barəsində inzibati tənbeh tətbiq edilməsi, törətdiyi inzibati xətanın xarakteri, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməməsi, barışıq əldə olunmaması, zərərçəkmiş şəxsin şikayətçi olması da nəzərə alınmalıdır. Bununla da məhəkəmə hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar.
17. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
18. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
19. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
20. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.
21. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
22. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.
23. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
24. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
25. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halın olmamasını və məsuliyyətini ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 07 yanvar 2025-ci il tarixdə saat 18:40-dan hesablanmalıdır.
26. Qeyd olunanları nəzərə alaraq və İXM-in 33, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2 (iki) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 07 yanvar 2025-ci il tarixdə saat 18:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova