Məhkəmə qərarları › İş №3(001)-1404/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1404/2021

12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1404/2021 12.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi ilə “xxxx” QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə toplanmış materialın baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına “xxxx” QSC-nin İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Həmin inzibati xəta ilə bağlı toplanmış materiallardan görünür ki, inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları;.. Bundan başqa, inzibati xəta haqqında protokol tərtib edilərkən Cəmiyyətin nümayəndəsinin iştirakı təmin edilərək ona hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda heç bir qeyd aparılmamışdır. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Göründüyü kimi, qanunvericilik İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Bununla yanaşı, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin tərəfindən toplanmış iş materiallarına Cəmiyyətin səlahiyyətli nümayəndəsinin müəyyən edilmiş vaxtda şöbədə iştirak etməsi ilə əlaqədar bildiriş və şəxsə inzibati xəta haqqında protokolun surətinin göndərilməsi ilə bağlı məlumat əlavə edilsə də, iş materiallarında həmin bildirişin və inzibati xəta haqqında protokolun surətinin Cəmiyyətə göndərilməsini təsdiq edən heç bir sübut aşkar edilməmişdir. Bu da belə qənaətə gəlməyə əsas verir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin tərəfindən yuxarıda qeyd edilən tələblər qərəzli olaraq yerinə yetirilməyərək səlahiyyətli nümayəndənin iştirakı olmadan inzibati xəta haqqında iş üzrə natamam araşdırma aparılmış və inzibati xəta haqqında protokolun surəti şəxsə verilməmişdir. Bundan əlavə sorğunun çatdırılmasına dair xəbərnamə də düzgün doldurulmamışdır. Çünki poçt göndərişi fiziki şəxsə ünvanlanmamışdır. Əgər poçt göndərişi fiziki şəxsə ünvanlansaydı, onda xəbərnamədəki poçt sənədini qəbul etmə barədə “şəxsən” bölməsində sənədi qəbul edən həmin fiziki şəxs “soyadını yazmaqla” xəbərnaməni imzalamalı idi. Lakin göründüyü kimi poçt göndərişi hüquqi şəxsə ünvanlanmışdır. Onda xəbərnamədəki “etibarnamə ilə” bölməsində poçt göndərişini qəbul edən şəxs “soyadını”, “vəzifəsini” yazmaqla xəbərnaməni imzalamalı idi. Lakin iş materiallarındakı xəbərnamədə imza edən şəxs vəzifəsini və soyadını yazmamışdır. Bununla da poçt göndərişi İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmamış hesab edilir. Bununla da qeyri müəyyən poçt xəbərnaməsi ilə hüquqi şəxsin inzibati məsuliyyətə səbəb olan və səlahiyyətli orqanın sorğusunun qəbul edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İXM-nin 57-ci maddəsi ilə tənzimlənmişdir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İXM-nin 57.3-cü maddəsinə əsasən ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Bununla da, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini tələbləri pozulduğundan və təqdim edilmiş materiallar natamam olduğundan onu tərtib etmiş orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37 və 109 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “xxxx” QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılsın. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar