Məhkəmə qərarları › İş №3(001)-1413/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1413/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1413/2021 29.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X4 və onun nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, X4 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Binəqədi Rayon icra və Probasiya şöbəsinin əməkdaşı zəng edərək barəsində Binəqədi RPİ-nin 6-cı Polis Bölməsin rəisi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini, eləcə də həmin qərarla cərimə olunduğunu və bununla bağlı şöbəyə icra sənədinin daxil olması haqqında məlumat vermişdir. Cavabında onun belə qərar haqqında heç bir məlumatım olmadığını, həmin qərarın ona təqdim edilmədiyini bildirmişdir. İcra məmuru ona qərarı 6-cı Polis Bölməsinə müraciət edərək əldə edə biləcəyi haqqında izahat vermişdir. Həmçinin icra məmuru ona bildirmişdir ki, müəyyən müddət ərzində qərarı əldə edib şikayət verməyəcəyi təqdirdə icra sənədinin məcburi icra ediləcəkdir. Bundan sonra qeyd edilən qərarın təsdiq edilmiş surətini əldə etmək üçün ərizə ilə 6-cı Polis Bölməsinə müraciət etmiş, ərizəsinə cavab olaraq, xx.xx.2021-ci il tarixli 062-4697Ə-3221 nömrəli müşayiət məktubu ilə barəsində qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərar təqdim edilmişdir. Bundan bir neçə gün sonra həmin qərarın ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti müddətin bərpası barədə vəsatətin olmaması səbəbindən geri qaytarılmışdır. Belə ki, qərar ona təqdim edildikdən bir neçə gün sonra məhkəməyə müraciət etmişdir. Qeyd etdiyi kimi ona qərar xx.xx.20212-ci il tarixin təqdim edilmişdir. Hesab edir ki, həmin qərar heç bir əsası olmadan qanunsuz olaraq qəbul edilmişdir. Halbuki həmin qərar qəbul edilərkən onun heç bir məlumatı olmamış, o ərəfədə yeni COVİD 19 virusu nəticəsində tutulduğu xəstəlikdən müalicə olunduqdan sonra evə yazılmaqla, “Evdə qal” çağrışına riayət etmişdir. Sadəcə polis əməkdaşları Biləcəri şosesində ona məxsus tiklidə fəaliyyət göstərən ustaları yoxlamış, elə fərz etmişlər ki, bu obyekt ona məxsus olduğu üçün həmin obyektə sanitar epidemioloji vəziyyətə görə də o cavabdehdir. Ancaq həmin obyektdə müxtəlif şəxslər fəaliyyət göstərir. Tikinti özbaşına tikinti statusunda olduğu üçün orada işləyən sahibkarlara rəsmi notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi verə bilməmişdir. O səbəbdən obyekti orada fəaliyyət göstərən şəxslərə şifahi razılıq əsasında istifadəyə vermişdir. Göründüyü kimi, o, vəzifəli şəxs statusunda deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bu səbəbdən tərəfindən heç bir inzibati xəta törədilməsi iddia edilə bilməz. Məlumdur ki, xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş, xx xxxx 2020-ci il tarixli, № 142-VİQD nömrəli Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilmişdir: “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.” Normadan aydın olur ki, bu əməli fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər bilavasitə törətməlidirlər. Polis əməkdaşı yoxlama zamanı heç bir araşdırma aparmadan onun haqqında qanunsuz və əsasız protokol tərtib etmişdir. Tərəfindən heç bir inzibati xəta törədilməmişdir. Hesab edir ki, qərar qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının tələbləri pozulmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən inzibati qaydada tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 və onun nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 şikayəti müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən adsız avtotəmir sexində icazəsiz fəaliyyət göstərilməsinə sahibi kimi nəzarət etməyərək karantin qaydalarını pozmuşdur. X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2020-ci il tarixdə karantin rejimi qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, vəzifəli şəxs qismində 3000 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məktubundan görünür ki, X1 və ya digər vergi tutulan əməliyyatları xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılmışdır. Məhkəmə, şikayət vermiş şəxsin və onun nümayəndəsinin fikirlərini dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X6 barəsində Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmayaraq X4 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradan qərar qəbul edilmişdir. Çünki tərtib edilmiş inzibati xəta haqqında protokolda X4 Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən adsız avtotəmir sexində icazəsiz fəaliyyət göstərilməsinə sahibi kimi nəzarət etməyərək karantin qaydalarını pozması göstərilsə də, iş üzrə müəyyən edilmişdir ki, sonuncu tərəfindən həmin sexdə fəaliyyət göstərən şəxslərlə rəsmi qaydada heç bir müqavilə bağlanmamışdır. Bundan başqa müəyyən edilmişdir ki, X1 və ya digər vergi tutulan əməliyyatları xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılmışdır. Belə olan halda X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, vəzifəli şəxs qismində məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Bununla yanaşı qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X6 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X4 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X6 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar