Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1425/2025 15.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X13 Xidmətinin Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi X3, şikayət vermiş şəxs “SİMPLE B” şirkətinin baş direktoru X4 etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, “SİMPLE B” şirkətinin baş direktoru X4 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. “SİMPLE B” şirkətinin baş direktoru X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 900 (doqquz yüz) manat məbləğdə cərimə olunması barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının ifadələri:
2. Məhkəmə iclasında X4 etibarnamə üzrə nümayəndəsi Vəkil verilmiş şikayəti onunla əsaslandırmışdır ki, müfəttişlik tərəfindən araşdırma tam aparılmamışdır. Belə ki, onlar iddia etdikləri kimi araşdırma aparmaq məqsədilə şirkətdən zəruri sənədlər istəsələr də sonradan şirkətin direktoru tərəfindən göndərilən tabeli saxtalaşdırmışlar. Məqsəd cərimə tətbiq etmək və onun qüvvədə qalmasını təmin etmək olmuşdur. Buna görə də elə həmin şikayət edən X5 yalandan tərtib etdiyi tabeli götürərək şirkətin göndərdiyi sənədlərə qoşma kimi əlavə etmişlər. O tabelin möhürü yoxdur, amma məhkəməyə təqdim etdiyimiz tabellərdə möhür vardır. Möhürü olmayan sənəd rəsmi hesab edilə bilməz. X1 əməlində inzibati xəta tərkibinin olmasını sübuta yetirə bilməmişdir. Məhkəmədən qeyd edilən xüsusatları nəzərə alaraq qərarı ləğv etməsini xahiş edirik.
3. Qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X13 Xidmətinin Bakı şəhər İdarəsi səlahiyyətli nümayəndəsi X9 məhkəmə iclas zalında çıxış edərək ittihamların əsassız olduğunu, rəsmi və səlahiyyətli qurumun hansısa şirkəti cərimələməkdə məqsədi olmadığını bildirərək, məhkəmənin diqqətini təqdim edilən sənədlərə çəkmişdir. Nümayəndə bildirmişdir ki, “SİMPLE B” şirkəti barəsində hal-hazırda digər işçilər tərəfindən verilən şikayətlər əmək müfəttişliyində araşdırılır. Şikayətlər eyni məzmunludur. İş saatından artıq işlərə cəlb etmə və buna görə haqq ödəməmə, əlavə işlərə cəlb etmə və yenə haqq ödəməmə. Nümunə olaraq digər işçi X6 da şikayətini məhkəməyə təqdim etdiklərini bildirən nümayəndə həmin şikayətə də aparılan araşdırma zamanı şirkət tərəfindən tabelin möhürsüz direktorun müşaiət məktubuna qoşma şəklində əlavə edildiyini bildirmişdir. Məktubun özünə direktor tərəfindən qol çəkilmiş və qoşma kimi 15 sənəd əlavə edilmişdir Nümayəndə bildirmişdir ki, müfəttişlik X5 şikayətini araşdırarkən votchap yazışmalarını əldə etsə də bu yazışmaları şikayətçinin özü təqdim etdiyi üçün ona sübut kimi istinad etməmişdir. Buna baxmayaraq direktorun təqdim etdiyi sənəddə X5 əmək müqaviləsi üzrə 6 günlük iş rejimində işləməli olması nəzərdə tutulsa da müəyyən edildi ki, o, 8 noyabr Zəfər günü- bayram günündən əvvəlki gün qısaldılmış işgünü olduğundan 5 saat işləməli olsa da 7 saat işləmiş və buna görə əlavə haqq almamışdır. Bu hal şirkətin özü tərəfindən təqdim edilmiş tabeldə də öz əksini tapmışdır. Odur ki, məhkəmədən şikayət əsassız olduğundan həmin şikayətin rədd edilməsini və qərarın qüvvədə saxlanılmasını xahiş edirik. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 bayramqabağı işgünlərində iş vaxtının müddətinin qısadılmasına baxamayaraq əlavə iş saatına görə əlavə haqq ödənilməmişdir.
5. xx.xx.2025-ci il tarixli 3-17-5/2-13295/2025 nömrəli məktubdan görünür ki, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 900 (doqquz yüz) manat məbləğdə cərimə olunması barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tanışlıq üçün göndərilmişdir. 6.Tərəflər arasında bağlanan əmək müqaviləsinə görə X2 mağazasında mağaza müdiri vəzifəsinə işə götürülmüş və həftədə 1 dəfə istirahət günü verilməklə, 6 günlük iş rejimi müəyyən edilmişdir. Əmək müqaviləsinin 4.4-cü bəndinə görə əlavə iş saatlarına görə ƏM-də nəzərdə tutulandan əlavə əmək haqqı verilməsi nəzərdə tutulur.
7. xx.xx.2024-cü il tarixli, 2**-İR-***4 nömrəli əmrdən görünür ki, X5 əmək müqaviləsinə xx.xx.2024-ci il tarixindən xitam verilmişdir.
8. xx.xx.2024-cü il tarixli “SİMPLE B” şirkətinin baş direktoru X10 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanan məktubuna əsasən müəyyən edilir ki, müfəttişlik tərəfindən tələb edilən 15 sənəd qoşma kimi məktuba əlavə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi
9. Məhkəmə, proses iştirakçılarını dinləyib iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki “SİMPLE B” şirkətinin baş direktoru X10 tərəfindən İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, ona əlavə edilmiş digər sübutlarla, eləcə də məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 192.4-cü maddəsi ilə tövsif edilmişdir.
10. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən işçinin əsas hüquqlarından biri də minimum əmək haqqı miqdarından az olmayan əmək haqqı almaq və iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etməkdir.
13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş dedikdə işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi başa düşülür.
15. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-cü bəndinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində ödənilməlidir.
16. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmişdir ki, işçi X7 iş günü hesab edilməyən bayram günündən əvvəl qısadılmış iş saatı tətbiq edilməli olduğu halda tam iş saatında işlədilmiş və buna görə ona əlavə əmək haqqı ödənilməmişdir. Qeyd edilən hal, işəgötürən X10 tərəfindən əmək müfəttişliyinə göndərilən sənədlərdə də öz təsdiqini tapmışdır. Məhkəmə “SİMPLE B” şirkətinin baş direktoru X4 etibarnamə üzrə nümayəndəsi Vəkil təqdim etdiyi sübutlara münasibətdə bildirmək istəyir ki, həmin sənədlərdə şirkətin möhürü olsa da özünün etiraf etdiyi kimi bu tabellər sonradan möhürlənərək məhkəməyə təqdim edilmişdir. Belə ki, məhkəmə iclas zalında ona verilən “nə üçün üç ayın tabeli bir vərəqdə tərtib edilmişdir?” sualına nümayəndə cavab olaraq bildirmişdir ki, bütün tabellər elektron bazada yerləşir, biz məhkəməyə təqdim etmək üçün şikayətçi X7 münasibətdə tabelləri mübahisəli aylar üzrə bir vərəqdə toplamışıq. Buradan belə qənaətə gəlmək olur ki, təqdim edilən tabellər ilkin variant olmamaqla sonradan şirkət tərəfindən elektron bazadan çıxarılaraq möhürlənmiş və məhkəməyə təqdim edilmişdir. Qeyd edilən hal isə təqdim edilən sübutun mötəbərli olmamasına əsaslanmağa imkan verir. Nümayəndə Vəkil əmək müfəttişliyi tərəfindən möhürlü tabellərin dəyişdirilərək möhürsüz variantda saxta tabellər təqdim etməsi iddiasına münasibətdə isə bildirmək istəyir ki, digər işçi X6 şikayəti üzrə də “SİMPLE B” şirkətinin baş direktoru X10 tərəfindən imzalanaraq əlavə edilmiş sənədlərdə də tabellər imzasız formada əmək müfəttişliyinə təqdim edilmişdir. Qeyd edilən sənədə baxış keçirərkən Vəkil həmin tabelin doğruluğunu təsdiqləməsi isə digər şikayətçi X7 münasibətdə eyni qaydada tərtib edilərək göndərilən sənədi qəbul etməməsinin səbəbini anlaşılmaz etməklə məhkəmədə səmimi olmadığını göstərir. Bundan başqa nümayəndə məhkəmə iclas zalında bildirmişdir ki, müfəttişlik şirkətin təqdim etdiyi tabeli şikayətçinin göndərdiyi saxta tabellə əvəz etmişdir. Lakin məhkəməyə təqdim edilən sənədlərdən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli, 2**-İR- ***4 nömrəli əmrlə X5 əmək müqaviləsinə xx.xx.2024-ci il tarixindən xitam verilmişdir. “SİMPLE B” şirkətinin baş direktoru X10 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə isə sənədlər xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Bu isə irəli sürülən arqumentin əsassız olduğunu göstərir. Məhkəmə “SİMPLE B” şirkətinin baş direktoru X4 etibarnamə üzrə nümayəndəsi Vəkil əmək müfəttişliyinin onlara qərəzli münasibət göstərməsinə münasibətdə isə bildirmək istəyir ki, “SİMPLE B” şirkətinin direktoru X10 İXM-in 192.4-cü maddəsi ilə 900 (doqquz yüz) manat məbləğində cərimələnmişdir. Halbuki həmin maddənin sanksiyasında qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilirlər.
17. Beləliklə, məhkəmə hesab edir ki, “SİMPLE B” şirkətinin direktoru X10 tərəfindən verilmiş şikayətdə göstərilən xüsusatlar inzibati tənbehdən yaxa qurtarmaq məqsədi daşıyır və təqsirsiz olmasına dair qeyd olunan hallar məhkəmədə toplanmış sübutlarla təkzib edilmişdir. Odur ki, “SİMPLE B” şirkətinin direktoru X4 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.
18. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
19. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik törətmiş) şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
20. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
21. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
22. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
24. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.
25. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.
26. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən “SİMPLE B” şirkətinin baş direktoru X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.
27. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
“SİMPLE B” şirkətinin baş direktoru X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova