Məhkəmə qərarları › İş №3(001)-1402/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1402/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1402/2024 20.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – (borclu) Şəxs, X1, İcra məmuru X5 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1260/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün hər ay 170 manat alimentin X4 xeyrinə tutulması qət edilmişdir. Bununla Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Binəqədi rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır. Borcu tam ödəyə bilmədiyini, hər ay mütəmadi aliment ödədiyini, həmin dövrdə cəzaçəkmə müəssisəsində olduğunu,qeyri rəsmi işlədiyini və başqa gəlir yerinin olmadığını bildirmişdir. Aylıq gəlirinin dəyişkən olduğunu, qalan alimenti ödəyəcəyini bildirmiş və barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru məhkəməyə verdiyi izahatında bildirmişdir ki, icra sənədi üzə ödənilməmiş 3100 manat aliment borcu vardır. Məhkəmə iclasında iştirak edən tələbkar X6 borc məbləğini tam şəkildə tələb etdiyini, alimenti tam ödəyə bilmirsə barəsində inzibati həbs seçilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1260/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2013-cü il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin X4 xeyrinə tutulması qət edilmişdir. İcra məmuru tərəfindən xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirimişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs tərəfindən ilk dəfə inzibati xəta törədilməsini onun əməlini yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, qüvvəyə minmiş məhkəmə qərarının icraya yönəldiyi vaxtdan bugünədək hərəkətsiz qalması, tələbkarın dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul tələbi əlaqədar olduğunu və borclunun ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq, hesab edir ki, şəxsin barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsinə lüzum yoxdur. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar