Məhkəmə qərarları › İş №3(001)-1424/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1424/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1424/2024 06.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19439669 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19439669 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə etməklə, onun məzmununa uyğun çıxış edib, əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19439669 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikasının İXM-in 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) manat cərimə edilmişdir. Halbuki, qayda “pozuntusunun” qeydə alındığı yer 3.27 yol yol nişanın qüvvədə olduğu yerdən xeyli kənardadır. Fotoşəkillərdən göründüyü kimi 3.27 yol nişanın quraşdırıldığı yer birinci yolayrıcına qədər qüvvədədir, nişanın altında lövhəcik olmadığına görə onun təsir qüvvəsi yerləşdiyi ərazi ilə məhdudlaşır. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsi və nümayəndəni dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X2 tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19439669 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Mercedes Benz C200” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikasının İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilməsi barədə qərar qəbul etmişdir ondan ötrü ki, sonuncu xx.xx.2024-cü ildə Bakı, Azadlıq pr., Əcəmi Naxçıvani 3066 ünvanda dayanma və ya durma qaydalarını pozmuşdur. “Yol hərəkəti haqqında” qanunun 64-cü maddəsinin 8-ci hissəsinin 3-cü bəndinə əsasən 3.27-3.30 nişanları üçün onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27- 3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir. X2 tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, “Mercedes Benz C200” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin park edildiyi yerdə 3.27 nişanı 7.2.3 lövhəciyi ilə təkrarən qoyulmamış, 7.2.2 lövhəciyi, habelə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə tətbiq edilməmişdir. Belə olan halda aydın olur ki, həmin ərazidə qoyulmuş 3.27 nişanın qüvvəsi birinci yolayrıcına qədər qüvvədədir və nişanın altında lövhəcik olmadığına görə onun təsir qüvvəsi yerləşdiyi ərazi ilə məhdudlaşmaqla “Mercedes Benz C200” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin park edildiyi yeri əhatə etmir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması X1 hüquqlarının pozulmasına və qanunvericiliyin tələblərinə riayət olunmadan araşdırma aparılmasına dəlalət edir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bütün bunlar onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19439669 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası DİN Baş Dövlət Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19439669 nömrəli inzibati tənbeh vermə haqqında qərar (X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat cərimə edilməsi barədə) ləğv edilsin. İnzibati xəta haqqında iş baxılması üçün yuxarı səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar