Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1423/2022 10.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4cü maddəsi ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 30856,40 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 30856,40 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 18 mart 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X3 bildirmişdir ki, cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Çünki cəmiyyət tərəfindən 30856,40 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Malların idxal edilməsi **********6808 bömrəli gömrük bəyannaməsi ilə təsdiq olunur. Bundan başqa, 21 fevral 2020-ci il tarixdə Qida Təhlükəsizliyi tərəfindən yoxlanma aparılmış və müsbət rəy verilmişdir. Bütün bunlar onu göstərir ki, Şəxs 30856,40 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabına alınan malların ölkəyə idxal edildiyini və cəmiyyətin əməlində inzibati xəta tətkibinin olmadığını süt edir. Ona görə də, məhkəmədən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, həmin tarixdə Şəxs tərəfindən «ASB» Bankda olan hesabdan 30856,40 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2019-cu il tarixli, 3 nömrəli kontrakt əsasında “MEİSTER İC VE DİS TİCARET GİDA SANAYİ LTD STİ” şirkətinin hesabına köçürülmüşdür. «ASB» Bank tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs tərəfindən 30856,40 ABŞ dolları məbləğində olan vəsait bank hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin 30856,40 ABŞ dolları dəyərində olan mallar ölkəyə idxal olunmamış, xidmətlər göstərilməmiş və valyuta vəsaiti geri qayıtmamışdır. xx.xx.2020-ci il tarixli X1 OT seriyalı, 4691/20 nömrəli məktubundan görünür ki, Şəxs tərəfindən “MEİSTER İC VE DİS TİCARET GİDA SANAYİ LTD STİ” şirkətindən xx.xx.2019-cu il tarixli, 2 nömrəli alqı-satqı müqaviləsi əsasında alınan malların Azərbaycan respublikasına idxalına etiraz etməmişdir. Sertifikat xx.xx.2019-cu il tarixli, 2 nömrəli kontraktla gətirilmiş mallar üçün qüvvədə olmuşdur. **********6808 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən “MEİSTER İC VE DİS TİCARET GİDA SANAYİ LTD STİ” şirkətindən xx.xx.2019-cu il tarixli, 2 nömrəli alqı-satqı müqaviləsi əsasında alınan 30856,40 ABŞ dolları dəyərində olan mallar ölkəyə idxal edilmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs 30856,40 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2020-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və 30856,40 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Həmçinin məhkəmə, Şəxs nümayəndəsi X2 məhkəmə iclasında cəmiyyətin əməlində inzbiti xəta tərkibinin olmaması, cəmiyyətin xx.xx.2020-ci il tarixdə bank vasitəsilə 30856,40 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin verilməsi ilə bağlı göstərdiyi xüsusatlara münasibətdə qeyd etməyi zəruri hesb edir ki, nümayəndə tərəfindən məhkəmədə səsləndirilən fikirlər və sübut qismində təqdim edilmiş sənədlər Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın olmasını istisna etmir. Belə ki, «ASB» Bankda olan hesabdan 30856,40 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2019-cu il tarixli, 3 nömrəli kontrakt əsasında “MEİSTER İC VE DİS TİCARET GİDA SANAYİ LTD STİ” şirkətinin hesabına köçürülmüş olsa da, təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Şəxs tərəfindən ölkəyə idxal edilmiş mallar xx.xx.2019-cu il tarixli, 2 nömrəli alqı-satqı müqaviləsi əsasında 30856,40 ABŞ dolları məbləğində pul vəsaiti hesabına “MEİSTER İC VE DİS TİCARET GİDA SANAYİ LTD STİ” şirkətindən alınmış mallardır. Göründüyü kimi, Şəxs 30856,40 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2019cu il tarixli, 3 nömrəli kontrakt əsasında “MEİSTER İC VE DİS TİCARET GİDA SANAYİ LTD STİ” şirkətidən alınmış malların ölkəyə idxalını təsdiq edən heç bir sübut məhkəməyə tədim olunmamışdır. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXMin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı tərtməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 30856,40 (otuz min səkkiz yüz əlli altı dollar qırx sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında olan 6171,28 (altı min yüz yetmiş bir dollar iyirmi səkkiz sent) ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları – 1,7 manat) 10491,17 (on min dörd yüz doxsan bir manat on yeddi qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-1423/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1423/2022
10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver