Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1422/2023 05.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs vəkili Nümayəndə1, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda xx.xx.2023-cü il tarixində saat 15:56-da “Milenium” adlı obyektdə müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkili məhkəmə iclasında çıxış edərək və məhkəməyə ünvanladığı yazılı ərizəsində bildirmişdir ki, Reklam Agentliyinin tərtib etdiyi protokol qanunvericiliyin tələbinə əsasən düzgün tərtib edilməmiş və onlara heç bir xəbərdarlıq etmədən birbaşa protokol tərtib etməklə məhkəməyə təqdim etmişdir. Məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi agentliyin cəmiyyətə inzibati protokol tərtib etməsi üçün heç bir əsas olmamış və tərtib edilmiş protokol qanunverciliyin tələbinə zidd olduğu üçün hazırkı iş üzrə icraata xitam verilməlidir. İşin hallarından görünür ki, Bakı şəhəri Reklam idarəsi (tərəfindən "xxxx" İistehsalat Şirkətinə xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında Protokol tərtib edilmiş; protokolda AR İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi; bu faktın Protokola əlavə edilmiş 2 ədəd foto səkillərlə təsdiq olunması, sonra isə Şirkətin nümayəndəsinin soy adı, adı və ata adı göstərilmədən, nümayəndənin izahat və imzalar qrafasında imtina etdi və inzibati xəta haqqında is üzrə icraat üçün zəruri olan digər məlumatların olmaması göstərilmişdir. Protokol və 2 ədəd şəkildən başqa, Protokolda gstərilməyən aşağıdakı sənədlərin də idarə tərəfindən tərtib və təqdim olunduğu müəyyən olunmuşdur: Belə ki, xx.xx.2023-cü il tarixli Aktda göstərilmiş qanun pozuntularının aradan qaldırılması üçün 5 gün vaxt verilməsi və bu müddət ərzində pozuntular aradan qaldırılmadığı təqdirdə 1 iş günü ərzində Şirkət barədə Protokol tərtib ediləcəyi barədə, Şirkətə ünvanlanmış xx.xx.2023-cü il tarixli Göstəriş; və Göstərişin xx.xx.2023-cü il tarixdə alınmasına dair poçt qəbzi; həmin "Göstərişdə", Müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi barədə İdarə tərəfindən xx.xx.2023-CÜ il tarixli Aktın tərtib edilməsi qeyd olunsa da, Həmin Akt barəsində Protokolda hər hər hansı bir qeydin aparılması müəyyən olunmur. Eləcə də, həmin Aktın mövcud olub-olmaması da şübhəlidir. Çünki, həmin Akt Şirkətə və məhkəmə iş materiallarına təqdim olunmamışdır. Ümumiyyətlə həmin Aktın kimin tərəfindən və harada tərtib olunması barədə də hər hansı bir sənəd yoxdur. Digər tərəfdən, Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi xx.xx.1994-cü ii tarixli "X4 haqqında" Qərarına əsasən hər il Fevral ayının 26 günü matəm günü olaraq X4 kimi qəbul edildiyindən, Şirkətin fəaliyyət göstərdiyi Millenium şadlıq evi xx.xx.2023-cü İl tarixdə ümumiyyətlə işləməmişdir. Odur ki, həmin Akt mövcuddursa, sonradan İdarənin əməkdaşlarının təşəbbüsü ilə tərtib olunması və həmin Akta əsaslanmaqla "Göstəriş"in verilməsi və bundan sonra da qanunsuz və əsassız sənədlər əsasında, eləcə də özlərinin hüquqa zidd hərəkətlərini ört-basdır edilməsi ücün də Protokolun tərtib olunması istisna edilmir. xx.xx.2023-cü il tarixli Akt əgər tərtib olunubsa və Atkın tərtibatından 19 gün sonra Şirkətə xx.xx.2023-cü il tarixli "Göstəriş" təqdim olunmaqla, xətanın aradan qaldırılması üçün 5 gün və bundan sonra 1 gün ərzində Protokol tərtib olunacağı bildirilirsə, bu halda Protokol AR İXM-nin tələbinə aörə dərhal yazılmalı idi. Lakin protokol xx.xx.2023-cü il tarixdə tərtib olunması müəyyən edilir. Şirkətin idarəyə ünvanladığı açıq məkanda reklam yerləşdirilməsinə dair xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək icazə verilməsi barədə müraciəti; Həmin müraciətə idarənin daxilolma ştampında mart 2020-ci il tarixi qeyd olunmuşdur. 254 manat Dövlət rüsumunun ödənişi üçün xx.xx.2019-cu iİ tarixli Bildiriş. Qeyd. Dövlət rüsumu qrafasında dövrxx.xx.2019-xx.xx.2020, sənəd sayı və tərəf sayı 1, reklam sahəsi 25,40 kv.metr, eləcə də icazə sənədinin nömrəsi qeyd olunmuşdur. 2247,90 manat Yayım haqqının ödənişi ücün xx.xx.2019-cu il tarixii Hesab-fakturası; Qeyd, dövr qrafasında - xx.xx.2019-xx.xx.2020, sənəd sayı və tərəf sayı 1, reklam sahəsi 25,40 kv.metr. eləcə də icazə sənədinin nömrəsi qeyd olunmuşdur. Şirkətin hərəkətlərində AR İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün və bu maddənin tələbi əsasında Şirkətin təqsirliliyi məhkəmə iş materialları ilə sübuta yetirilmədiyindən inzibati xəta haqqında is üzrə başlanmış icraata xitam yerilməlidir. Hazırda təqdim olunan sənədlər əsasında Şirkət tərəfindən həmin xətaya yol verildiyi sübuta yetirilmir. Şirkətlə İdarə arasında xx.xx.2023cü il tarixli üzləşmə aktı tərtib edilmiş və həmin Akta əsasən xx.xx.2022-ci il tarixə reklam yayımı üzrə 1270 manat borcun olması müəyyən edilmişdir. Həmin Aktın tərtib olunma tarixinədək, yəni xx.xx.2023-cü il tarixədək icazəsiz ya qaydaları pozmaqla acıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilməmiş, yalnız borcun olması qeyd edilmişdir. Açıq-aşkardır ki, borcun olması faktı göstərilən inzibati xətanın tərkibini yarada bilməz, eləcə də onun tələblərinin pozulması kimi qəbul edlməsi yol yerilməzdir. Bundan başqa, Şirkət tərəfindən 2019-cu, 2020-ci, 2021-ci, 2022-ci illərin hesabat dövrləri ərzində, eləcə də hal-hazıradək İdarə ilə anlaşma şəraətində qarşılıqlı münasibətlər qurulmuşdur. Yalnız 2020-ci ilin mart ayından koronovirusla əlaqədar ictimai iaşə obyektlərinin uzun müddət işləməməsinə görə, süni surətdə borc məbləğinin yaradılması və reklam yazılarının ölçülərinin düzgün müəyyən olunmaması bağlı mübahisələr olmuş və qarşılıqlı razılaşma əsasında bütün məsələlər həllini tapmışdır. Protokol tərtib olunarkən Şirkətə məlumat verilməmiş və onun nümayəndəsindən xəbərsiz, eləcə də onun mövqeyi öyrənilmədən, hətta nümayəndənin soy adı, adı və ata adı barədə qeydlər aparılmadan protokol tərtib olunmuş və nəticə etibarı ilə protokolun surəti Şirkətə təqdim olunmamışdır. Qeyd olunan protokoldan da görünür ki, protokolun sonunda "Protokolun tərəfə göndərilməsinə dair" qrafaları boşdur və həmin qrafalarda hər hansı qeydlər aparılmamışdır. xx.xx.2023-cü il tarixi Ramazan (orucluq) gününə təsadüf edildiyindən, Şirkətin fəaliyyət göstərdiyi Millenium şadlıq evi həmin gün də daxil olmaqla Ramazan bayramı bitənədək ümumiyyətlə işləməmişdir. Bu da, eləcə də Protokolda Şirkətin nümayəndəsi barədə məlumatların göstərilməməsi belə bir nəticəyə gəlməyə əsas verir ki, Protokol ümumiyyətlə obyektdə deyil, başqa yerdə və Şirkətin əməkdaşlarına bildirilmədən, yəni onlardan xəbərsiz tərtib edilmişdir. Qeyd olunanlara əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəxs tərəfindən protokolda qeyd edilən inzibati xəta pozuntusu törədilmişdir. Bu səbəbdən barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «hüquqi şəxsin direktorunun və vəkilinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, müəyyən edilmiş fakt Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində göstərilən inzibati xətanın törətmədiyinə dəlalət edir. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın 3.6-cı bəndində isə açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanunun 3.2-ci maddəsinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
1. İş materiallarından göründüyü kimi, protokola əlavə edilmiş foto şəkilin kim tərəfindən, hansı tarix və saatda çəkilməsi müəyyən edilmir, buna dair hər hansı bir sübutu inzibati orqanın nümayəndəsi də təqdim edə bilməmişdir.
2. İnzibati orqanın əməkdaşları xx.xx.2023-cü il tarixdə Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair akt tərtib etmiş, həmin aktda 7 ədəd 15 kv.m ölçüdə reklam daşıyıcı aşkar edildiyi qeyd edilmişdir. Həmin aktda adminstrator X2 aktı imzalamaqdan imtina etməsi qeyd edilsə də həmin gün qeyri-iş günü olmuş və adı çəkilən şəxsin həqiqədən həmin ünvanda olub-olmadığını müəyyən etmək mümkün olmamışdır.
3. İnzibati xəta hadisəsi xx.xx.2023-cü il tarixdə müəyyən edilsə də inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir.
4. İnzibati orqanın yoxlayıcı əməkdaşları sahibkarlıq subyektində yoxlama aparmaq üçün inzibati orqanın qərarı olmadan, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədən qanunsuz yoxlama aparmışdırlar. İnzibati orqanın nümayəndəsi əməkdaşlarının fəaliyyətinin yoxlama fəaliyyəti olmadığını, onların sadəcə açıq hava məkanında sahibkarlıq subyektinə daxil olmadan inzibati xəta hadisəsini müəyyən edərək qərar qəbul etdiklərini desə də onların fəaliyyətinin sahibkarlıq sahəsində aparılan yoxlamalara aid olmadığını sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, açıq məkanda kənardan inzibati xəta hisəsinin törədilməsi müşahidə edilsə belə inzibati orqanın əməkdaşları sahibkarı bu barədə xəbərdar etməli, müvafiq araşdırma aparmalı, müəyyən etdiyi halın inzibati xəta hadisəsi olub-olmadığını müəyyən etmək üçün zərurət olduğu halda sahibkarlıq subyektinə də daxil olmalıdır. Əks halda inzibati orqan əsassız aktlarla nəinki öz iş yükünü, həmçinin sahibkarların iş fəaliyyətini də pozmuş olar. Belə ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanunun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.2-ci maddəsinə gör bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Həmin Qanunun 2.2-1-ci maddəsinə görəbu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Həmin Qanunun 2.3-cü bəndinə görə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Yuxarıda qeyd edilən normativ hüquqi aktda sahibkarlıq sahəsində aparılan yoxlamalara şamil edilməyən yoxlamaların dairəsi müəyyən edilmişdir. Göründüyü kimi Bakı şəhər Reklam İdarəsinin əməkdaşlarının apardıqları yoxlamanın sahibkarlıq subyektində aparılan yoxlamalara aid olmadığı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:
Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Aygün Qurbanova