Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1425/2023 25.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, Novruzova Cəmilə Davud qızının katibliyi, X7 və vəkili Vəkil iştirakları ilə, X1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə və şikayətçinin məhkəmə iclasında verdiyi izahatında şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Səhiyyə Nazirliyi Analitik X3 Nəzarət Şöbəsinin mütəxəssisi Aqşin Salmanov tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsinə nəzərdə tutulmuş İnzibati xətanı törətdiyinə görə, MN ******* saylı protokola əsasən 5000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilib. xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İ.M-yan DVX-nın Bakı şəhəri KSİBİ-nin nümayəndələrinin xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Müşfıqabad qəsəbəsi, İzlinoy küçəsindəki “Gülin Studia” adlı obyektdə keçirdikləri yoxlama zamanı onun guya lisenziya olmadan özəl tibbi fəaliyyəti ilə yani lazer epilyasiya ilə məşğul olduğunu aşkar etmişlər. O, kosmetoloqdur və həmin mütəxəssislər obyektdə yoxlama zamanı onlar tərəfdən hər hansı bir tibbi fəaliyyətlə məşğul olmalarız aşkar edilməmişdir. İ.M-yan DVX-nm Bakı şəhəri KSİBİ-nin nümayəndələrinin qeyd edilən gözəllik salonunda yoxlama aparan zamanı heç bir tibbi fəaliyyət ilə məşğul olunmadığı halda, güya lazer aparatı ilə fəaliyyət göstərdiklərini müəyyən etmişlər. Bundan sonra yoxlamanı aparan Aqşin Salmanov adlı həmin şəxs iş yoldaşının vergi ödəyicisi olmadığını bildikdən sonra, onu vəzifəli şəxs kimi cərimə edə bilməyəcəyindən onlara qorxu gələrək ona cərimə yazdılar. Halbuki, inzibati qərarda həmin obyektin lisenziya olmadan özəli tibb fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Ona heçnə demədən bildirdilər ki, o barədə protokol tərtib edirik və siz imzalamalısınız. Akt tərtib edildi və onun xəbəri olmadan imza etmədən protokollaşdırıldı. Lakin heç bir protokol və yaxud qərar ona təqdim olunmayıb. 2023-cü ilin fevralın 16-sı yaşadığı ünvana məktub gələndən sonra o, başa düşdü ki, Səhiyyə Nazirliyi tərəfindən cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə Səhiyyə Nazirliyi Analitik X3 Nəzarət Şöbəsinin mütəxəssisi Aqşin Salmanov tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır və bu səbəbdən ləğv edilməlidir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin vəkili məhkəmə iclasında şikayətdə qeyd edilənləri bir daha təsdiqləyərək inzibati tənbeh haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahatında bildirmişdir ki, o X7 ilə birlikdə gözəllik salonununu şərikli formada idarə edir. Həmin salonda lazer aparatını o işlədir və bu barədə hətta sertifikatı da mövcuddur. Günel Səfərovaya deyil, lazer aparatı məhz ona məxsusdur. Yoxlayıcı orqanın nümayəndələrinə həmin vaxt desələr də onlar buna əhəmiyyət verməyərək protokolu aidiyyəti olmayan şəxs barəsində tərtib etmişdirlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərara əsasən X7 İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat cərimə edilmişdir. Qərara əsasən xx.xx.2022-ci il tarixdə saat 15:50-də Bakı şəhəri, Binəqədi rayonu, Müşviqabad qəsəbəsi, İzlivnoy küçəsində yerləşən “Gülin Studia” adlı obyektdə X7 tərəfindən lisenziya olmadan özəl tibbi fəaliyyət göstərilməsi faktı aşkar olunmuşdur. İş üzrə müəyyən edilir və tərtib edilmiş protokoldan da görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Müşviqabad qəsəbəsi, İzlivnoy küçəsində yerləşən “Gülin Studia” adlı obyektdə yoxlama aparılmışdır. Adından da görünür ki, həmin obyekt “Gülin Studia”dır. Yoxlamanı həyata keçirmiş şəxs həmin gün qeyd edilən ünvanda konkret hər hansı bir şəxsin kosmetoloji xidmətdən istifadə etdiyi, lazer epilyasiya elətdirdiyini müəyyən edən faktı protokollaşdırmamış, aktlaşdırmamışdır. Digər tərəfdən obyektdə işləyən şəxslərin şəxsiyyəti, lazer aparatının kimə məxsus olması dəqiq müəyyən edilməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər içərisində həmin gün qeyd edilən obyektdə kosmetoloji xidmətdən istifadə edən və ya lazer epilyasiyası elətdirən hər hansı bir şəxsin adı, soyadı qeyd edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, aydınlıq gətirilməmiş qeyd edilən ziddiyyətli məqamlarla şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Yaranmış şübhələr və ziddiyyətlər hər bir halda İXM-in 8-ci maddəsinə əsasən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmçinin məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, göstərilən inzibati xətanın X5 tərəfindən törədilməsinə dair kifayət qədər sübut toplanılmamışdır. Hüquqi şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Fiziki şəxsin təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* saylı xx.xx.2021-ci il nömrəli qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması və yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* saylı xx.xx.2021-ci il nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-1425/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1425/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver