Məhkəmə qərarları › İş №3(001)-1426/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1426/2021

28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1426/2021 28.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2, “xxxx” MMC-nin vəkili X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-370/2019 saylı 20.07.2019-cu il tarixli icra sənədinə əsasən “xxxx” MMC-nin 744504,94 ABŞ dolları və 30 manat borcun ödənilməsini təmin etməyərək tələbkar LPO “xxxx” ASC-yə zərər vurmuşdur. Borclu həmin borcu ödəməkdən yayınır. Qeyd olunanlara əsasən icra məmuru X1 Hidayət Yaqub oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X5 məhkəmə prosesində verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyi üçün barəsində protokol tərtib olunduğunu, onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin vəkili X6 MMC-nin barəsində məhkəmənin qərarı olduğundan xəbərləri olmadığını, məhkəmə qərarı barədə icra məmuru tərəfindən məlumatlı olduqdan sonra Bakı Kommersiya Məhkəməsinə prosessual müddətin bərpa edilməsi barədə müraciət etmişlər və Bakı Kommersiya Məhkəməsi tərəfindən müddət bərpa edilərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildiyini bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında “xxxx” MMC-nin vəkili X6 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-370/2019 saylı, 16.04.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, “xxxx” MMC-dən 01 iyun 2006-cı il tarixli 18E saylı kredit müqaviləsi üzrə yaranmış 280 000 (iki yüz səksən min) ABŞ dolları məbləğində əsas borc, 41 004,94 (qırx bir min dörd dollar 94 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə 423 500 (dörd yüz iyirmi üç min beş yüz) ABŞ dolları olmaqla, cəmi 744 504,94 (yeddi yüz qırx dörd min beş yüz dörd dollar 94 sent) ABŞ dolları məbləğində kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu LPO “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 09.09.2019-cu il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün “xxxx” MMC-yə bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barələrində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-370/2019 saylı, 26.04.2020-ci il tarixli qərarından görünür ki, “xxxx” MMC-nin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2-2(81)-370/2019 saylı qiyabi qətnaməsindən apellyasiya şikayətinin verilmə müddəti bərpa edilməsi və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdırıb proses iştirakçılarını dinləyib, bu qənaətə gəlir ki, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. Belə ki, iş materialları məhkəmə tərəfindən araşdırılarkən müəyyən olunmuşdur ki, “xxxx” MMC-nin inzibati məsuliyyətə cəlb olunmasına əsas olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-370/2019 saylı, 16.04.2019-cu il tarixli qiyabi qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası təmin edilərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hal-hazırda 20.07.2019-cu il tarixli icra sənədinin heç bir hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş 11.02.2021-ci il tarixli, MN №0390532 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar