Məhkəmə qərarları › İş №3(001)-1429/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1429/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1429/2025 04.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 65, 16 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X10 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 16(001)-451/2024 nömrəli icra vərəqəsinə əsasən mülki iş üzrə qətnamə çıxarılanadək cavabdeh Şəxs xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(001)-451/2024 nömrəli icra sənədi üzrə Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş, lakin Şəxs aliment borcunu ödəmədiyinə görə 800 manat borcu qalmışdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyi üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərardadına əsasən uşaqları X1 və X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cəmi 400 manat sabit pul məbləğində alimentin ondan tutulub X5 verilməsi qərara alınmışdır. O, heç bir yerdə işləmədiyinə görə aliment ödəyə bilməmiş və 800 manat aliment borcu yığılmışdır. O, heç vaxt aliment borcunu ödəməkdən qəsdən yayınmamışdır. O, yığılmış aliment borcunu qısa müddətdə ödəyəcəkdir. Hal-hazırda yığılmış aliment borcunu tam ödəməyə maddi imkanı yoxdur. Ona görə də qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmdə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(001)- 451/2024 nömrəli icra sənədindən görünür ki, mülki iş üzrə qətnamə çıxarılanadək cavabdeh Şəxs xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(001)- 451/2024 nömrəli icra sənədi üzrə yaranmış 800 manat aliment borcunu ödəməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1191/2022 nömrəli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-337/2022 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, iddiaçı Şəxs ilə cavabdeh X4 birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X6 atası X3 alınaraq anası Şəxs himayəsinə verilməsi, cavabdeh X3 iddiaçı Şəxs xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X6 atasının himayəsindən alınaraq anasının himayəsinə verildiyi gündən hesablanmaqla hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamədən cavabdeh X7 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-337/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1191/2022 nömrəli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-337/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 471/2023 nömrəli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1191/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(001)-451/2024 nömrəli icra sənədi üzrə Şəxs borcu üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs aliment borcunu ödəməkdən boyun qaçırmadığını, hal hazırda işsiz olduğu üçün borcun yığıldığını bildirmişdir. Həmçinin Şəxs məhkəmədə yığılmış aliment borcunu ödəyəcəyini bildirmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar