Məhkəmə qərarları › İş №3(001)-1423/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1423/2024

22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1423/2024 22.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Kürdəmir rayonu, Karrar kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Hökməli qəsəbəsi yeni yaşayış sahəsində fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 21 fevral 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Binəqədi rayonu M.S.Ordubadi küçəsində “Mercedes minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili nömrə nişanları və buferi olmadan idarə edərkən Binəqədi RPİ DYPŞ-in inspektoru tərəfindən ona saxla işarəsi verilmiş, avtomobili dayandırdıqdan sonra ona yaxınlaşıb nəqliyyat vasitəsini cərimə duracağına apararkən hərəkətdə olan avtomobildən özünü yerə atıb həmin avtomobili yandıracağını deyib ictimai qaydanın mühafizə vəzifələrini icra etmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, avtomobili cərimə meydançasına aparmağa maneçilik törədib tabesizlik göstərmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in polis sahə rəisi, polis mayoru X2 tərəfindən 21 fevral 2024-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək, protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 21 fevral 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Binəqədi rayonu M.S.Ordubadi küçəsində “Mercedes minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili nömrə nişanları və buferi olmadan idarə edərkən Binəqədi RPİ DYPŞ-in inspektoru tərəfindən ona saxla işarəsi vermişdir. Avtomobili dayandırmış, inspektor qayda pozuntusunu ona izah etmiş, sonra isə avtomobilə əyləşərək cərimə duracağına doğru sürmüşdür. Əsəbi olduğu üçün aşağı sürətlə hərəkət edən avtomobilin qapısını açaraq yerə düşmüş, avtomobilin yanacaq çəninin qapağını açaraq avtomobili yandırmaq istəmişdir. Polis əməkdaşları onu intizamlı olmağa dəvət etsələr də, onlara tabe olmamış, avtomobili cərimə meydançasına aparmağa maneçilik törətmişdir. Əməlindən peşmandır. Məhkəmədə şahid qismində izahat vermiş X4 izahatında bildirmişdir ki, Binəqədi RPİ DYPŞ-də inspektor vəzifəsində işləyir. 21 fevral 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Binəqədi rayonu M.S.Ordubadi küçəsində xidmət apararkən sürücünün “Mercedes minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili nömrə nişanları və buferi olmadan idarə etdiyini görüb ona saxla işarəsi vermişdir. Sürücü avtomobili dayandırdıqdan sonra ona yaxınlaşıb qayda pozuntusunu izah etmişdir. Sonra nəqliyyat vasitəsini cərimə duracağına apararkən sürücü hərəkətdə olan avtomobildən özünü yerə atıb həmin avtomobili yandıracağını deyib qanuni tələblərinə qəsdən tabe olmamış, avtomobili cərimə meydançasına aparmağa maneçilik törədib tabesizlik göstərmişdir. Bu barədə raportla şöbə rəhbərliyinə müraciət edərək onun barəsində tədbir görülməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ DYPŞ-in inspektoru X4 tərəfindən Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in rəisinə yazılmış Raportdan görünür ki, Şəxs 21 fevral 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Binəqədi rayonu M.S.Ordubadi küçəsində “Mercedes minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili nömrə nişanları və buferi olmadan idarə edərkən Binəqədi RPİ DYPŞ-in inspektoru tərəfindən ona saxla işarəsi verilmiş, avtomobili dayandırdıqdan sonra ona yaxınlaşıb nəqliyyat vasitəsini cərimə duracağına apararkən hərəkətdə olan avtomobildən özünü yerə atıb həmin avtomobili yandıracağını deyib ictimai qaydanın mühafizə vəzifələrini icra etmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, avtomobili cərimə meydançasına aparmağa maneçilik törədib tabesizlik göstərmişdir. İnzibati qaydada tutma haqqında AZA seriyalı № 000012 saylı 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:10-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında MN seriyalı № ******* saylı 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Polis haqqında” qanunun 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin qanunun ikinci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. Eyni qanunun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İctimai qaydanı pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi qismən öz izahatı ilə yanaşı, şahidin ifadəsi, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Barəsində icraat aparılan şəxs Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının icrası onun üçün məcburi olan qanuni tələblərinə qəsdən tabe olmamış, bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi müəyyən edir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. İctimai yerdə, heç bir əsaslı səbəb olmadan, ətrafdakı insanlarda həyəcan yaranmasına səbəb olmaqla mübahisə yaradıb ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarına qarşı tabesizlik göstərmiş şəxsin cərimə növündə tənbeh edilməsi insanlarda mənfi emosiyalar doğurur və belə əməli törətmiş şəxsləri qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və onlar tərəfindən yenidən eyni xarakterli inzibati xəta törədilməsinin qarşısını almaq işinə mənfi təsir edir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh yuxarı həddə təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 19:10-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar